Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

Birinci bölmə. Ümumi qaydalar

Birinci fəsil. Əsas qaydalar

Maddə 1. Mülki mühakimə üsulu haqqında qanunvericilik

Azərbaycan Respublikasının bütün məhkəmələrində mülki işlər üzrə icraat qaydası Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi və ona müvafiq olaraq verilən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir.

Mülki mühakimə üsulu haqqında qanunvericilik mülki, ailə, əmək və kolxoz hüquq münasibətlərindən əmələ gələn mübahisələr üzrə işlərə, inzibati hüquq münasibətlərindən əmələ gələn işlərə və xüsusi icraat işlərinə baxma qaydasını müəyyən edir. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlərə və xüsusi icraat işlərinə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ayrı-ayrı hallardan başqa, ümumi mühakimə icraatı qaydalarına əsasən baxılır.

Mülki işlər üzrə icraat işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər edilən və ya məhkəmə qətnaməsi icra edilən zaman qüvvədə olan mülki-prosessual qanunlar üzrə aparılır (34).

Maddə 2. Mülki mühakimə üsulunun vəzifələri

Mülki mühakimə üsulunun vəzifələri Azərbaycan Respublikasının ictimai quruluşunu, təsərrüfat sistemini və mülkiyyətin bütün növlərini mühafizə etmək, vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında və qanunlarında tə'minat verilən sosial-iqtisadi, siyasi və şəxsi hüquq və azadlıqlarını, vətəndaşların qanunla qorunan mənafeyini, habelə müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin hüquqlarını və qanunla mühafizə edilən mənafeyini müdafiə etmək məqsədilə mülki işlərə düzgün və qanunla müəyyən edilən müddətdə baxıb həll etməkdən ibarətdir.

Mülki mühakimə üsulu qanunçuluğun möhkəmləndirilməsinə, hüquq pozuntularının qarşısının alınmasına, vətəndaşların qanunları dönmədən icra etmək və birgəyaşayış qaydalarına hörmət bəsləmək, ruhunda tərbiyə olunmasına kömək etməlidir (12, 34).

Maddə 3. Məhkəmə müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ

Hər bir maraqlı şəxs pozulmuş və ya mübahisəli hüququn müdafiəsi üçün, yaxud qanunla mühafizə olunan mənafeyin müdafiəsi üçün qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etməyə haqlıdır.

Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi e'tibarsızdır.

Maddə 4. Məhkəmədə mülki işə başlama

Məhkəmə:

1) öz hüququnun və ya qanunla mühafizə edilən mənafeyinin müdafiəsi üçün müraciət edən şəxsin ərizəsinə;

2) prokurorun mə'lumatına;

3) dövlət orqanları, müəssisələr, idarələr, təşkilatlar, onların birlikləri, siyasi partiyalar, həmkarlar ittifaqları, ictimai birliklər və ya ayrı-ayrı vətəndaşlar sair şəxslərin hüquqlarının və mənafeyinin müdafiəsi üçün qanunla məhkəməyə müraciət edə bildikləri hallarda, onların ərizəsinə əsasən mülki işə baxmağa başlayır.

İddia icraatı işləri üzrə iddia ərizələri verilir, inzibati hüquq münasibətlərindən irəli gələn işlər və xüsusi icraat işləri üzrə isə şikayət və ərizələr verilir (12, 34).

Maddə 5. Ədalət mühakiməsinin ancaq məhkəmə tərəfindən və vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsi - 1980-ci il 30 sentyabr tarixli fərmanla yeni redaksiyada

Mülki işlər üzrə ədalət mühakiməsi ancaq məhkəmə tərəfindən, mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən və digər hallardan asılı olmayaraq, bütün vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir (12).

Maddə 6. İşə hakim tərəfindən təkbaşına, xalq iclasçılarının iştirakı ilə və kollegial baxılması

Bütün birinci instansiya məhkəmələrində mülki işlərə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada hakim tərəfindən təkbaşına və ya hakimdən və iki xalq iclasçısından ibarət tərkibdə baxılır.

Xalq iclasçıları ədalət mühakiməsini həyata keçirərkən hakimin bütün hüquqlarından istifadə edirlər. Xalq iclasçıları işə baxılarkən və qətnamə çıxarılarkən meydana çıxan bütün məsələlərin həllində məhkəmə iclasında sədrlik edənlə eyni hüquqlara malikdirlər.

Kassasiya qaydasında işə baxılması üç nəfər məhkəmə üzvündən ibarət tərkibdə, məhkəmə nəzarəti qaydasında işə baxılması isə azı üç nəfər məhkəmə üzvündən ibarət tərkibdə məhkəmələr tərəfindən həyata keçirilir (12).

Maddə 6-1. Mülki işlərə hakim tərəfindən təkbaşına baxılması - 1993-cü il 17 mart tarixli qanunla əlavə edilmişdir.

Birinci instansiya məhkəmələrində hakim aşağıdakı işlərə təkbaşına baxır:

vətəndaşlar arasında, vətəndaşlarla təşkilatlar arasında əmlak mübahisələri üzrə iddianın qiyməti minimum əmək haqqının 50 mislinədək olan işlərə;

valideynlik hüququndan məhrum etmə, övladlığa götürməni ləğv etmə, atalığı müəyyən etmə, habelə uşaqlar barədə mübahisələrlə əlaqədar boşanma işlərindən başqa ailə-nikah münasibətlərindən əmələ gələn işlərə;

işə bərpa etmə barədə iddialar istisna edilməklə, əmək hüquq münasibətlərindən əmələ gələn işlərə;

əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə işlərə;

vətəndaşın məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərdən başqa, bu Məcəllənin 249-cu maddəsində müəyyənləşdirilən işlərə.

İşdə iştirak edən şəxs işə mahiyyəti üzrə baxılanadək, hakimin işə təkbaşına baxmasına və ya hakimə e"tiraz etdikdə, həmin işə kollegial baxılır.

Hakim işə təkbaşına baxdıqda, bu Məcəllə ilə müəyyən edilmiş qaydaları rəhbər tutur (34).

Maddə 7. Hakimlərin müstəqilliyi və ancaq qanuna tabeliyi

Mülki işlər üzrə ədalət mühakiməsini həyata keçirərkən hakimlər və xalq iclasçıları müstəqildirlər və ancaq qanuna tabedirlər. Hakimlər və xalq iclasçıları mülki işləri qanun əsasında, sosialist hüquq düşüncəsinə uyğun olaraq, hakimlərə kənardan təsir göstərilməsinə yol verməyən şəraitdə həll edirlər.

Maddə 8. Mühakimə icraatının aparıldığı dil

Mülki işlər üzrə mühakimə icraatı Azərbaycan dilində və ya muxtar respublikanın, yaxud müəyyən ərazidəki əhalinin əksəriyyətinin dilində aparılır.

İşdə iştirak edən, mühakimə icraatının aparıldığı dili bilməyən şəxslərə tərcüməçi vasitəsilə işin materialları ilə tam tanış olmaq, məhkəmə hərəkətlərində iştirak etmək hüququ və məhkəmədə ana dilində çıxış etmək hüququ təmin olunur.

Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə, habelə onların tələbi ilə, məhkəmə hərəkətlərində hansı dildə iştirak etmişlərsə, o dilə tərcümə olunmuş şəkildə, yaxud Azərbaycan SSR-in dövlət dilində verilir (12, 29, 34).

Maddə 9. Məhkəmədə işə baxılmasının açıqlığı

Dövlət sirrinin mühafizəsi mənafeyinə zidd olan hallar istisna edilməklə, bütün məhkəmələrdə işlərə açıq baxılır.

Bundan əlavə, işdə iştirak edən şəxslərin həyatının gizli cəhətləri haqqında məlumatın yayılması qarşısını almaq, habelə övladlığa götürmənin gizliliyini təmin etmək məqsədi ilə məhkəmənin əsaslandırılmış qərardadı üzrə işə qapalı məhkəmə iclasında baxılmasına yol verilir.

Qapalı məhkəmə iclasında işə baxılmasında işdə iştirak edən şəxslər və onların nümayəndələri, məhkəmə tərəfindən işə baxılmasında iştirak etməyə buraxılan ictimai təşkilatların və əmək kollektivlərinin nümayəndələri, zəruri hallarda isə, habelə şahidlər, ekspertlər və tərcüməçilər iştirak edirlər.

On altı yaşına çatmamış vətəndaşlar işdə iştirak edən şəxs və ya şahid deyildirlərsə, məhkəmənin iclas salonuna buraxılmırlar.

Qapalı məhkəmə iclasında işə mühakimə icraatının bütün qaydalarına əməl olunmaqla baxılır. Məhkəmələr qətnamələri bütün hallarda açıq elan edilir (12).

Maddə 10. İşlərin qüvvədə olan qanunvericilik əsasında həll edilməsi

Məhkəmə, işləri qüvvədə olan qanunvericilik əsasında həll etməyə borcludur. Məhkəmə, həmçinin digər dövlət hakimiyyət və idarə orqanlarının onlara verilmiş səlahiyyət dairəsində qəbul etdikləri aktları da tətbiq edir.

Məhkəmə, qanuna uyğun olaraq, xarici hüquq normalarını tətbiq edir.

Mübahisəli münasibəti tənzimləyən qanun olmadıqda, məhkəmə oxşar münasibətləri tənzim edən qanunu tətbiq edir, bu cür qanun olmadıqda, məhkəmə sovet qanunvericiliyinin ümumi əsaslarını və mahiyyətini rəhbər tutur (34).

Maddə 11. Yuxarı məhkəmələrin məhkəmə fəaliyyəti üzərində nəzarəti

Azərbaycan Respublikasının Ali Məhkəməsi qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının bütün məhkəmələrinin məhkəmə fəaliyyəti üzərində nəzarəti həyata keçirir.

Naxçıvan MR Ali Məhkəməsi qanunla müəyyən edilmiş qaydada muxtar respublikanın rayon (şəhər) xalq məhkəmələrinin məhkəmə fəaliyyəti üzərində nəzarəti həyata keçirir.

Bakı Şəhər Məhkəməsi qanunla müəyyən edilmiş qaydada Bakı şəhərinin rayon xalq məhkəmələrinin məhkəmə fəaliyyəti üzərində nəzarəti həyata keçirir (11, 34).

Maddə 12. Mülki mühakimə icraatında prokuror nəzarəti

Qanunların mülki mühakimə icraatında dürüst və bir cür tətbiqi üzərində nəzarət Azərbaycan Respublikasının Baş Prokuroru və onun tabeliyində olan prokurorlar tərəfindən həyata keçirilir.

Prokuror mülki mühakimə icraatının bütün mərhələlərində, kim tərəfindən olursa-olsun, baş vermiş hər cür qanun pozuntusunun aradan qaldırılması üçün vaxtında qanunla nəzərdə tutulan tədbirlər görməlidir.

Prokuror mülki mühakimə icraatında öz səlahiyyətini heç bir orqandan və vəzifəli şəxsdən asılı olmadan, yalnız qanuna tabe olaraq və Azərbaycan Respublikası Baş Prokurorunun göstərişlərini rəhbər tutaraq həyata keçirir (12, 34).

Maddə 13. Məhkəmə qətnaməsinin, qərardadının və qərarının məcburiliyi

Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı və qərarı bütün müəssisələr, idarələr, təşkilatlar, onların birlikləri, siyasi partiyalar, həmkarlar ittifaqları, ictimai birliklər, vəzifəli şəxslər və vətəndaşlar üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində icra olunmalıdır.

Qətnamənin, qərardadın və qərarın məcburiliyi, marağı olan şəxsləri, mübahisəsi məhkəmə tərəfindən baxılmamış və həll olunmamış hüquqların və qanunla qorunan mənafeyin müdafiəsi üçün məhkəməyə müraciət etmək imkanından məhrum etmir (34).

Maddə 14. İşin həqiqi hallarının, tərəflərin hüquq və vəzifələrinin məhkəmə tərəfindən aydınlaşdırılması

Məhkəmə, təqdim olunmuş materiallarla və izahatlarla kifayətlənməyərək, işin həqiqi hallarını, tərəflərin hüquq və vəzifələrini hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq üçün qanunla nəzərdə tutulan bütün tədbirləri görməlidir.

Məhkəmə, işdə iştirak edən şəxslərə onların hüquq və vəzifələrini başa salmalı, prosessual hərəkətlərin edilməsi və ya edilməməsi nəticələri haqqında xəbərdarlıq etməli və işdə iştirak edən şəxslərə onların hüquqlarının həyata keçirilməsində kömək etməlidir.

İkinci fəsil. Məhkəmənin tərkibi. Etirazlar

Maddə 15. Məhkəmənin tərkibi

İşə baxan məhkəmənin tərkibinə yalnız qanunla müəyyən edilmiş qaydada həmin məhkəmənin tərkibinə seçilmiş şəxslər daxil ola bilərlər.

Bütün məhkəmələrdə mülki işlərə kollegial: birinci instansiya məhkəməsində — hakim və xalq iclasçılarından ibarət tərkibdə, kassasiya və nəzarət instansiyalarında — sədrlik edən və məhkəmə üzvlərindən ibarət tərkibdə baxılır.

Qanunla hakimə ayrı-ayrı məsələləri təkbaşına həll etmək hüququ verildiyi hallarda, o, məhkəmə adından hərəkət edir.

Hakimin təkbaşına həll etməyə haqlı olduğu məsələlər məhkəmə tərəfindən kollegial tərkibdə də həll edilə bilər.

Maddə 16. Məhkəmə tərəfindən məsələlərin həll edilməsi qaydası

İşə baxılarkən meydana çıxan bütün məsələlər hakimlər tərəfindən səs çoxluğu ilə həll edilir. Hər bir məsələ həll edilərkən heç kəs səsvermədə bitərəf qalmağa haqlı deyildir. Sədrlik edən axırıncı olaraq səs verir.

Qətnamə, kassasiya qərardadı və ya qərar, yaxud nəzarət qaydasında qərardad qəbul edilərkən, hakim və ya xalq iclasçısı əksəriyyətin rəyi ilə razılaşmadıqda, öz xüsusi rəyini yazılı şəkildə şərh edə bilər. Xüsusi rəy işə əlavə edilir, lakin məhkəmə iclasında elan olunmur (12).

Maddə 17. Hakimə, prokurora və prosesin sair iştirakçılarına etiraz edilməsi

Hakim, xalq iclasçısı, prokuror, məhkəmə iclasının katibi, ekspert və tərcüməçi işin nəticəsi ilə şəxsən, bilavasitə və ya dolayı surətdə maraqlı olduqda, yaxud onların qərəzsizliyinə şübhə doğuran sair hallar olduqda, onlar işə baxılmasında iştirak edə bilməzlər və onların iştirakına etiraz edilməlidir.

Maddə 18. Hakimə və xalq iclasçısına etiraz etmək üçün əsaslar

Hakim və ya xalq iclasçısı aşağıdakı hallarda işə baxılmasında iştirak edə bilməz:

1) o, həmin işə bundan əvvəl baxıldıqda, prosesdə şahid, ekspert, tərcüməçi, nümayəndə, prokuror, məhkəmə iclasının katibi sifətində iştirak etmişsə;

2) o, tərəflərin, işdə iştirak edən sair şəxslərin və ya nümayəndələrin qohumudursa;

3) o, şəxsən, bilavasitə və ya dolayı surətdə işin nəticəsi ilə maraqlı olduqda və ya onun qərəzsizliyinə şübhə doğuran sair hallar olduqda.

Mülki işə baxan məhkəmənin tərkibinə bir-biri ilə qohum şəxslər daxil ola bilməzlər.

Maddə 19. Hakimin işə baxılmasında təkrar iştirak etməsinə yol verilməməsi

Birinci instansiya məhkəməsində mülki işə baxılmasında iştirak etmiş hakim bu işə kassasiya instansiyası məhkəməsində və ya məhkəmə nəzarəti qaydasında baxılmasında, habelə onun iştirakı ilə çıxarılmış qətnamə ləğv edilmişsə, işə birinci instansiya məhkəməsində yenidən baxılmasında iştirak edə bilməz.

Kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş hakim həmin işə birinci instansiya məhkəməsində və ya məhkəmə nəzarəti qaydasında baxılmasında iştirak edə bilməz.

Məhkəmə nəzarəti qaydasında işə baxılmasında iştirak etmiş hakim, həmin işə birinci instansiya və kassasiya instansiyası məhkəməsində baxılmasında iştirak edə bilməz.

İşə məhkəmə nəzarəti qaydasında baxılmasında bir dəfə iştirak etmiş məhkəmə üzvü həmin işə yuxarı instansiyada nəzarət qaydasında baxılmasında iştirak edə bilməz.

Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasında işə baxılmasında məhkəmə üzvünün iştirakı həmin işə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclasında baxılmasında onun iştirak etməsinə mane olmur. Plenumda işə baxıldıqda məhkəmə üzvünün iştirakı Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyası tərkibində işə baxılmasında onun iştirakına mane olmur (34).

Maddə 20. Prokurora, ekspertə, tərcüməçiyə, məhkəmə iclasının katibinə etiraz etmək üçün əsaslar

Etiraz etmək üçün bu Məcəllənin 18-ci maddəsində göstərilən əsaslar prokurora, ekspertə, tərcüməçiyə və məhkəmə iclasının katibinə də aiddir.

Ekspert, bunlardan başqa, aşağıdakı hallarda da işə baxılmasında iştirak edə bilməz:

1) o, tərəflərdən, işdə iştirak edən sair şəxslərdən və ya nümayəndələrdən qulluqca və ya sair cəhətdən asılıdırsa, yaxud asılı olmuşsa;

2) o, materialları əsasında həmin mülki işin qaldırılmasına səbəb olan təftiş aparmışsa;

3) onun səlahiyyəti olmadığı müəyyən edildiyi halda.

Prokurorun, ekspertin, tərcüməçinin və məhkəmə iclası katibinin həmin işə əvvəlcə baxılmasında müvafiq olaraq prokuror, ekspert, tərcüməçi, məhkəmə iclasının katibi sifətində iştirak etmələri onlara etiraz etmək üçün əsas deyildir.

Maddə 21. İctimai təşkilatın və ya əmək kollektivinin nümayəndəsinə etiraz etmək üçün əsaslar

İctimai təşkilatın və ya əmək kollektivinin nümayəndəsi şəxsən, bilavasitə və ya dolayı surətdə işin nəticəsi ilə maraqlı olduqda və ya onun qərəzsizliyinə şübhə doğuran sair hallar olduqda, işdə iştirak etməkdən kənar edilə bilər.

Maddə 22. Etiraz etmək haqqında

Bu Məcəllənin 18-21-ci maddələrində göstərilən hallar olduqda hakim, xalq iclasçısı, prokuror, ictimai təşkilatın və ya əmək kollektivinin nümayəndəsi, ekspert, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməlidirlər. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər.

Etiraz əsaslı olmalı və məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Sonradan etiraz edilməsinə, etirazın əsasları etiraz edənə işə baxılmağa başlandıqdan sonra məlum olduğu hallarda yol verilir. Əgər həmin maddədə göstərilən hallar məhkəməyə işə baxılmağa başlandıqdan sonra məlum olmuşsa, məhkəmə etiraz məsələsini həll etmək məqsədilə həmin hallar barəsində məhkəmə iclasında məlumat verməlidir (12).

Maddə 23. Edilmiş etirazın həll olunma qaydası

Etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, əgər etiraz olunan şəxs izahat vermək istəyirsə, həmçinin onun izahatını dinləməlidir.

Etiraz haqqında məsələ məhkəmə tərəfindən müşavirə otağında həll edilir.

Hakimə və ya xalq iclasçısına etiraz haqqında məsələ etiraz edilənin iştirakı olmadan qalan hakimlər tərəfindən həll edilir. Etirazın lehinə və əleyhinə verilən səslərin sayı bərabər olduqda, hakim və ya xalq iclasçısı kənar edilmiş hesab olunur.

Bir neçə hakimə və ya bütün məhkəmə tərkibinə edilən etiraz həmin məhkəmənin bütün tərkibi tərəfindən sadə səs çoxluğu ilə həll edilir.

Prokurora, ictimai təşkilatın və ya əmək kollektivinin nümayəndəsinə, ekspertə, tərcüməçiyə və məhkəmə iclası katibinə etiraz haqqında məsələ işə baxan məhkəmə tərəfindən həll edilir (12).

Maddə 24. Etirazın təmin edilməsi nəticələri

Rayon (şəhər) xalq məhkəməsində işə baxıldıqda xalq hakiminə, xalq iclasçısına və ya bütün məhkəmə tərkibinə etiraz edilərsə, işə həmin məhkəmədə, lakin başqa hakimlərdən ibarət tərkibdə baxılır, yaxud işə baxılan rayon (şəhər) xalq məhkəməsində xalq hakimini əvəz etmək mümkün olmadıqda, iş baxılmaq üçün başqa rayon (şəhər) xalq məhkəməsinə verilir.

Azərbaycan Respublikasının Ali Məhkəməsində, Naxçıvan MSSR Ali Məhkəməsində, Bakı Şəhər Məhkəməsində işə baxılarkən məhkəmə üzvünə, xalq iclasçısına və ya bütün məhkəmə tərkibinə etiraz edildikdə işə həmin məhkəmədə, lakin hakimlərin başqa tərkibində baxılır.

Naxçıvan MSSR Ali Məhkəməsində, Bakı Şəhər Məhkəməsində etiraz təmin edildikdən sonra və ya bu Məcəllənin 19-cu maddəsində göstərilən səbəblərə görə həmin işə baxmaq üçün hakimlərin yeni tərkibini təşkil etmək mümkün olmazsa, iş Azərbaycan Respublikasının Ali Məhkəməsinə verilməlidir (11, 12, 34).

Üçüncü fəsil. Aidiyyət

Maddə 25. Mülki işlərin məhkəmələrə aidiyyəti - 1980-ci il 30 sentyabr tarixli fərmanla yeni redaksiyada

Aşağıdakı işlər məhkəmələrə aiddir:

1) mülki, ailə və əmək hüquq münasibətlərindən əmələ gələn mübahisələrin həlli qanunla inzibati və ya sair orqanların səlahiyyətinə aid edildiyi hallar istisna olmaqla, bu cür mübahisələrin tərəflərindən heç olmasa birinin fərdi sahibkar (yəni hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) olmayan vətəndaşın, yaxud həyata keçirdiyi sahibkarlıq fəaliyyətinin həmin mübahisə ilə heç bir əlaqəsi olmayan fərdi sahibkarın və ya vətəndaşların hüquqi şəxs olmayan birliyinin olduğu işlərə;

2) müvafiq beynəlxalq müqavilələrdən əmələ gələn, bir tərəfdən müəssisələr, idarələr, təşkilatlar, onların birlikləri, siyasi partiyalar, həmkarlar ittifaqları, ictimai birliklər və digər tərəfdən dəmir yolu və ya hava nəqliyyatı orqanları arasında birbaşa beynəlxalq dəmir yolu və hava yük nəqliyyatı ilə yüklərin daşınması müqavilələrindən əmələ gələn mübahisələr barəsindəki işlər;

3) bu Məcəllənin 235-ci maddəsində göstərilən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər;

4) bu Məcəllənin 249-cu maddəsində göstərilən xüsusi icraat işləri.

Qanunla məhkəmələrin səlahiyyətinə aid edilmiş başqa işlər də məhkəmələrə aiddir.

Məhkəmələr xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, xarici müəssisə və təşkilatların iştirak etdikləri işlərə də baxırlar (9, 12, 34, 38).

Maddə 26. Mülki işlərin yoldaşlıq məhkəmələrinə aidiyyəti

Yoldaşlıq məhkəmələri haqqında Əsasnamədə nəzərdə tutulan hallarda mülki işlərə yoldaşlıq məhkəmələri tərəfindən baxılır.

Maddə 27. Mübahisələrin münsiflər məhkəməsinin həllinə verilməsi

Mülki hüquq münasibətlərindən əmələ gələn mübahisə qanunla və ya beynəlxalq müqavilələrlə nəzərdə tutulan hallarda tərəflərin razılığı ilə münsiflər məhkəməsinin, Dəniz Arbitraj Komissiyasının və ya Ticarət-Sənaye Palatası yanında Arbitraj Məhkəməsinin həllinə verilə bilər (12, 26, 34).

Maddə 28. Bir-biri ilə əlaqədar olan bir neçə tələbin aidiyyəti

Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan biri məhkəməyə, digərləri isə arbitraj orqanlarına aid olduqda, bütün tələblərə məhkəmədə baxılmalıdır.

Dördüncü fəsil. İşdə iştirak edən şəxslər: onların hüquqları və vəzifələri

Maddə 29. İşdə iştirak edən şəxslər

Tərəflər; üçüncü şəxslər; prokuror; bu Məcəllənin 4 və 41-ci maddələrində göstərilən əsaslar üzrə prosesdə iştirak edən dövlət orqanları, müəssisələr, idarələr, təşkilatlar, onların birlikləri, siyasi partiyalar, həmkarlar ittifaqları, ictimai birliklər və ya ayrı-ayrı vətəndaşlar; bu Məcəllənin 235-ci və 249-cu maddələrində göstərilən işlər üzrə ərizəçilər və marağı olan vətəndaşlar, dövlət idarə orqanları, dövlət müəssisələri, idarələri, təşkilatları, kolxozlar və sair kooperativ təşkilatlar, onların birlikləri, digər ictimai təşkilatlar işdə iştirak edən şəxslər hesab olunurlar (34).

Maddə 30. Tərəflər

Vətəndaşlar, habelə hüquqi şəxs hüquqlarından istifadə edən müəssisələr, idarələr, təşkilatlar, onların birlikləri, siyasi partiyalar, həmkarlar ittifaqları, ictimai birliklər mülki prosesdə tərəflər — iddiaçı və cavabdeh ola bilərlər.

Başqa şəxslərin hüquq və mənafeyini müdafiə etmək üçün qanun üzrə məhkəməyə müraciət edə biləcəkləri hallarda prokurorun, dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin və ayrı-ayrı vətəndaşların ərizəsi üzrə mənafeyi üçün iş başlanmış şəxs, başlanmış proses haqqında məhkəmə tərəfindən xəbərdar edilir və onun hüquqlarının və qanunla qorunan mənafeyinin müdafiəsi üçün ərizə vermiş şəxslə yanaşı prosesdə iddiaçı kimi iştirak edir (34).

Maddə 31. Tərəflərin hüquq və vəzifələri

Tərəflər bərabər prosessual hüquqlardan istifadə edirlər. Tərəflərin iş materialları ilə tanış olmaq, bunlardan çıxarışlar götürmək, bunların surətlərini çıxarmaq, e'tirazlar vermək, sübutlar təqdim etmək, sübutların tədqiqində iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə və ekspertlərə suallar vermək, vəsatət vermək, məhkəməyə şifahi və yazılı izahat vermək, məhkəmə baxışı gedişində baş verən bütün məsələlər üzrə öz dəlil və mülahizələrini təqdim etmək, digər tərəfin vəsatətlərinə, dəlillərinə və mülahizələrinə e'tiraz etmək, məhkəmənin qətnamə və qərardadından şikayət etmək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək və bu Məcəllə ilə onlara verilmiş sair prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.

Tərəflər onlara məxsus prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar.

Maddə 32. Mülki-prosessual hüquq qabiliyyəti

Azərbaycan Respublikasının bütün vətəndaşları, habelə hüquqi şəxs hüquqlarından istifadə edən müəssisələr, idarələr, təşkilatlar, onların birlikləri, siyasi partiyalar, həmkarlar ittifaqları, ictimai birliklər eyni dərəcədə mülki-prosessual hüquq və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyətinə) malikdirlər (34).

Maddə 33. Mülki-prosessual fəaliyyət qabiliyyəti

Öz hüquqlarını məhkəmədə həyata keçirmək və işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) həddi-büluğa çatmış vətəndaşlara və hüquqi şəxslərə məxsusdur.

On beş yaşı tamam olmayan həddi-büluğa çatmamış vətəndaşların, habelə ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilən vətəndaşların hüquqları və qanunla qorunan mənafeyi məhkəmədə onların qanuni nümayəndələri — valideynləri, övladlığa götürənlər və ya qəyyumlar tərəfindən müdafiə edilir.

Həddi-büluğa çatmayan on beş yaşından on səkkiz yaşınadək vətəndaşların, habelə məhdud fəaliyyət qabiliyyətli hesab olunan vətəndaşların hüquqları və qanunla qorunan mənafeyi məhkəmədə onların valideynləri, övladlığa götürənlər və ya himayəçilər tərəfindən müdafiə edilir. Lakin məhkəmə həddi-büluğa çatmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən vətəndaşların özlərini bu işlərdə iştirak etməyə cəlb etməlidir.

Həddi-büluğa çatmayan on beş yaşından on səkkiz yaşınadək vətəndaşlar əmək, kolxoz və nikah-ailə hüququ münasibətlərindən və alınan qazanc üzərində sərəncam verməklə əlaqədar olan əqdlərdən əmələ gələn işlər üzrə öz hüquqlarını və qanunla qorunan, mənafeyini qanunda nəzərdə tutulan hallarda məhkəmədə şəxsən müdafiə etmək hüququna malikdirlər. Həddi-büluğa çatmamışlara kömək etmək üçün onların valideynləri, övladlığa götürənlər və himayəçilər bu cür işlərdə iştirak etməyə məhkəmənin mülahizəsindən asılı olaraq cəlb edilirlər.

Maddə 34. İddianın əsasının və ya predmetinin dəyişdirilməsi, iddiadan imtina edilməsi, iddianın e'tiraf edilməsi, barışıq sazişi

İddiaçı iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələblərinin miqdarını artırmağa və ya azaltmağa, yaxud da iddiadan imtina etməyə haqlıdır. Cavabdeh iddianı e'tiraf etməyə haqlıdır. Tərəflər işi barışıq sazişi ilə qurtara bilərlər.

İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən e'tiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla mühafizə edilən mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir.

Maddə 35. İşdə bir neçə iddiaçı və ya cavabdehin iştirakı

İddia, birlikdə bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə verilə bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəf barəsində prosesdə müstəqil çıxış edir.

Birgə iştirakçılar işin aparılmasını birgə iştirakçılardan birinə tapşıra bilərlər.

Maddə 36. Əsil olmayan tərəfin əvəz edilməsi

Məhkəmə işə baxarkən iddianın tələb etmək hüququ olmayan şəxs tərəfindən verildiyini və ya iddiaya cavab verməli olmayan şəxsə verildiyini müəyyən etdikdə iddiaçının razılığı ilə, işi xitam etmədən, ilk iddiaçının və ya cavabdehin əsil iddiaçı və ya cavabdeh ilə əvəz olunmasına yol verə bilər.

İddiaçı özünün başqa şəxslə əvəz edilməsinə razı olmadıqda, həmin şəxs, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs sifətində işə daxil ola bilər; məhkəmə həmin şəxsi bu barədə xəbərdar edir.

İddiaçı cavabdehin başqa şəxslə əvəz edilməsinə razı olmadıqda, məhkəmə bu şəxsi ikinci cavabdeh kimi işə cəlb edə bilər.

Əsil olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır.

Maddə 37. Prosessual hüquq varisliyi

Mübahisəli hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (vətəndaş öldükdə, hüquqi şəxs xitam edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə), məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı bir mərhələsində mümkündür.

Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquq varisi üçün də məcburidir.

Maddə 38. Üçüncü şəxslər

Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər işə qarışa bilərlər. Onlar iddiaçının bütün hüquqlarından istifadə edir və onun bütün vəzifələrini daşıyırlar.

Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər, iş üzrə qətnamə tərəflərdən biri barəsində üçüncü şəxslərin hüquqlarına və ya vəzifələrinə tə'sir edə biləcəyi təqdirdə, məhkəmə qətnamə çıxarana qədər işdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar tərəflərin, prokurorun vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə də işdə iştirak etməyə cəlb oluna bilərlər. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər, iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, habelə iddiadan imtina etmək, iddianı e'tiraf etmək və ya barışıq sazişi bağlamaq və məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqlarını çıxmaq şərti ilə, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlır.

Maddə 39. İşə bərpa etmək haqqındakı işlər üzrə üçüncü şəxslərin cəlb edilməsi

Qanunsuz olaraq işdən çıxarılan və ya düzgün olmayaraq başqa işə keçirilən işçilərin işə bərpası haqqındakı işlər üzrə sərəncamı ilə işçini işdən çıxarmış və ya başqa işə keçirmiş vəzifəli şəxsi məhkəmə öz təşəbbüsü ilə cavabdehin tərəfində üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edə bilər. Məhkəmə işçinin işdən çıxarılmasında və ya başqa işə keçirilməsində qanunun aşkar surətdə pozulduğunu müəyyən etdikdə, çarəsizlikdən proqul müddəti üçün və ya aşağı maaşlı işin görüldüyü müddət üçün haqq ödənilməsi ilə əlaqədar müəssisəyə, idarəyə, təşkilata, onların birliyinə, siyasi partiyaya, həmkarlar ittifaqına, ictimai birliyə vurulmuş zərəri ödəmək vəzifəsini həmin prosesdə, təqsirli vəzifəli şəxsin üzərinə qoymalıdır. Belə hallarda vəzifəli şəxslərin verməli olduğu məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir (12, 34).

Maddə 40. Prokurorun prosesdə iştirakı

Dövlət mənafeyinin və ya ictimai mənafeyin, yaxud vətəndaşların hüquqlarının və qanunla mühafizə edilən mənafeyinin qorunması tələb etdikdə, prokurorun başqa şəxslərin hüquqlarının və qanunla mühafizə edilən mənafeyinin müdafiə olunması üçün ərizə ilə məhkəməyə müraciət etmək və ya prosesin hər hansı bir mərhələsində işə qarışmaq hüququ vardır.

Qanunla nəzərdə tutulan və ya məhkəmə tərəfindən zəruri hesab edilən hallarda prokurorun mülki işə baxılmasında iştirakı məcburidir.

İşdə iştirak edən prokuror materiallarla tanış olur, e'tirazlar verir, sübutlar təqdim edir, sübutların tədqiqində iştirak edir, vəsatət verir, işə baxılarkən meydana çıxan məsələlər üzrə və ümumiyyətlə, bütün işin mahiyyəti üzrə rə'y verir, habelə qanunla nəzərdə tutulan sair prosessual hərəkətlər edir.

Başqa şəxsin mənafeyini müdafiə üçün prokurorun verdiyi ərizədən imtina etməsi bu şəxsin işə mahiyyəti üzrə baxılmasını tələb etmək hüququndan məhrum etmir (12).

Maddə 41. Başqa şəxslərin hüquqlarını müdafiə edən dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin və ayrı-ayrı vətəndaşların prosesdə iştirakı

Qanunla nəzərdə tutulan hallarda dövlət orqanları, müəssisələr, idarələr, təşkilatlar, onların birlikləri, siyasi partiyalar, həmkarlar ittifaqları, ictimai birliklər və ya ayrı-ayrı vətəndaşlar başqa şəxslərin hüquqlarının və qanunla mühafizə olunan mənafeyinin müdafiəsi üçün ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Başqa şəxslərin mənafeyinin müdafiəsi üçün həmin orqanların və vətəndaşların verdikləri ərizədən imtina etmələri bu şəxsi işə mahiyyəti üzrə baxılmasını tələb etmək hüququndan məhrum etmir.

Qanunda nəzərdə tutulmuş hallarda dövlət idarə orqanları məhkəmə tərəfindən prosesdə iştirak etməyə cəlb oluna bilərlər və ya onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi və vətəndaşların hüquqlarının və dövlət mənafeyinin müdafiə olunması məqsədi ilə iş barəsində rə'y vermək üçün öz təşəbbüsləri ilə prosesdə iştirak edə bilərlər.

Öz nümayəndəlirinin şəxsində bu maddədə göstərilən dövlət idarə orqanları, müəssisələr, idarələr, təşkilatlar və ayrı-ayrı vətəndaşlar işdəki materiallarla tanış ola bilər, e'tiraz edə bilər, izahat verə bilər, sübutlar təqdim edə bilər, sübutların tədqiqində iştirak edə bilər, vəsatət verə bilər, habelə qanunla nəzərdə tutulan sair prosessual hərəkətlər edə bilərlər (12, 34).

Beşinci fəsil. Məhkəmədə nümayəndəlik

Maddə 42. İşlərin nümayəndələr vasitəsi ilə aparılması

Vətəndaşlar məhkəmədə öz işlərini şəxsən və ya nümayəndələr vasitəsi ilə apara bilərlər. Vətəndaşın işdə şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəsinin olması hüququndan məhrum etmir.

Hüquqi şəxslərin işlərini məhkəmədə onların qanunla, nizamnamə və ya əsasnamə ilə verilmiş səlahiyyət dairəsində hərəkət edən orqanları, yaxud onların nümayəndələri aparırlar. Hüquqi şəxsin orqanı sifətində çıxış edən müəssisələrin, təşkilatların və ya idarələrin rəhbərləri məhkəməyə onların qulluq mövqeyini və ya səlahiyyətini təsdiq edən sənədlər təqdim edirlər.

Maddə 43. Qanuni nümayəndələr

Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların, tam fəaliyyət qabiliyyətinə malik olmayan vətəndaşların və məhdud fəaliyyət qabiliyyətli hesab edilən vətəndaşların hüquqlarını və qanunla qorunan mənafeyini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları və himayəçiləri müdafiə edir və məhkəməyə öz səlahiyyətlərini təsdiq edən sənədlər təqdim edirlər.

Qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə, yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər.

Müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş hesab edilən vətəndaşın iştirak etməli olduğu iş üzrə, xəbərsiz itkin düşmüş şəxsin əmlakının mühafizə və idarə olunması üçün tə'yin edilmiş qəyyum həmin şəxsin nümayəndəsi sifətində çıxış edir.

Vəfat etmiş və ya müəyyən edilmiş qaydada ölmüş e'lan edilən şəxsin vərəsəsinin iştirak etməli olduğu iş üzrə, vərəsəlik hələ heç kim tərəfindən qəbul edilməmişsə, vərəsəlik əmlakının mühafizə və idarə olunması üçün tə'yin edilmiş qəyyum vərəsənin nümayəndəsi sifətində çıxış edir.

Bu maddədə nəzərdə tutulan hallarda, qanuni nümayəndələr məhkəmədə işin aparılmasını nümayəndə sifətində seçdikləri başqa şəxsə tapşıra bilərlər.

Maddə 44. Məhkəmədə nümayəndə ola bilən şəxslər

Aşağıdakılar məhkəmədə nümayəndə ola bilərlər:

1) vəkillər;

2) müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin işləri üzrə, həmin müəssisə, idarə və təşkilatların işçiləri;

3) fəhlələrin, qulluqçuların, kolxoz üzvlərinin, habelə hüquq və mənafeyi həmkarlar ittifaqları tərəfindən müdafiə edilən digər şəxslərin işləri üzrə — həmkarlar ittifaqlarının müvəkkilləri;

4) təşkilatların qanun, nizamnamə və ya əsasnamə üzrə həmin təşkilatların üzvlərinin hüquq və mənafeyini müdafiə etmək hüququ verilən müvəkkilləri;

5) təşkilatların qanun, nizamnamə və ya əsasnamə üzrə sair şəxslərin hüquqlarını və mənafeyini müdafiə etmək hüququ verilən müvəkkilləri;

6) sair birgə iştirakçıların tapşırığı ilə birgə iştirakçılardan biri;

7) işə baxan məhkəmə tərəfindən həmin iş üzrə nümayəndəliyə buraxılan şəxslər (12, 34).

Maddə 45. Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi

Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş e'tibarnamədə ifadə edilməlidir.

Vətəndaşlar tərəfindən verilən e'tibarnamələr notarial qaydada təsdiq edilir. Vətəndaşlar tərəfindən verilən e'tibarnamələr e'tibar edənin işlədiyi müəssisə, idarə və ya təşkilat tərəfindən, e'tibar edənin yaşayış yeri üzrə mənzil-istismar təşkilatı, e'tibar edənin yaşayış yerinin daxil olduğu qəsəbə və ya kənd icra hakimiyyəti orqanı, e'tibar edənin oxuduğu məktəb tərəfindən, vətəndaşın müalicə olduğu stasionar müalicəxananın müdiriyyəti tərəfindən, e'tibarnaməni hərbi qulluqçu verirsə, müvafiq hərbi hissə tərəfindən təsdiq edilə bilər. Həbsdə olan vətəndaşın verdiyi e'tibarnamə müvafiq həbs yerinin müdiriyyəti tərəfindən təsdiq edilir.

Hüquqi şəxs adından e'tibarnamə müvafiq təşkilatın rəhbəri tərəfindən verilir.

Həmkarlar ittifaqlarının və sair təşkilatların müvəkkilləri bu Məcəllənin (44-cü maddəsinin 3, 4 və 5-ci bəndləri) həmin iş üzrə nümayəndəliyi həyata keçirmək haqqında müvafiq təşkilatların tapşırığını təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidirlər.

Vəkilin səlahiyyəti hüquq məsləhətxanasının verdiyi orderlə təsdiq edilir (12, 22, 34).

Maddə 46. Nümayəndənin səlahiyyəti

Məhkəmədə işi aparmaq üçün səlahiyyət nümayəndəyə, işi yoldaşlıq məhkəməsinə və ya münsiflər məhkəməsinə verməyi, iddia tələblərindən tamamilə və ya qismən imtina etməyi, iddianı e'tiraf etməyi, iddianın predmetini dəyişdirməyi, barışıq sazişi bağlamağı, səlahiyyəti başqa şəxsə verməyi (e'tibar edilmişi e'tibar etmək), məhkəmə qətnaməsindən şikayət verməyi, tələbi ödəmək üçün icra vərəqəsini təqdim etməyi, verilməsi qət edilmiş əmlakı və ya pulu almağı istisna etməklə, təmsil olunanın adından bütün prosessual hərəkətləri etmək hüququ verir. Həmin maddədə göstərilən hərəkətlərdən hər birini etmək üçün nümayəndənin səlahiyyəti təmsil olunanın təqdim etdiyi e'tibarnamədə xüsusi olaraq qeyd edilməlidir.

Maddə 47. Məhkəmədə nümayəndə ola bilməyən şəxslər

Yetkinlik yaşına çatmayan və ya qəyyumluq, yaxud himayəçilik altında olan şəxslər məhkəmədə nümayəndə ola bilməzlər.

Vəkillik haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla hüquqi yardım göstərmək haqqında tapşırıqlar qəbul edən vəkillər məhkəmədə nümayəndə ola bilməzlər. Vəkillər kollegiyasından çıxarılmış şəxslər bu Məcəllənin 44-cü maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş halda məhkəmə tərəfindən nümayəndəliyə buraxıla bilməzlər.

Əgər şəxs mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi yardım göstərirsə və ya əvvəllər belə yardım göstərmişdirsə, yaxud hakim, prokuror, ekspert, mütəxəssis, tərcüməçi, şahid, hal şahidi və ya məhkəmə iclasının katibi kimi iştirak etmişdirsə, habelə o, işə baxılmasında iştirak edən vəzifəli şəxslə qohumdursa, nümayəndə ola bilməz. Göstərilən hallar olduqda işdə iştirak edən şəxslər onun nümayəndə olmasına e'tiraz edə bilərlər (12, 16, 34).

Altıncı fəsil. Sübutlar

Maddə 48. Sübutlar

Məhkəmə tərəflərin tələb və e'tirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını qanunla müəyyən edilmiş qaydada müəyyən edərkən, onun əsaslandığı hər cür faktik mə'lumatlar mülki iş üzrə sübutlar hesab olunur.

Bu mə'lumatlar aşağıdakı vasitələrlə: tərəflərin və üçüncü şəxslərin izahatları ilə, şahidlərin ifadələri ilə, yazılı sübutlarla, maddi sübutlarla və ekspertlərin rə'yləri ilə müəyyən edilir.

Qanuna görə müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları heç bir başqa sübut etmə vasitəsi ilə təsdiq oluna bilməz.

Maddə 49. Sübut etmək və sübutları təqdim etmək vəzifəsi

Hər bir tərəf öz tələblərinin və e'tirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Sübutlar tərəflər və işdə iştirak edən sair şəxslər tərəfindən təqdim olunur. Təqdim edilmiş sübutlar kifayət olmadıqda, məhkəmə tərəflərə və işdə iştirak edən sair şəxslərə əlavə sübutlar təqdim etməyi təklif edir və ya bu sübutları öz təşəbbüsü ilə toplayır.

Maddə 50. Sübutların aid edilməsi

Məhkəmə təqdim edilən sübutlardan yalnız iş üçün əhəmiyyəti olanları qəbul edir.

Maddə 51. Məhkəmə tapşırıqları

İşə baxan məhkəmə, başqa şəhərdə və ya rayonda sübutlar toplamaq lazım gəldikdə, müvafiq məhkəməyə müəyyən prosessual hərəkətlər etməyi tapşırır.

Məhkəmə tapşırığı haqqında qərardadda baxılan işin mahiyyəti qısaca şərh edilir, aydınlaşdırılmalı hallar, tapşırığı yerinə yetirən məhkəmənin toplamalı olduğu sübutlar göstərilir. Bu qərardad onun göndərildiyi məhkəmə üçün məcburidir və on günədək müddətdə yerinə yetirilməlidir.

Maddə 52. Məhkəmə tapşırığını yerinə yetirmək qaydası

Məhkəmə tapşırığının yerinə yetirilməsi bu Məcəllə ilə müəyyən edilən qaydalar üzrə məhkəmə iclasında həyata keçirilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi tapşırığı yerinə yetirməyə maneçilik törətmir.

Protokollar və tapşırıq yerinə yetirilərkən toplanılan bütün materiallar dərhal işə baxan məhkəməyə göndərilir.

Tapşırığı yerinə yetirən məhkəməyə izahat və ya ifadə verən işdə iştirak edən şəxslər və ya şahidlər işə baxan məhkəməyə gəlsələr, onlar ümumi qaydada izahat və ifadə verirlər.

Maddə 53. Sübut etməkdən azad olmaq üçün əsaslar

Məhkəmə tərəfindən hamıya bəlli hesab edilən əsasların sübuta ehtiyacı yoxdur.

Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir.

Maddə 54. Mülki işə baxan məhkəmə üçün hökmün məcburiliyi

Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ancaq haqqında hökm çıxarılmış şəxsin hərəkətlərinin mülki-hüquqi nəticələri haqqında işə baxan məhkəmə üçün bu hərəkətlərin olub-olmaması və onların həmin şəxs tərəfindən edilib-edilməməsi məsələləri üzrə məcburidir.

Maddə 55. Sübutların qiymətləndirilməsi

Məhkəmə, sübutları qanunu və sosialist hüquq düşüncəsini rəhbər tutaraq, məhkəmə iclasında işin bütün hallarına onların məcmuyu üzrə hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanan öz daxili inamına görə qiymətləndirir.

Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 56. Sübutların təmin edilməsi

Özləri üçün zəruri sübutların təqdim edilməsinin nəticə etibarı ilə mümkün olmayacağından və ya çətin olacağından ehtiyat etməyə əsası olan şəxslər bu sübutların təmin olunmasını məhkəmədən xahiş edə bilərər.

Məhkəmədə iş başlanmamışdan əvvəl sübutların təmini «Dövlət notariatı haqqında» Azərbaycan Respublikasının qanunu ilə nəzərdə tutulan qaydada notariat orqanları tərəfindən həyata keçirilir (12, 34).

Maddə 57. Sübutların təmini haqqında ərizə

Sübutların təmini haqqında ərizədə təmin edilməli sübutlar, həmin sübutların təsdiq edilməli olduğu hallar, təmin haqqında xahişlə müraciət etməyə ərizəçini vadar edən səbəblər, habelə sübutların təmin edilməsinin hansı iş üçün zəruri olduğu göstərilməlidir.

Ərizə, sübutları təmin etmək üzrə prosessual hərəkətlər yerinə yetirilməli olduğu rayonun məhkəməsinə verilir.

Hakimin ərizəni qəbul etməkdən imtina etməsi barədə qərardadından xüsusi şikayət və ya protest verilə bilər.

Maddə 58. Sübutları təmin etmək qaydası

Sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydalar üzrə hakim tərəfindən təmin olunur.

Hakim sübutları xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

Ərizəçi və işdə iştirak edən sair şəxslər, sübutların təmin edilmə vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi sübutları təmin etmək haqqındakı ərizəyə baxmağa mane olmur.

Məhkəmə və ya hakim sübutların təmin edilməsi haqqında qərardad çıxararaq, burada onun icra edilmə qaydası və üsulunu göstərir.

Protokollar və sübutları təmin etmək qaydasında toplanmış bütün materiallar işə baxan məhkəməyə göndərilir.

Maddə 59. Tərəflərin və üçüncü şəxslərin izahatları

Tərəflərin və üçüncü şəxslərin, onlara məlum olan, iş üçün əhəmiyyətli hallar haqqında izahatları iş üzrə toplanmış sair sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir.

Digər tərəfin öz tələb və etirazlarını əsaslandırdığı faktları tərəfin etiraf etməsi məhkəmə üçün məcburi deyildir.

Etirafın işin hallarına uyğun olmasına və tərəfin onu aldatma, zor, hədə, yanılma nəticəsində və ya həqiqəti gizlətmək məqsədi ilə etməməsinə məhkəmənin şübhəsi olmadıqda, məhkəmə etiraf edilən faktı müəyyən olunmuş hesab edə bilər.

Maddə 60. Şahidlərin ifadələri

İşə aid olan hər hansı bir halı bilən hər bir şəxs şahid ola bilər.

Aşağıdakılar şahid sifətində çağırıla bilməz və dindirilə bilməzlər:

1) nümayəndə və ya müdafiəçi vəzifələrini icra etməklə əlaqədar olaraq onlara məlum olmuş hallar barədə — mülki iş üzrə nümayəndələr və ya cinayət işi üzrə müdafiəçilər;

2) fiziki və ya psixi qüsurları üzündən faktları düzgün qavraya bilməyən və ya faktlar haqqında düzgün ifadələr verə bilməyən şəxslər.

Şahidin çağırılması haqqında vəsatət edən şəxs, şahidin iş üçün əhəmiyyəti olan hansı halları təsdiq edəcəyini göstərməli və onun adını, atasının adını, familiyasını və yaşayış yerini məhkəməyə bildirməlidir.

Maddə 61. Şahidin vəzifələri

Şahid kimi məhkəməyə çağırılan şəxs məhkəməyə gəlməli və doğru ifadə verməlidir.

Şahid xəstəlik, qocalıq, əlillik və ya sair üzrlü səbəblər nəticəsində məhkəmənin çağırışı üzrə gələ bilmədikdə, olduğu yerdə məhkəmə tərəfindən dindirilə bilər.

Şahid məhkəmənin üzrsüz hesab etdiyi səbəblərə görə ifadə verməkdən imtina etmək və ya qəsdən boyun qaçırmaq üstündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci maddəsi üzrə məsuliyyət daşıyır.

Şahid bilə-bilə yalan ifadə vermək üstündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi üzrə məsuliyyət daşıyır (17, 34).

Maddə 62. Yazılı sübutlar

Yazılı sübutlar — iş üçün əhəmiyyətli hallar barədə məlumat verən aktlar, sənədlər, işgüzar və ya şəxsi xarakterli məktublardır.

Yazılı sübut təqdim edən və ya onun tələb edilməsi barədə vəsatət verən şəxs həmin sübutla iş üçün əhəmiyyəti olan hansı halların müəyyən edilə biləcəyini göstərməlidir.

Maddə 63. Yazılı sübutları tələb və təqdim etmə qaydası

İşdə iştirak edən və ya iştirak etməyən şəxslərdən hər hansı bir yazılı sübut tələb etmək barədə məhkəmə qarşısında vəsatət verən şəxs bu sübutu təsvir etməli və sübutun həmin şəxsdə olduğunu yəqin edən əsasları göstərməlidir.

Müəssisələrdən, idarələrdən, təşkilatlardan, onların birliklərindən, siyasi partiyalardan, həmkarlar ittifaqlarından, ictimai birliklərdən və vətəndaşlardan məhkəmənin tələb etdiyi yazılı sübutlar bilavasitə məhkəməyə göndərilir.

Yazılı sübutların, bir qayda olaraq, əsli təqdim edilir. Sənədin surəti təqdim edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya öz təşəbbüsü ilə zəruri halda, sənədin əslini tələb etməyə haqlıdır.

Məhkəmə yazılı sübutu tələb etmək haqqında vəsatət verən şəxsə məhkəməyə təqdim etmək üçün sübutu almaq hüququ barədə sənəd də verə bilər (34).

Maddə 64. Yazılı sübutları təqdim etmək vəzifəsi

Tələb edilən yazılı sübutu təqdim etmək və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda vermək imkanı olmayan və işdə iştirak etməyən müəssisələr, idarələr, təşkilatlar, onların birlikləri, siyasi partiyalar, həmkarlar ittifaqları, ictimai birliklər və ya vətəndaşlar, səbəbləri göstərməklə, bu barədə məhkəməyə xəbər verməyə borcludurlar.

Məhkəməyə bu barədə xəbər verilmədikdə, habelə yazılı sübut təqdim etmək barədə məhkəmənin tələbi məhkəmə tərəfindən üzrsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin təqsirli vəzifəli şəxsləri və ya vətəndaşlar məhkəmə tərəfindən on manata qədər miqdarda cərimə edilə bilərlər. Cərimə qoyulması müvafiq vəzifəli şəxsləri və vətəndaşları məhkəmənin tələb etdiyi yazılı sübutu təqdim etmək vəzifəsindən azad etmir (12, 34).

Maddə 65. Yazılı sübutların saxlandığı yerdə müayinə və tədqiq edilməsi

Yazılı sübutları məhkəməyə təqdim etmək çətin olduqda, məhkəmə lazımi qaydada təsdiq edilmiş çıxarışlar təqdim edilməsini tələb edə bilər və ya yazılı sənədləri saxlandığı yerdə müayinə və tədqiq edə bilər.

Maddə 66. Sənədin əslinin qaytarılması

İşdə olan sənədlərin əsli, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, həmin sənədləri təqdim etmiş şəxslərin xahişi ilə onlara qaytarıla bilər. Lakin həmin sənədlərin hakim tərəfindən təsdiq edilmiş surətləri işdə saxlanılır.

Maddə 67. Maddi sübutlar

İş üçün əhəmiyyəti olan halların müəyyən edilmə vasitəsi ola bilən predmetlər maddi sübutlardır.

Maddi sübut təqdim edən və ya onun tələb edilməsi barədə vəsatət edən şəxs, iş üçün əhəmiyyəti olan hansı halların həmin sübutla müəyyən edilə biləcəyini göstərməlidir.

Maddə 68. Maddi sübutların tələb və təqdim edilməsi qaydası

İşdə iştirak edən və ya etməyən şəxslərdən hər hansı bir şeyi sübut olaraq tələb etmək barədə məhkəmə qarşısında vəsatət verən şəxs həmin şeyi müfəssəl təsvir etməli və şeyin həmin şəxsdə olmasını yəqin edən əsasları göstərməlidir.

Müəssisələrdən, idarələrdən, təşkilatlardan, onların birliklərindən, siyasi partiyalardan, həmkarlar ittifaqlarından, ictimai birliklərdən və ya vətəndaşlardan məhkəmənin tələb etdiyi sübutlar bilavasitə məhkəməyə göndərilir.

Məhkəmə maddi sübutun tələb edilməsi haqqında vəsatət verən şəxsə məhkəməyə təqdim etmək üçün onu almaq hüququ barədə sənəd verə bilər (34).

Maddə 69. Maddi sübutları təqdim etmə vəzifəsi

Tələb edilən şeyi təqdim etmək və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim etmək imkanı olmayan, işdə iştirak etməyən müəssisələr, idarələr, təşkilatlar, onların birlikləri, siyasi partiyalar, həmkarlar ittifaqları, ictimai birliklər və vətəndaşlar, səbəbləri göstərməklə, bu barədə məhkəməyə xəbər verməlidirlər.

Bu barədə məhkəməyə xəbər verilmədikdə, habelə şeyi təqdim etmək barədə məhkəmənin tələbi məhkəmə tərəfindən üzrsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin təqsirli vəzifəli şəxsləri və ya vətəndaşlar on manata qədər miqdarda cərimə edilirlər. Cərimə qoyulması müvafiq vəzifəli şəxsləri və vətəndaşları məhkəmənin tələb etdiyi şeyi təqdim etmək vəzifəsindən azad etmir (34).

Maddə 70. Maddi sübutların saxlanılması

Maddi sübutlar işdə saxlanılır və ya xüsusi siyahı üzrə məhkəmənin maddi sübutları saxlama kamerasına təhvil verilir.

Məhkəməyə gətirilə bilməyən şeylər olduqları yerdə saxlanılır. Onlar müfəssəl siyahıya alınmalı, zəruri halda isə fotoşəkli çəkilməli və möhürlənməlidir.

Məhkəmə şeylərin dəyişməz vəziyyətdə saxlanılması üçün tədbirlər görür.

Maddə 71. Tez xarab olan maddi sübutların müayinəsi

Tez xarab olan ərzaq və başqa şeylər, işdə iştirak edən şəxslərə xəbər verilməklə, məhkəmə tərəfindən dərhal müayinə edilir. Bu şeylər müayinədən sonra, alındıqları şəxslərə qaytarılır və ya onlardan təyinatı üzrə istifadə edə bilən idarələrə, müəssisələrə və ya təşkilatlara verilir. Axırıncı halda həmin növlü və keyfiyyətli predmetlər və ya qaytarılan zaman qüvvədə olan dövlət qiymətləri üzrə onların dəyəri sonradan şeylərin sahibinə qaytarılmalıdır.

Maddə 72. Maddi sübutların qaytarılması

Maddi sübutlar məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra alındığı şəxslərə qaytarılır və ya məhkəmənin həmin şeylər üzərində hüququnu təsdiq etdiyi şəxslərə verilir.

Qanun üzrə vətəndaşların sahibliyində ola bilməyən predmetlər müvafiq dövlət müəssisələrinə, idarələrinə və ya təşkilatlarına verilir.

Ayrı-ayrı hallarda maddi sübutlar məhkəmə tərəfindən müayinə və tədqiq edildikdən sonra onları vermiş şəxslər qaytarma barədə vəsatət versələr və bu cür vəsatətin təmin edilməsi işin baxılmasına zərər vurmazsa, iş qurtarana qədər həmin şəxslərə qaytarıla bilər (12).

Maddə 73. Ekspertiza təyin edilməsi

İşə baxılarkən elm, incəsənət, texnika və ya sənət sahəsində xüsusi bilik tələb edən məsələləri izah etmək üçün məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

Məhkəmə ekspertiza aparmaq üçün öz qərardadı ilə ekspert təyin edir və hansı məsələlər barəsində ekspertin rəyinin tələb olunduğunu göstərir. Zəruri halda bir neçə ekspert təyin edilə bilər.

İşdə iştirak edən hər bir şəxs ekspert tərəfindən izah edilməli məsələləri məhkəməyə təqdim etməyə haqlıdır. Ekspertin rəy verməli olduğu məsələlərin tam dairəsi məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə işdə iştirak edən şəxslərin təklif etdikləri məsələlərin rədd edilməsini əsaslandırmağa borcludur.

Maddə 74. Ekspertizanın aparılma qaydası

Ekspertiza müvafiq idarələrin ekspertləri, yaxud məhkəmənin təyin etdiyi başqa mütəxəssislər tərəfindən aparılır. Lazımi biliyə malik olan hər bir şəxs, ekspert sifətində rəy vermək üçün çağırıla bilər. Məhkəmə ekspert təyin etdikdə işdə iştirak edən şəxslərin rəyini nəzərə alır.

Ekspertiza məhkəmədə aparılır və ya tədqiqatın xarakterinə görə, yaxud tədqiq edilən predmeti məhkəməyə gətirmək qeyri-mümkün və ya çətin olduğuna görə zəruri hallarda məhkəmədən kənarda aparılır.

Bir neçə ekspert təyin edildikdə onlar bir-biri ilə məsləhətləşə bilərlər. Ekspertlər ümumi rəyə gəldikdə, həmin rəy ekspertlərin hamısı tərəfindən imzalanır. Başqa ekspertlərlə razılaşmayan ekspertlər ayrıca rəy tərtib edirlər.

Maddə 75. Ekspertin vəzifələri və hüquqları

Ekspert təyin edilmiş şəxs məhkəmənin çağırışı üzrə gəlməyə və qarşısında qoyulan məsələlər barəsində obyektiv rəy verməyə borcludur.

Ekspert rəy vermək üçün işin materialları ilə tanış olmaq, işdə iştirak edən şəxslərə və şahidlərə suallar vermək, habelə ona əlavə materiallar təqdim olunmasını məhkəmədən xahiş etmək hüququna malikdir.

Ekspert öz adından rəy verir və verdiyi rəy üçün şəxsən məsuliyyət daşıyır.

Ekspertə verilən materiallar kifayət qədər olmadıqda və ya verilən suallar onun xüsusi biliyindən kənara çıxdıqda, ekspert rəy verməkdən imtina etməyə haqlıdır. Belə hallarda ekspert rəy verməyin mümkün olmaması haqqında məhkəməyə yazılı surətdə xəbər verir.

Ekspert məhkəmənin çağırışı üzrə gəlməkdən qəsdən boyun qaçırmağa və ya üzrlü səbəblər olmadan rəy verməkdən imtina etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci maddəsi üzrə məsuliyyət daşıyır.

Ekspert qəsdən yalan rəy verməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi üzrə məsuliyyət daşıyır (22, 34).

Maddə 76. Ekspertin rəyi

Ekspert, onun xüsusi biliyinə uyğun olaraq apardığı tədqiqatlara əsasən əsaslandırılmış rəy verir.

Rəy yazılı şəkildə şərh olunmalıdır və işə əlavə edilir. Ekspertin rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulan suallara əsaslandırılmış cavablar verilməlidir.

Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında məsələ qoyulmayan halları müəyyən edərsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır.

Maddə 77. Ekspertizanın rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi

Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 55-ci maddəsində müəyyən edilən qaydalar üzrə məhkəmə tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

Yeddinci fəsil. Məhkəmə xərcləri

Maddə 78. Məhkəmə xərcləri

Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə 79. Dövlət rüsumu — 1999-cu il 2 aprel tarixli 648-IQD saylı qanunla yeni redaksiyada

Məhkəməyə verilən iddia ərizələrindən, dövlət və sair orqanların, habelə vəzifəli şəxslərin hərəkətlərindən (qərarlarından) şikayətlərdən, xüsusi icraat işləri üzrə ərizələrdən, kassasiya şikayətlərindən və məhkəmə qərarlarından nəzarət qaydasında protest verilməsi barədə ərizələrdən, habelə məhkəmə aktlarının və işdə olan sair sənədlərin surətlərinin məhkəmə tərəfindən verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş qaydada və miqdarda (dərəcələrlə) dövlət rüsumu alınır (12, 30, 31, 38).

Maddə 80. Kassasiya şikayəti verildikdə dövlət rüsumunun miqdarı — 1980-ci il 30 sentyabr tarixli fərmanla yeni redaksiyada

Məhkəmə qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə dövlət rüsumu iddia ərizəsi (xüsusi icraat işləri üzrə ərizə) verilərkən ödənilməli olan rüsum dərəcəsinin, əmlak mübahisələri üzrə isə mübahisəli məbləğə əsasən hesablanmış rüsum dərəcəsinin əlli faizi miqdarında alınır.

Məhkəmə qərardadından verilən xüsusi şikayətlərdən dövlət rüsumu alınmır (12).

Maddə 81. İddia qiymətinin müəyyən edilməsi

İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir:

1) pul alınması haqqındakı iddialarda — alınan məbləğlə;

2) əmlakın tələb edilməsi haqqındakı iddialarda — tələb edilən əmlakın dəyəri ilə;

3) aliment alınması haqqındakı iddialarda — bir il ərzində ödəmənin məcmuyu ilə;

4) müddəti verilmə və ya ödəmə haqqındakı iddialarda — bütün vermə və ya ödəmələrin məcmuyu ilə, lakin üç ildən artıq olmamaq şərti ilə;

5) müddətsiz və ya ömürlük vermə, yaxud ödəmələr haqqındakı iddialarda — vermə və ya ödəmələrin üç illik məcmuyu ilə;

6) ödəmə və ya vermələrin azaldılması, yaxud artırılması haqqındakı iddialarda — ödəmə və ya vermənin azaldığı və ya artırıldığı məbləğlə, lakin bir ildən artıq olmamaq şərti ilə;

7) şəxsi mülkiyyət hüququ üzrə vətəndaşlara məxsus olan tikinti üzərində mülkiyyət hüququ haqqındakı iddialarda — tikintinin dəyəri ilə, lakin inventar qiymətindən aşağı olmamaq şərti ilə, inventar qiyməti olmadıqda — məcburi okladlı sığorta üzrə qiymətdən aşağı olmamaq şərti ilə, dövlət, kooperativ təşkilatlarına və ictimai təşkilatlara məxsus olan tikintilər üçün isə tikintinin balans qiymətindən aşağı olmamaq şərti ilə;

8) bir neçə müstəqil tələbdən ibarət olan iddialarda — bütün tələblərin ümumi məbləği ilə;

9) ödəmə və ya vermənin xitam edilməsi haqqındakı iddialarda — qalan ödəmə və ya vermənin məcmuyu ilə, lakin bir ildən artıq olmamaq şərti ilə;

10) əmlak kirayəsi müqaviləsinin vaxtından əvvəl pozulması haqqındakı iddialarda — müqavilənin qüvvədə olmasının qalan müddəti ərzində əmlakdan istifadə etməyə görə ödəmənin məcmuyu ilə, lakin üç ildən artıq olmamaq şərti ilə.

İddianın qiyməti iddiaçı tərəfindən göstərilir. Tələb edilən əmlakın göstərilən qiyməti həqiqi dəyərinə aşkar surətdə uyğun gəlmədikdə, iddianın qiyməti hakim tərəfindən müəyyən edilir.

Maddə 82. Dövlət rüsumu kəsirinin ödənilməsi

İddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə dövlət rüsumunun miqdarı əvvəlcədən hakim tərəfindən müəyyən edilir, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən, müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır.

İddia tələbləri artırıldıqda, rüsumun kəsir məbləği artırılmış iddia qiymətinə müvafiq olaraq ödənilir.

Maddə 83. Dövlət rüsumunun qaytarılması

Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qismən və ya tamamilə qaytarılmalıdır:

1) qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə;

2) ərizəni qəbul etməkdən imtina edilərsə;

3) bu Məcəlləni 132-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə iddia ərizəsi iddiaçıya qaytarılarsa;

4) bu Məcəllənin 222-ci maddəsinin 1-ci və 2-ci bəndləri ilə nəzərdə tutulmuş əsaslar üzrə işin icraatı xitam edilərsə;

5) əgər işə məhkəmədə baxılmamalıdırsa, habelə bu Məcəllənin 224-cü maddəsinin 1-ci və 2-ci bəndləri ilə nəzərdə tutulmuş əsaslar üzrə ərizə baxılmamış saxlanılarsa.

Bu maddənin 1-ci bəndi ilə nəzərdə tutulan halda dövlət rüsumunun artıq ödənilmiş məbləği qaytarılır.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi başqa hallarda da qaytarılmalıdır.

Dövlət rüsumu maliyyə orqanları tərəfindən bu şərtlə qaytarılır ki, onun qaytarılması barədə ərizə, məbləğin büdcəyə daxil olduğu gündən bir illik müddət keçənə qədər məhkəməyə verilmiş olsun (12, 34).

Maddə 84. İşə baxılması ilə əlaqədar məsrəflər

İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar aiddir:

1) şahidlərə və ekspertlərə verilməli olan məbləğlər;

2) yerində müayinə keçirilməsi ilə əlaqədar olan xərclər;

3) cavabdehin axtarılması üzrə xərclər;

4) məhkəmə qətnaməsinin icrası ilə əlaqədar olan xərclər;

5) vəkilin dövlət hesabına ödənilmiş əmək haqqı xərcləri (16).

Maddə 85. Şahidlərə, ekspertlərə və tərcüməçilərə verilməli məbləğlər

Şahidlərin, ekspertlərin və tərcüməçilərin məhkəməyə gəlməklə əlaqədar olaraq yol xərci və mənzil kirayəsi ödənilir və onlara sutkalıq xərc verilir.

Ekspertlər və tərcüməçilər məhkəmənin tapşırığı üzrə gördükləri iş üçün, əgər bu iş onların qulluq vəzifələrinə daxil deyildirsə, haqq almaq hüququna malikdirlər.

Şahid sifətində məhkəməyə çağırılmış fəhlə və qulluqçuların məhkəməyə gəlmələri ilə əlaqədar olaraq işdə olmadıqları müddətdə onların iş yerində orta qazancı saxlanılır.

Fəhlə və qulluqçular sırasına daxil olmayan şahidlər işdən və ya adi məşğuliyyətindən ayrıldıqlarına görə haqq almaq hüququna malikdirlər.

Maddə 86. Şahidlərə və ekspertlərə verilməli məbləğin tərəflərdən alınması

Şahidlərə və ekspertlərə verilməli məbləği və ya yerində müayinə aparılması ilə əlaqədar olan xərclərin ödənilməsi üçün zəruri məbləği, müvafiq xahişi etmiş tərəf, işə baxılana qədər verir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin, ekspertlərin çağırılması, yerində müayinə aparılması məhkəmənin təşəbbüsü ilə olduqda, tələb olunan məbləği tərəflər bərabər verirlər.

Bu maddədə göstərilən məbləği məhkəmə xərclərindən azad edilmiş tərəf ödəmir.

Maddə 87. Şahidlərə, ekspertlərə və tərcüməçilərə çatası məbləğin verilməsi

Şahidlərə, ekspertlərə və tərcüməçilərə çatası məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən verilir. Şahidlərə və ekspertlərə bu məbləğ, onun tərəflərdən alınmasından asılı olmayaraq verilir.

Ödənilməli məbləğin verilmə qaydası və miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir (34).

Maddə 88. Məhkəmə xərclərini ödəməkdən azad olunma — 1980-ci il 30 sentyabr tarixli fərmanla yeni redaksiyada

Dövlət mədaxilinə məhkəmə xərclərini ödəməkdən aşağıdakılar azad olunurlar:

1) əmək haqqının tutulması barəsində iddialar üzrə və əmək hüququ münasibətlərindən əmələ gələn başqa tələblər üzrə — iddiaçı fəhlə və qulluqçular; əməyin ödənilməsi barədə kolxozlara verilən iddialar və əmək fəaliyyəti ilə əlaqədar digər tələblər üzrə — iddiaçı kolxozçular;

2) müəlliflik hüququndan, habelə kəşf, ixtira, səmərələşdirmə təklifi və sənaye nümunələri üçün hüquqdan əmələ gələn iddialar üzrə — iddiaçılar;

3) aliment alınması barəsində iddialar üzrə — iddiaçılar;

4) şikəstlik və ya səhhətə digər xəsarət nəticəsində, habelə ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə — iddiaçılar;

5) zərər çəkənə ödənilmiş müavinət və pensiya məbləğinin ziyan vurandan tutulması barəsində reqres iddiaları üzrə — sosial sığorta orqanları və sosial təminat orqanları, yanlış ödənilmiş müavinətin və pensiyaların tutulması barəsində iddialar üzrə — sosial təminat orqanları;

6) cinayət nəticəsində vurulmuş maddi zərərin ödənilməsi barəsində iddialar üzrə — iddiaçılar;

7) nikahın pozulması haqqındakı işlər üzrə kassasiya şikayətlərindən — vətəndaşlar;

8) cinayət işləri və aliment işləri ilə əlaqədar olaraq vətəndaşlara, müəssisələrə, idarələrə və təşkilatlara sənədlər verilməsi üçün — vətəndaşlar, müəssisələr, idarələr və təşkilatlar;

9) başqa şəxslərin hüquqlarının və mənafeyinin müdafiəsi üçün qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan hallarda ərizə ilə məhkəməyə müraciət etmiş prokurorluq orqanları, habelə dövlət orqanları, müəssisələr, idarələr, təşkilatlar, onların birlikləri, siyasi partiyalar, həmkarlar ittifaqları, ictimai birliklər və ya ayrı-ayrı vətəndaşlar;

10) xüsusi icraat işləri üzrə məhkəməyə ərizə vermək üçün — maliyyə orqanları;

11) bu Məcəllənin 90-2-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə — vətəndaşlar, inzibati orqanlar və vəzifəli şəxslər;

12) qanunsuz olaraq məhkum edilməklə, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməklə, qanunsuz olaraq qətimkan tədbiri kimi həbsə alınmaqla, yaxud həbs və ya islah işləri növündə qanunsuz olaraq inzibati tənbeh verilməsi ilə vətəndaşa vurulmuş zərərin ödənilməsi ilə əlaqədar mübahisələr üzrə — tərəflər;

13) ətraf mühitin çirkləndirilməsi və təbii ehtiyatlardan səmərəsiz istifadə edilməsi nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi və vəsaitin tutulması haqqında işlər üzrə — iddiaçı dövlət təbiəti mühafizə orqanları;

14) qiymət intizamını pozmaq nəticəsində kooperativlərin əsassız olaraq əldə etdiyi gəlirin və müvafiq cərimənin tutulub büdcəyə verilməsi haqqında işlər üzrə — iddiaçı dövlət qiymət orqanları;

15) istehlakçıların hüquqlarının pozulması barədə qaldırdıqları iddialar üzrə — iddiaçılar.

Başqa şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün iş başlamış prokuror, dövlət orqanları, müəssisələr, idarələr, təşkilatlar, onların birlikləri, siyasi partiyalar, həmkarlar ittifaqları, ictimai birliklər və ya ayrı-ayrı vətəndaşlar başqa şəxsin xeyrinə verdikləri iddiadan imtina etdikdə, həmin şəxs isə işə mahiyyəti üzrə baxmağı tələb etdikdə, məhkəmə xərcləri ümumi əsaslar üzrə ödənilməlidir.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə tərəflərin dövlət mədaxilinə məhkəmə xərclərini ödəməkdən azad edilməsinin sair halları da nəzərdə tutula bilər.

Məhkəmə və ya hakim vətəndaşın əmlak vəziyyətindən asılı olaraq onu dövlət mədaxilinə məhkəmə xərclərini ödəməkdən tamamilə və ya qismən azad etməyə haqlıdır (12, 15, 26, 30, 34, 37).

Maddə 89. Məhkəmə xərclərinin ödənilməsinə möhlət verilməsi və ya hissə-hissə ödənilməsi

Tərəflərin əmlak vəziyyətindən asılı olaraq məhkəmə və ya hakim, dövlət mədaxilinə məhkəmə xərclərinin ödənilməsinə möhlət verə bilər, yaxud onları hissə-hissə ödətdirə bilər.

Maddə 90. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi

Tərəf dövlət mədaxilinə məhkəmə xərclərini ödəməkdən azad edilmiş olsa da, iş üzrə çəkilmiş bütün məhkəmə xərclərini məhkəmə ondan, xeyrinə qətnamə çıxarılmış tərəf üçün alır.

İddia qismən təmin edilmişsə, bu maddədə göstərilən məbləğ məhkəmə tərəfindən təmin edilmiş iddia tələblərinin miqdarına mütənasib olaraq iddiaçıya verilir, cavabdehə isə iddia tələblərinin iddiaçıya rədd edilmiş hissəsinə mütənasib olaraq verilir.

Bu maddədə göstərilən qaydalar kassasiya şikayətləri verərkən tərəflərin ödədikləri dövlət rüsumuna da aiddir.

Yuxarı instansiya məhkəməsi işi yenidən baxılmağa verməyərək, çıxarılmış qətnaməni dəyişdirsə və yeni qətnamə çıxarsa, o, məhkəmə xərclərinin bölüşdürülməsini müvafiq surətdə dəyişdirir (16).

Maddə 90-1. Hüqüqi yardım üçün haqq ödəməkdən azad etmə — 1982-ci il 23 sentyabr tarixli fərmanla əlavə edilmişdir.

Hakim işi məhkəmə baxışına hazırlayarkən və ya məhkəmə işə baxarkən vətəndaşın əmlak vəziyyətini nəzərə alaraq onu hüquqi yardım üçün haqq ödəməkdən tamamilə və ya qismən azad edib vəkilin əmək haqqının ödənilməsinə dair xərcləri dövlət hesabına ödəyə bilər.

Hüquq məsləhətxanasına ödənilməli məbləğ vəkillər kollegiyasının vətəndaşlara göstərdiyi hüquqi yardım haqqının ödənilməsini tənzimləyən normalara uyğun surətdə müəyyən edilir.

Hüquqi yardım haqqını ödəməkdən vətəndaşın tamamilə və ya qismən azad edilməsi haqqında hakimin qərarı və ya məhkəmənin qərardadı icra üçün eyni vaxtda hüquq məsləhətxanasına və məhkəmənin olduğu yerin maliyyə orqanına göndərilir (16).

Maddə 90-2. Şikayətə baxılması ilə əlaqədar məsrəflərin bölgüsü — 1990-cı il 17 aprel tarixli fərmanla yeni redaksiyada

Əgər məhkəmə şikayəti ödəməkdən imtina haqqında qərar çıxararsa, şikayətə baxılması ilə əlaqədar məsrəfləri vətəndaşın, hərbi qulluqçunun, kollektivin üzərinə qoya bilər, yaxud dövlət hakimiyyəti orqanının, idarənin, təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin hərəkətlərinin qanunsuz olduğunu müəyyən edərsə, bu məsrəfləri həmin orqanın, idarənin, təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin üzərinə qoya bilər (26, 27, 39).

Maddə 91. İddiaçı iddiadan imtina etdikdə və barışıq sazişi bağlandıqda məhkəmə xərclərinin və kömək üçün vəkilə ödənilən xərclərin bölüşdürülməsi

İddiaçı iddiadan imtina etdikdə onun çəkdiyi məhkəmə xərcləri cavabdeh tərəfindən ödənilmir. Lakin iddia verildikdən sonra iddia tələblərini cavabdehin könüllü surətdə təmin etməsi nəticəsində iddiaçı öz tələblərini müdafiə etməzsə, məhkəmə iddiaçının xahişi ilə, iddiaçının iş üzrə çəkdiyi bütün məhkəmə xərclərini və hüquqi kömək göstərdiyinə görə vəkilə ödənilən xərcləri cavabdehdən alır.

Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərclərinin və hüquqi kömək göstərməyə görə vəkilə ödənilən xərclərin bölüşdürülməsi qaydasını nəzərdə tutmamışlarsa, məhkəmə bu məsələni bu Məcəllənin 90, 94, 95-ci maddələrinə uyğun olaraq həll edir.

Maddə 92. Məhkəmə xərclərinin tərəflərə ödənilməsi

Başqa şəxslərin hüquqlarının və qanunla mühafizə olunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmiş prokurorluq orqanlarının, habelə dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin və ya ayrı-ayrı vətəndaşların iddiaları tamamilə və ya qismən rədd edildikdə, cavabdehin çəkdiyi məhkəmə məsrəfləri cavabdehə büdcə vəsaitindən tam və ya iddia tələblərinin mütənasib olaraq iddiaçıya rədd edilmiş hissəsi üzrə ödənilir.

Bu Məcəllənin 36-cı maddəsinin üçüncü hissəsi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən işə cəlb edilmiş cavabdehə verilən iddia rədd edildikdə, onun çəkdiyi məhkəmə xərcləri büdcə vəsaitindən ödənilir.

Əmlakın həbsdən azad edilməsi barədə iddia təmin edilərsə, iddiaçının çəkdiyi məhkəmə xərcləri ona büdcə vəsaitindən ödənilir (12, 34).

Maddə 93. İş vaxtını itirməyə görə haqqın tutulması

Məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, orta qazanca müvafiq olaraq, iş vaxtının faktik itirilməsi üçün digər tərəfin xeyrinə haqqın tutulmasını qət edə bilər, lakin bu məbləğ, iddia tələblərinin təmin edilmiş hissəsinin beş faizindən artıq olmamalıdır.

Maddə 94. Vəkilin etdiyi köməyin ödənilməsi üzrə xərclərin verilməsi

Məhkəmə işdə iştirak etmiş vəkilin əmək haqqının ödənilməsi üzrə xərcləri iddia tələblərinin təmin edilmiş hissəsinə və ya iddia tələblərinin məhkəmə tərəfindən rədd edilmiş hissəsinə mütənasib olaraq, vəkillər kollegiyasının vətəndaşlara göstərdiyi hüquqi yardım haqqının ödənilməsini tənzimləyən normalara uyğun surətdə xeyrinə qətnamə çıxarılmış tərəf üçün digər tərəfə ödətdirə bilər.

Cavabdeh də məhkəmə tərəfindən iddianın rədd edilmiş hissəsinə mütənasib olaraq, vəkilin etdiyi köməyin ödənilməsi üzrə öz xərclərini ödətdirmək hüququna malikdir.

Tərəfə vəkilin köməyi müəyyən edilmiş qaydaya uyğun olaraq pulsuz göstərilmişsə, məhkəmə həmin məbləği hüquq məsləhətxanasının xeyrinə və ya dövlət mədaxilinə ala bilər, bu şərtlə ki, tərəfin hüquqi yardım haqqını ödəməkdən azad edilməsi barəsində qətnamə bu Məcəllənin 90-1-ci maddəsində göstərilən qaydada qəbul olunsun (12, 16).

Maddə 95. Məhkəmə xərclərinin dövlətə ödənilməsi

İşə baxılması ilə əlaqədar məsrəflər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məsrəflər dövlət mədaxilinə iddiaçıdan alınır.

İddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad edilmişsə, işə baxılması ilə əlaqədar məsrəflər məhkəmə xərclərini ödəməkdən azad edilməmiş iddiaçıdan, iddia tələblərinin təmini rədd edilmiş hissəyə mütənasib olaraq dövlət mədaxilinə alınır.

Hər iki tərəf məhkəmə xərclərini ödəməkdən azad edilmişsə, işə baxılması ilə əlaqədar məsrəflər dövlət hesabına aid edilir.

Çatası ödənişi ödəməkdən boyun qaçıran şəxs haqqında axtarış elan edilərsə, məhkəmə axtarış aparılması üzrə xərcləri ondan dövlət mədaxilinə alır (16).

Maddə 96. Məhkəmə xərcləri ilə əlaqədar olan məsələlər üzrə qərardadlardan şikayət verilməsi

Məhkəmə xərcləri ilə əlaqədar olan məsələlər ürə qərardadlardan xüsusi şikayət və ya protest verilə bilər.

Səkkizinci fəsil. Məhkəmə cərimələri

Maddə 97. Məhkəmə cərimələrinin qoyulması

Məhkəmə cərimələri bu Məcəllə ilə nəzərdə tutulan hallarda və miqdarda məhkəmə tərəfindən qoyulur.

Müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin vəzifəli şəxslərinə məhkəmə tərəfindən qoyulan cərimələr onların şəxsi vəsaitlərindən alınır.

Cərimə qoyulması barədə qərardadın surəti, cərimə qoyulmuş şəxsə göndərilir (34).

Maddə 98. Cərimənin götürülməsi və ya azaldılması

Üzərinə cərimə qoyulmuş şəxs qərardadın surətini aldıqdan sonra on gün ərzində cərimənin götürülməsini və ya onun miqdarının azaldılmasını cərimə qoymuş məhkəmədən xahiş edə bilər. Bu ərizəyə məhkəmə iclasında baxılır. Üzərinə cərimə qoyulmuş şəxs iclasın vaxtı və yeri haqqında xəbərdar edilir, lakin onun gəlməməsi məhkəmənin ərizəyə baxmasına mane olmur.

Cəriməni götürməkdən və ya onun miqdarını azaltmaqdan imtina etmək barədə məhkəmə qərardadından xüsusi şikayət və ya protest verilə bilər.

Doqquzuncu fəsil. Prosessual müddətlər

Maddə 99. Mülki işlərin məhkəmədə baxılmağa hazırlanması və onlara baxılması müddətləri — 1985-ci il 27 may tarixli fərmanla yeni redaksiyada

Mülki işlər məhkəmədə baxılmağa ərizənin qəbul edildiyi gündən başlayaraq ən geci yeddi gün müddətində hazırlanmalıdır. Bu maddənin ikinci hissəsində göstərilən işlərdən başqa, xüsusilə mürəkkəb işlər üzrə bu müddət hakimin əsaslandırılmış qərardadına əsasən müstəsna hallarda iyirmi günədək uzadıla bilər.

Aliment alınması haqqındakı, şikəst etmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailə dolandıranın ölməsi ilə vurulan ziyanın ödənilməsi haqqındakı işlərə və əmək hüquq münasibətlərindən əmələ gələn tələblər üzrə işlərə, tərəflər bir şəhərdə və ya rayondadırsa, işlərin məhkəmədə baxılmağa hazırlanmasının qurtardığı gündən başlayaraq on gündən gec olmamaqla, başqa hallarda isə iyirmi gündən gec olmamaqla, birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır.

Qalan mülki işlərə onların məhkəmədə baxılmağa hazırlanmasının qurtardığı gündən bir aydan gec olmamaqla baxılır (19).

Maddə 100. Prosessual müddətlərin hesablanması

Prosessual hərəkətlər qanunla müəyyən olunan müddətlərdə edilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dürüst təqvim tarixi ilə və ya vaxt dövrü ilə müəyyən edilir. Son halda hərəkət bütün dövr ərzində edilə bilər.

İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

Maddə 101. Prosessual müddətlərin qurtarması

İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddəti, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Lakin bu hərəkət məhkəmədə edilməlidirsə, məhkəmədə müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı saatda müddət qurtarmış hesab edilir.

Şikayət, sənədlər, yaxud pul məbləği, müddətin son günü saat iyirmi dördə qədər poçt və ya teleqrafa verilmişsə, müddət keçməmiş hesab edilir.

Maddə 102. Prosessual müddətlərin buraxılması nəticələri

Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

Prosessual müddətlər keçdikdən sonra verilən şikayətlər və sənədlər baxılmamış saxlanılır.

Maddə 103. Prosessual müddətlərin dayandırılması

İş üzrə icraat dayandırıldıqda bütün qurtarmayan prosessual müddətlərin axımı dayandırılır. Müddətlərin dayandırılması icraatın dayandırılması üçün əsas olan halların əmələ gəldiyi vaxtdan başlanır. İcraat bərpa edildiyi gündən prosessual müddətlərin axımı davam edir.

Maddə 104. Prosessual müddətlərin uzadılması

Məhkəmənin təyin etdiyi müddətlər, marağı olan şəxslərin ərizəsi üzrə məhkəmə tərəfindən uzadıla bilər.

Maddə 105. Prosessual müddətlərin bərpa edilməsi

Qanunla müəyyən edilmiş müddəti məhkəmənin üzrlü hesab etdiyi səbəblərə görə buraxmış şəxslər üçün, buraxılmış müddət bərpa edilə bilər.

Maddə 106. Müddətin bərpa edilməsi haqqında ərizə

Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir və işdə iştirak edən şəxslərə xəbər verilməklə məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulan məsələnin həll edilməsinə maneçilik törətmir.

Müddətin bərpa edilməsi haqqında ərizə verilməklə eyni zamanda müddətin keçirildiyi prosessual hərəkət edilməlidir (şikayət, sənədlər verilməli və i.a.).

Buraxılmış prosessual müddətin bərpa edilməsini rədd etmək barədə məhkəmənin qərardadından xüsusi şikayət və ya protest verilə bilər.

Onuncu fəsil. Məhkəmə bildirişləri və çağırışları

Maddə 107. Məhkəmənin çağırış vərəqələri

İşdə iştirak edən şəxslər, ictimai təşkilatların və əmək kollektivlərinin nümayəndələri, məhkəmə iclasının və ya ayrı-ayrı prosessual hərəkətlərin edilmə vaxtı və yeri haqqında məhkəmənin çağırış vərəqələri ilə xəbərdar edilirlər.

Şahidlər, ekspertlər və tərcüməçilər çağırış vərəqələri ilə məhkəməyə çağırılırlar.

İşdə iştirak edən şəxslərə və nümayəndələrə çağırış vərəqələri, zəruri hallarda isə telefonoqramlar və teleqramlar elə çatdırılmalıdır ki, onların işə hazırlaşmağa və məhkəməyə vaxtında gəlməyə kifayət qədər vaxtları olsun.

Maddə 108. Çağırış vərəqələrinin çatdırılması

Çağırış vərəqəsi, xəbər verilən və ya çağırılan şəxsə tərəfin və ya işdə iştirak edən digər şəxsin göstərdiyi ünvan üzrə çatdırılır. Vətəndaş həqiqətdə məhkəməyə məlum edilən ünvanda yaşamırsa, çağırış vərəqəsi onun işlədiyi yerə göndərilə bilər.

Hakim işdə iştirak edən şəxsin razılığı ilə ona, iş üzrə xəbər verilən və ya çağırılan digər şəxsə çatdırmaq üçün çağırış vərəqəsi verə bilər. Hakimin çağırış vərəqəsini çatdırmağı tapşırdığı şəxs çağırış vərəqəsini almaq barədə ünvan sahibinin imzaladığı çağırış vərəqəsinin ikinci nüsxəsini məhkəməyə qaytarmalıdır.

Çağırış vərəqələri sifarişli məktubla poçt vasitəsi ilə və ya kağız paylayanlarla göndərilir. Çağırış vərəqəsinin ünvan sahibinə verildiyi vaxt, verilən çağırış vərəqəsində və onun məhkəməyə qaytarılmalı ikinci nüsxəsində qeyd edilir.

Maddə 109. Çağırış vərəqəsinin məzmunu

Çağırış vərəqəsinin məzmunu aşağıdakılardan ibarət olmalıdır:

1) məhkəmənin adı və dürüst ünvanı;

2) şəxsin gəlməli olduğu yer və vaxt;

3) hansı iş üzrə çağırılır;

4) çağırılan və ya xəbərdar edilən fiziki şəxsin familiyası, adı, atasının adı, ünvanı və nə sifəti ilə çağırıldığı və ya hüquqi şəxsin adı, ünvanı və nə sifəti ilə çağırıldığı;

5) işdə iştirak edən şəxslərə işə dair onlarda olan bütün sənədləri təqdim etmək təklifi;

6) çağırılan şəxsin olmaması ilə əlaqədar olaraq çağırış vərəqəsini qəbul etmiş şəxsin, imkan olan kimi onu çağırılana çatdırılması vəzifəsi;

7) məhkəməyə çağırılan şəxsin gəlməməsinin nə kimi nəticələri olacağına dair göstəriş.

Hakim çağırış vərəqəsi ilə eyni zamanda iddia ərizəsinin surətinin və ərizəyə əlavə edilmiş sənədlərin surətlərini cavabdehə göndərir. Cavabdehin yazılı izahatları məhkəməyə daxil olmuşsa, hakim onların surətlərini çağırış vərəqəsi ilə iddiaçıya göndərir.

Maddə 110. Çağırış vərəqəsinin verilməsi

Çağırış vərəqəsi onun məhkəməyə qaytarılmalı ikinci nüsxəsini imzalatmaqla vətəndaşa şəxsən verilir. Müəssisəyə, idarəyə, təşkilata, onların birliklərinə, siyasi partiyaya, həmkarlar ittifaqına, ictimai birliyə göndərilən çağırış vərəqəsi müvafiq vəzifəli şəxsə, çağırış vərəqəsinin ikinci nüsxəsini imzalatmaqla verilir.

Çağırış vərəqəsini aparan şəxs iş üzrə xəbər verilən və ya çağırılan vətəndaşı onun yaşadığı və ya işlədiyi yerdə tapmazsa, çağırış vərəqəsi çağırılanla bir yerdə yaşayan böyük yaşlı ailə üzvlərindən birinə, onlar olmadıqda isə mənzil-istismar təşkilatına, qəsəbə və ya kənd icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Göstərilən hallarda çağırış vərəqəsini qəbul etmiş şəxs çağırış vərəqəsinin ikinci nüsxəsində öz familiyasını, adını və atasının adını, habelə çağırılana öz münasibətini və ya tutduğu vəzifəsini göstərməlidir (22, 34).

Maddə 111. Çağırış vərəqəsini qəbul edənin vəzifəsi

Çağırış vərəqəsini qəbul edən şəxs imkanı olan kimi yubatmadan onu çağırılana verməlidir.

Çağırılan müvəqqəti olaraq başqa yerə (ezamiyyətə və s.) getdikdə, çağırış vərəqəsini aparan şəxs, çağırılanın hara getdiyini və nə vaxt qayıdacağını çağırış vərəqəsinin ikinci nüsxəsində qeyd edir. Bu məlumatlar müvafiq mənzil-istismar təşkilatı, qəsəbə və ya kənd icra hakimiyyəti orqanı və ya çağırılanın iş yerinin müdiriyyəti tərəfindən yəqin edilməli və təsdiq olunmalıdır (22, 34).

Maddə 112. Çağırış vərəqəsini qəbul etməkdən imtina edilməsinin nəticələri

Çağırılan çağırış vərəqəsini qəbul etməkdən imtina etdikdə, onu aparan şəxs çağırış vərəqəsində müvafiq qeyd etməklə, onu məhkəməyə qaytarır. Çağırılanın çağırış vərəqəsini qəbul etməkdən imtina etməsi barədə qeyd mənzil-istismar təşkilatı, qəsəbə və ya kənd icra hakimiyyəti orqanı, yaxud çağırılanın iş yerinin müdiriyyəti tərəfindən təsdiq edilir.

Çağırış vərəqəsini qəbul etməkdən imtina edilməsi işə baxılmasına mane olmur (22, 34).

Maddə 113. İşdə iştirak edən şəxslərin öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat vermək vəzifəsi

İşdə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə bir məlumat olmadıqda, çağırış vərəqələri və bildirişlər məhkəməyə məlum olan axırıncı ünvana göndərilir və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, çağırış vərəqəsi və bildiriş çatdırılmış hesab edilir.

İşin icraatı zamanı öz ünvanını dəyişdirməsi barədə məhkəməyə məlumat vermək vəzifəsini yerinə yetirməməyə görə məhkəmə işdə iştirak edən şəxsləri və nümayəndələri 30 manatadək cərimə etməyə haqlıdır (17).

Maddə 114. Cavabdehin olduğu yer məlum olmadıqda məhkəmənin hərəkəti

Cavabdehin həqiqi yeri məlum olmadıqda, məhkəmə, cavabdehin məlum olan axırıncı yaşayış yerindəki mənzil-istismar təşkilatının, yaxud qəsəbə və ya kənd icra hakimiyyəti orqanının çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır.

Aliment alınması haqqında, şikəst etmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyanın ödənilməsi haqqında iddialar üzrə cavabdehin olduğu yer məlum olmadıqda, məhkəmə daxili işlər orqanları vasitəsi ilə cavabdehin axtarışını elan etməyə borcludur.

Müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin iddiaları üzrə cavabdehin olduğu yer məlum olmadıqda, məhkəmə daxili işlər orqanları vasitəsilə cavabdehin axtarışını elan edə bilər (22, 34).

İkinci bölmə. Birinci instansiya məhkəməsində icraat

I. İddia icraatı

On birinci fəsil. Məhkəmə aidiyyəti

Maddə 115. Rayon (şəhər) xalq məhkəməsinə aid olan mülki işlər

Məhkəmə orqanlarına aid olan mülki işlərə rayon (şəhər) xalq məhkəmələri tərəfindən baxılır.

Maddə 116. Naxçıvan MSSR Ali Məhkəməsinə, Bakı Şəhər Məhkəməsinə aid olan mülki işlər

Naxçıvan MSSR Ali Məhkəməsi, Bakı Şəhər Məhkəməsi hər hansı bir mülki işi müvafiq olaraq muxtar respublikanın, Bakı şəhərinin ərazisindəki rayon (şəhər) xalq məhkəməsindən almağa və onu birinci instansiya məhkəməsi kimi öz icraatına qəbul etməyə haqlıdır (11, 34).

Maddə 117. Azərbaycan Respublikasının Ali Məhkəməsinə aid olan mülki işlər

Azərbaycan Respublikasının Ali Məhkəməsi hər hansı bir işi Azərbaycan Respublikasının hər hansı bir məhkəməsindən almağa və onu birinci instansiya məhkəməsi kimi öz icraatına qəbul etməyə haqlıdır (34).

Maddə 118. İddianın cavabdehin olduğu yerə görə verilməsi

İddia cavabdehin yaşadığı yerin məhkəməsinə verilir.

Hüquqi şəxsə iddia, hüquqi şəxsin orqanının və ya əmlakının olduğu yerə görə verilir.

Maddə 119. İddiaçının seçməsinə görə aidiyyət

Yaşayış yeri məlum olmayan cavabdehə iddia, onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər.

Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia, onun əmlakının olduğu yerə görə və ya Azərbaycan Respublikasında məlum olan axırıncı yaşayış yerinə görə verilir.

Hüquqi şəxsin filialının fəaliyyətindən əmələ gələn iddia, filialın olduğu yerə görə də verilə bilər.

Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.

Müəyyən edilmiş qaydada, xəbərsiz itkin düşmüş, ruhi xəstəliyi və ya kəmağıllığı nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərə, habelə cinayət törətməyə görə azı üç il müddətinə azadlıqdan məhrum olunmağa məhkum edilmiş şəxslərlə nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də, nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.

Şikəst etmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə də verilə bilər.

Vətəndaşın və ya hüquqi şəxsin əmlakına vurulan ziyanın ödənilməsi haqqında iddialar ziyan vurma yerinə görə də verilə bilər.

Gəmilərin toqquşması nəticəsində vurulan zərərin ödənilməsinə dair, habelə dənizdə kömək göstərilməsinə və xilas etməyə görə mükafat alınması haqqında iddialar cavabdehin gəmisinin olduğu yerə görə və ya gəminin aid olduğu yerə görə də verilir.

İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər.

Qanunsuz olaraq məhkum edilməklə, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməklə, qanunsuz olaraq qətimkan tədbiri kimi həbsə alınmaqla, yaxud həbs və ya islah işləri şəklində qanunsuz olaraq inzibati tənbeh verilməsi ilə vətəndaşa vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerində verilə bilər.

Bu maddəyə əsasən işin aid olduğu bir neçə məhkəmədən birini seçmək hüququ iddiaçıya aiddir (2, 6, 12, 15, 34).

Maddə 120. İstisna edilən aidiyyət

Tikintiyə dair hüquq haqqında, torpaq sahələrindən istifadə qaydasının müəyyən edilməsi haqqında, əmlakın həbsdən azad edilməsi haqqında iddialar əmlakın və ya torpaq sahəsinin olduğu yerin məhkəməsinə aiddir.

Vərəsələr, vərəsəliyi qəbul edənə qədər vərəsə edənin kreditorlarının iddiaları, miras əmlakın və ya onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir.

Yükləri, sərnişinləri və ya baqajı daşıma müqavilələrindən əmələ gələn, yükdaşıyanlara verilən iddialar müəyyən qaydada pretenziya verilmiş nəqliyyat təşkilatı idarəsinin olduğu yerə görə verilir.

Maddə 121. Müqavilə aidiyyəti

Tərəflər öz aralarındakı saziş üzrə işin ərazi aidiyyətini dəyişdirə bilərlər.

Bu Məcəllənin 120-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət tərəflərin sazişi üzrə dəyişdirilə bilməz.

Maddə 122. Bir-biri ilə əlaqədar olan bir neçə işin aidiyyəti

Müxtəlif yerlərdə yaşayan və ya olan bir neçə cavabdehə iddia, iddiaçının seçməsinə görə cavabdehlərdən birinin yaşadığı və ya olduğu yerə görə verilir.

Qarşılıqlı iddia, aidiyyətindən asılı olmayaraq, ilk iddianın baxıldığı yerin məhkəməsinə verilir.

Cinayət işindən əmələ gələn mülki iddia, cinayət işinin icraatı zamanı verilməmişsə və ya həll edilməmişsə, bu Məcəllə ilə müəyyən edilmiş aidiyyət haqqındakı qaydalar üzrə mülki mühakimə icraatı qaydasında baxılmaq üçün verilir.

Maddə 123. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi

Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

Məhkəmə, işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir:

1) həmin işə başqa məhkəmədə, xüsusən sübutların əksəriyyətinin olduğu yerdə daha tez və düzgün baxılacağını müəyyən edərsə;

2) əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh, işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət edərsə;

3) hakimlərdən biri və ya bir neçəsi etiraz edilməklə kənarlaşdırıldıqdan sonra, onları həmin məhkəmədə əvəz etmək mümkün olmazsa;

4) iş həmin məhkəmədə başlandıqdan sonra onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa.

İşin başqa məhkəməyə baxılmağa verilməsi haqqındakı qərardaddan xüsusi şikayət və ya protest vermək olar.

Maddə 124. Yuxarı məhkəmənin işi bir məhkəmədən başqa məhkəməyə verməsi

Ayrı-ayrı hallarda, işə daha tez və düzgün baxılması məqsədi ilə, habelə məhkəmə baxışının tərbiyəvi rolunu daha yaxşı təmin etmək məqsədi ilə iş, məhkəmə iclasında baxılmağa başlanmazdan əvvəl, aid olduğu bir məhkəmədən başqa məhkəməyə verilə bilər.

Azərbaycan Respublikasının ərazisində işin göstərilən əsaslar üzrə bir məhkəmədən başqa məhkəməyə verilməsi məsələsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri və ya onun müavini tərəfindən, Naxçıvan MR, Bakı şəhəri ərazisində isə həmçinin müvafiq surətdə Naxçıvan MR Ali Məhkəməsinin sədri, Bakı Şəhər Məhkəməsinin sədri tərəfindən, tərəflərin və işdə iştirak edən digər şəxslərin vəsatəti üzrə, prokurorun və ya işin aid olduğu məhkəmənin təqdimatı üzrə, habelə öz təşəbbüsü ilə həll edilir (11, 34).

Maddə 125. İşin Azərbaycan Respublikasının bir məhkəməsindən digər məhkəməsinə verilməsi

Bu Məcəllənin 123-cü maddəsində göstərilən əsaslar üzrə iş Azərbaycan Respublikasının bir məhkəməsindən digər məhkəməsinə məhkəmənin qərardadına əsasən, həmin qərardaddan şikayət və ya protest vermə müddəti keçdikdən sonra, şikayət və ya protest verildikdə isə, şikayət və ya protestin təmin edilməsi haqqında qərardad çıxarıldıqdan sonra verilir (34).

Maddə 126. Aidiyyət haqqında mübahisəyə yol verilməməsi

Bu Məcəllənin 124-cü maddəsində göstərilən qaydada bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir.

Azərbaycan Respublikasının məhkəmələri arasında aidiyyətə dair mübahisələrə yol verilmir (34).

Maddə 127. İşlərin bir müttəfiq respublikanın məhkəməsindən digər müttəfiq respublikanın məhkəməsinə verilməsi — 1993-cü il 17 mart tarixli qanunla çıxarılmışdır (34).

On ikinci fəsil. İddianın verilməsi

Maddə 128. İddia ərizəsinin forması

İddia ərizəsi məhkəməyə yazılı şəkildə və ya şifahi verilir. Şifahi ərizə hakim və ya onun tapşırığı ilə məhkəmə katibi tərəfindən protokolla tərtib edilir, iddiaçıya oxunur, iddiaçı və hakim tərəfindən imzalanır.

Maddə 129. İddia ərizəsinin məzmunu

İddia ərizəsində aşağıdakılar göstərilməlidir:

1) ərizənin verildiyi məhkəmənin adı;

2) iddiaçının adı, atasının adı, familiyası, iddiaçı hüquqi şəxsdirsə, onun adı, olduğu yer, iddia nümayəndə tərəfindən verilirsə, onun adı, atasının adı, familiyası və ünvanı;

3) cavabdehin adı, atasının adı, familiyası, onun yaşadığı yer və cavabdeh hüquqi şəxsdirsə, onun olduğu yer;

4) iddiaçının öz tələbini əsaslandırdığı hallar və iddiaçının şərh etdiyi halları təsdiq edən sübutlar;

5) iddiaçının tələbi;

6) iddia qiymətləndirilməlidirsə, iddianın qiyməti;

7) iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısı.

İddia ərizəsi iddiaçı və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən iddia ərizəsinə etibarnamə və ya nümayəndənin səlahiyyətini təsdiq edən başqa sənəd əlavə edilməlidir.

Maddə 130. İddia ərizəsinin və sair sənədlərin surətləri

Yazılı iddia ərizəsi cavabdehlərin sayına görə surətləri ilə məhkəməyə verilir. Hakim, işin mürəkkəbliyindən və xarakterindən asılı olaraq, iddiaçını sənədlərin iddia ərizəsinə əlavə edilən surətlərini cavabdehlərin sayına görə təqdim etməyə məcbur edə bilər.

Maddə 131. Mülki işlər üzrə ərizələrin qəbul edilməsi

Hakim mülki iş üzrə ərizəni qəbul etmək məsələsini təkbaşına həll edir.

İddia ərizələri xalq məhkəməsində xalq hakimi tərəfindən qəbul edilir.

Hakim aşağıdakı hallarda ərizəni qəbul etməkdən imtina edir:

1) ərizəyə məhkəmədə baxılmalı deyildirsə;

2) məhkəməyə müraciət etmiş maraqlı şəxs işin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla qoyulmuş qaydaya riayət etməmişsə;

3) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair, nikahın pozulması haqqında işlərdən başqa, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsinin qəbul olunması haqqında və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa;

4) nikahın pozulması haqqında iddianın təmin olunmasından imtina barəsində məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən altı aylıq müddət keçməmişsə;

5) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iş eyni və ya digər məhkəmənin icraatında olarsa;

6) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair yoldaşlıq məhkəməsi öz səlahiyyəti dairəsində qətnamə qəbul etmiş olarsa;

7) həmin mübahisəni münsiflər məhkəməsinin həllinə vermək barədə tərəflər arasında müqavilə bağlanmışdırsa;

8) iş həmin məhkəməyə aid deyildirsə;

9) ərizəni fəaliyyət qabiliyyəti olmayan şəxs vermişsə;

10) maraqlı şəxsin adından ərizəni işi aparmağa səlahiyyəti olmayan şəxs vermişsə.

Hakim iddia ərizəsini qəbul etməkdən imtina etdikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır. Hakim qərardadda, iş məhkəməyə aid deyildirsə, ərizəçinin hansı orqana müraciət etməli olduğunu, yaxud işin başlanmasına mane olan halların necə aradan qaldırılmasını göstərir. Hakimin iddia ərizəsini qəbul etməkdən imtina etməsi barədə qərardadı, ərizəçinin vermiş olduğu sənədlərlə birlikdə ona verilir.

Bu maddənin 2, 8, 9 və 10-cu bəndləri ilə nəzərdə tutulmuş əsaslara görə hakimin ərizəni qəbul etməkdən imtina etməsi, yol verilmiş pozuntu aradan qaldırılarsa, həmin iş üzrə ərizə ilə məhkəməyə təkrar müraciət etməyə mane olmur. Hakimin iddia ərizəsini qəbul etməkdən imtina etməsi barədə qərardadından xüsusi şikayət və ya protest verilə bilər (12, 24).

Maddə 132. İddia ərizəsinin hərəkətsiz saxlanılması

Hakim iddia ərizəsinin bu Məcəllənin 129 və 130-cu maddələrində göstərilmiş tələblərə riayət edilmədən verildiyini və ya dövlət rüsumunun ödənilmədiyini müəyyən etdikdə, ərizənin hərəkətsiz saxlanmasına dair qərardad çıxarır, bu barədə iddiaçıya xəbər verir və nöqsanları düzəltmək üçün ona möhlət verir.

İddiaçı, hakimin göstərişlərinə uyğun olaraq bütün tələbləri müəyyən edilmiş vaxtda yerinə yetirərsə və ya dövlət rüsumunu ödəyərsə, iddia ərizəsi məhkəməyə təqdim edildiyi ilk gündə verilmiş hesab olunur. Əks halda ərizə verilməmiş hesab olunur və iddiaçıya qaytarılır.

Maddə 133. Qarşılıqlı iddianın verilməsi

Məhkəmə tərəfindən qətnamə çıxarılana qədər cavabdeh, ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır.

Qarşılıqlı iddia, iddia təqdim etmək haqqında ümumi qaydalar üzrə verilir.

Maddə 134. Qarşılıqlı iddianı qəbul etmək şərtləri

Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir:

1) qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə;

2) qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa;

3) qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə.

Maddə 135. Qarşılıqlı iddia ərizəsinin məzmunu

Qarşılıqlı iddia ərizəsi bu Məcəllənin 129 və 130-cu maddələrinin tələblərinə cavab verməli, dövlət rüsumu isə ödənilməlidir.

Qarşılıqlı iddia ərizəsinin bütün nöqsanları işə baxılana qədər aradan qaldırılmalıdır. Əks halda qarşılıqlı iddiaya həmin prosesdə baxılmır.

On üçüncü fəsil. İddianın təmin edilməsi

Maddə 136. İddianı təmin etmək üçün əsaslar

Məhkəmə və ya hakim işdə iştirak edən şəxslərin ərizəsi və vəsatəti ilə və ya öz təşəbbüsü ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Təmin tədbirlərinin görülməməsi məhkəmə qətnaməsinin icrasını çətinləşdirə bilərsə və ya icranı qeyri-mümkün edərsə, işin hər cür vəziyyətində iddianın təmin edilməsinə yol verilir.

Maddə 137. İddianı təmin etmək üçün tədbirlər

Aşağıdakılar iddianı təmin etmək üçün tədbirlər ola bilər:

1) cavabdehdə və ya sair şəxslərdə olan cavabdehə məxsus əmlak, yaxud pul məbləği üzərinə həbs qoymaq;

2) müəyyən hərəkətləri etməyə cavabdehə qadağan etmək;

3) cavabdehə əmlak verməyi və ya ona olan münasibətdə sair öhdəçilikləri yerinə yetirməyi başqa şəxslərə qadağan etmək;

4) əmlakı həbsdən azad etmək haqqında iddia təqdim edildikdə əmlakın satılmasını dayandırmaq;

5) mübahisə edilməsinə qanunla yol verilən, borclu tərəfindən iddia qaydasında mübahisə edilən tələbin icra sənədi üzrə alınmasının dayandırılması;

6) borclu notariusun icra qeydini iddia qaydasında mübahisə edirsə, həmin qeyd üzrə tələbin dayandırılması.

Məhkəmə və ya hakim, zəruri hallarda, iddianın təmin edilməsinin bir neçə növünə yol verə bilər.

Maddə 138. Qadağanı pozmağa görə məsuliyyət

Bu Məcəllənin 137-ci maddəsinin 2 və 3-cü bəndlərində göstərilən qadağanlar pozularsa, təqsirli şəxslər məhkəmənin qərardadı üzrə otuz manatadək miqdarda cərimə edilirlər. Bundan başqa, iddiaçı iddianın təmin edilməsi haqqında məhkəmə qərardadının icra edilməməsi ilə vurulmuş zərəri həmin şəxslərdən almağa haqlıdır (17).

Maddə 139. İddianı təmin etmənin bir növünün digəri ilə əvəz edilməsi

İddianı təmin etmənin bir növünün digəri ilə əvəz edilməsinə yol verilir.

İddianı təmin etmənin bir növünün digəri ilə əvəz edilməsi məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər, lakin onların gəlməməsi təmin etmənin növünün əvəz edilməsi haqqında məsələyə baxmağa mane olmur.

Pul məbləğinin alınması haqqında iddia təmin edildikdə, cavabdeh yol verilmiş təmin tədbirləri əvəzinə iddiaçı tərəfindən tələb olunan məbləği məhkəmənin depoziti hesabına verməyə haqlıdır.

Maddə 140. İddianı təmin etmək haqqında ərizəyə baxılması

İddianı təmin etmək haqqında ərizə, cavabdehə və işdə iştirak edən digər şəxslərə xəbər verilmədən, işə baxan hakim və ya məhkəmə tərəfindən həmin gün həll edilir.

Maddə 141. İddianı təmin etmək haqqında qərardadın icra edilməsi

İddianı təmin etmək haqqında qərardad məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada dərhal icra edilir.

Maddə 142. İddianı təmin etmənin ləğv olunması

İddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər.

İddianı təmin etmənin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi iddianı təmin etmənin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur.

İddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər.

Maddə 143. İddianı təmin etmək haqqındakı qərardaddan şikayət verilməsi

İddianı təmin etmək məsələləri üzrə bütün qərardadlardan xüsusi şikayət və ya protest vermək olar.

İddianı təmin etmək haqqında qərardad şikayət verən şəxsə xəbər verilmədən çıxarılmışsa, şikayət vermək müddəti, həmin qərardadın ona məlum olduğu gündən hesablanır.

Maddə 144. İddianı təmin etmək haqqında məhkəmə qərardadının icrasının dayandırılması

İddianı təmin etmək haqqında qərardaddan xüsusi şikayət və ya protest verilməsi həmin qərardadın icrasını dayandırmır.

İddianı təmin etməni ləğv etmək haqqında və ya iddianı təmin etmənin bir növünü digəri ilə əvəz etmək haqqında qərardaddan xüsusi şikayət və ya protest verilməsi həmin qərardadın icrasını dayandırır.

Maddə 145. İddianın təmin edilməsi nəticəsində vurulmuş zərərin cavabdehə ödənilməsi

Məhkəmə və ya hakim iddianın təmin edilməsinə yol verdikdə, cavabdehin çəkə biləcəyi zərərin təmin olunmasını iddiaçıdan tələb edə bilər.

Cavabdeh, iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra iddiaçının xahişi ilə, iddianın təmin edilməsi üzrə məhkəmə tərəfindən yol verilmiş tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır.

On dördüncü fəsil. Mülki işlərin məhkəmədə baxılmağa hazırlanması

Maddə 146. İşi məhkəmədə baxılmağa hazırlamaq üzrə hakimin hərəkətləri

Hakim iddia ərizəsini qəbul etdikdən sonra işi məhkəmədə baxılmağa hazırlayır, bu hazırlıqda məqsəd işin vaxtında və düzgün həll olunmasını təmin etməkdən ibarətdir.

Hakim işin məhkəmədə baxılmağa hazırlanması üçün aşağıdakı hərəkətləri təkbaşına edir:

1) iddia tələblərinin mahiyyəti barəsində iddiaçıdan izahat alır, cavabdeh tərəfindən edilə biləcək etirazları aydınlaşdırır, zəruri olarsa, əlavə sübutlar təqdim etməyi təklif edir, iddiaçının prosessual hüquq və vəzifələrini ona izah edir;

2) zəruri hallarda cavabdehi çağırır, işin halları barədə ondan izahat alır, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırır, xüsusilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutlar təqdim etməyi cavabdehə təklif edir, cavabdehin prosessual hüquq və vəzifələrini ona izah edir;

3) birgə cavabdehlərin və üçüncü şəxslərin işə cəlb edilməsi və ya daxil edilməsi məsələsini həll edir, birgə iddiaçıların işə daxil edilməsi məsələsini aydınlaşdırır, onlardan bu maddənin 1-ci və 2-ci bəndlərinə uyğun surətdə izahat alır;

4) mübahisəni həll etmək üçün tərəflərin münsiflər məhkəməsinə və ya yoldaşlıq məhkəməsinə müraciət etmək hüququnu və bu cür prosessual hərəkətin nəticələrini onlara izah edir;

5) prokurorun işdə iştirakı və müvafiq dövlət idarə orqanının prosesdə iştiraka cəlb olunması məsələsini həll edir; cavabdehin əmlak hüquqlarını qorumaq, habelə onun uşaqlarının mənafeyini təmin etmək üçün, müəyyən edilmiş qaydada, xəbərsiz itkin düşmüş, ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə nikahın pozulması haqqındakı işlər üzrə prosesdə iştirak etməyə qəyyumluq və himayəçilik orqanının cəlb olunması məsələsini həll edir;

6) ictimai təşkilat və əmək kollektivi nümayəndələrinin məhkəmə baxışında iştirakına yol verilməsi məsələsini həll edir;

7) şahidlərin məhkəmə iclasına çağırılması və ya bu Məcəllənin 61-ci maddəsinin ikinci hissəsi ilə nəzərdə tutulmuş qaydada onların dindirilməsi məsələsini həll edir;

8) müəssisələrdən, idarələrdən, təşkilatlardan, onların birliklərindən, siyasi partiyalardan, həmkarlar ittifaqlarından, ictimai birliklərdən və ya vətəndaşlardan yazılı və maddi sübutlar tələb edir və ya həmin sübutların məhkəməyə təqdim olunmaq üçün alınması barədə işdə iştirak edən şəxslərə sorğular verir;

9) işdə iştirak etməyə cəlb edilməmiş müəssisənin, idarənin, təşkilatın, onların birliyinin, siyasi partiyanın, həmkarlar ittifaqının, ictimai birliyin, yaxud vətəndaşın işin nəticəsilə marağı olduğunu müəyyən edərək, iş barədə və baxılma vaxtı haqqında onları xəbərdar edir;

10) işdə iştirak edən şəxslərin rəylərini nəzərə almaqla, ekspertiza aparılması məsələsini həll edir;

11) təxirə salınmamalı hallarda, işdə iştirak edən şəxslərə xəbər verməklə, yerində müayinə aparır;

12) başqa məhkəmələrə məhkəmə tapşırıqları göndərir (2, 12, 34).

Maddə 147. İşi məhkəmədə baxılmağa hazırlamaq haqqında qərardad

İşin məhkəmədə baxılmağa hazırlanması haqqında qərardadı hakim, işdə iştirak edən şəxsləri xəbərdar etmədən, təkbaşına çıxarır.

Hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır.

Maddə 148. Bir neçə iddia tələbinin birləşdirilməsi və ayrılması

İddiaçı bir-biri ilə əlaqədar olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır.

İddia ərizəsini qəbul edən hakim, tələblərə ayrıca baxılmasını məqsədə daha müvafiq hesab edərsə, birləşdirilmiş tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır.

Bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə iddia verilərsə, iddia ərizəsini qəbul etmiş hakim tələblərə ayrıca baxılmasını məqsədə daha müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır.

Hakim, həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi bir neçə eyni növlü işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işləri bir icraatda birləşdirmə mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.

Hakim bir neçə iddia tələbini birləşdirdikdə və ayırdıqda qərardad çıxarır.

On beşinci fəsil. Məhkəmə baxışı

Maddə 149. Məhkəmə iclası

Mülki işə, işdə iştirak edən şəxslər mütləq xəbərdar edilməklə, məhkəmə iclasında baxılır.

Müəyyən edilmiş qaydada, xəbərsiz itkin düşmüş, ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə nikahın pozulmasına dair işlərə cavabdehi məhkəməyə çağırmadan baxılır (2).

Maddə 150. Məhkəmə iclasında sədrlik edən

Rayon (şəhər) xalq məhkəməsinin məhkəmə iclasında xalq hakimi Azərbaycan Respublikası, Naxçıvan MR ali məhkəmələrinin, Bakı Şəhər Məhkəməsinin məhkəmə iclasında məhkəmə sədri, onun müavini və ya məhkəmə üzvü sədrlik edir.

Sədrlik edən işin bütün hallarının, tərəflərin hüquq və vəzifələrinin tam, hərtərəfli və obyektiv surətdə aydınlaşdırılmasını təmin edərək və baxılan işlə əlaqəsi olmayan hər şeyi məhkəmə baxışından çıxararaq məhkəmə iclasına rəhbərlik edir.

İşdə iştirak edən şəxslərdən, nümayəndələrdən, şahidlərdən, ekspertlərdən, təcrüməçilərdən hər hansı biri sədrlik edənin hərəkətlərinə qarşı etiraz etdikləri hallarda, bu etiraz məhkəmə iclasının protokolunda qeyd olunur və məsələ məhkəmənin bütün tərkibi tərəfindən həll edilir.

Sədrlik edən məhkəmənin iclas salonunda lazımi qaydaya riayət olunmasını təmin etmək üçün müvafiq tədbirlər görür (11, 34).

Maddə 151. Məhkəmə baxışının vasitəsizliyi, şifahiliyi və fasiləsizliyi

Birinci instansiya məhkəməsi işə baxarkən iş üzrə sübutları vasitəsiz olaraq tədqiq etməyə: işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini dinləməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə borcludur.

İşə şifahi və hakimlərin dəyişilməz tərkibində baxılır. İşə baxılması prosesində hakimlərdən biri əvəz olunduqda işə lap əvvəldən baxılmalıdır.

İstirahət üçün müəyyən edilmiş vaxtdan başqa, hər iş üzrə məhkəmə iclası fasiləsiz aparılır. Başlanmış işə baxılması qurtarana qədər və ya onun baxılması təxirə salınanadək, məhkəmə digər işlərə baxmağa haqlı deyildir.

Maddə 152. İctimaiyyətin məhkəmə baxışında iştirakı

İşdə tərəf olmayan ictimai təşkilatların və əmək kollektivlərinin nümayəndələri onları vəkil etmiş təşkilatların və ya kollektivin məhkəmədə baxılan iş barəsində fikrini məhkəməyə şərh etmək üçün məhkəmənin qərardadına görə məhkəmə baxışında iştirak etməyə buraxılırlar.

İctimai təşkilatların və əmək kollektivlərinin nümayəndələri işin materialları ilə tanış olmaq, iş üzrə bütün məhkəmə iclaslarında iştirak etmək, sübutlar təqdim etmək, sübutların tədqiq olunmasında iştirak etmək, işdə iştirak edən şəxslərə, şahidlərə və ekspertlərə suallar vermək, məhkəmə baxışı gedişində ortaya çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini təqdim etmək, məhkəmədəki müzakirələrədə iştirak etmək hüququna malikdirlər.

İctimai təşkilatlar və əmək kollektivləri nümayəndələrinin səlahiyyəti ictimai təşkilatın və ya kollektivin ümumi yığıncağının, yaxud seçkili orqanının məhkəmə tərəfindən baxılan işlə əlaqədar qəbul etdiyi qərardan çıxarışlarla təsdiq edilir (12).

Maddə 153. Məhkəmə iclasında qayda

Hakimlər iclas salonuna daxil olduqda və onlar müşavirə otağına getdikdə məhkəmə iclası salonunda iştirak edənlərin hamısı ayağı qalxır. İclas salonunda olan bütün şəxslər məhkəmə qətnaməsini ayaq üstə duraraq dinləyirlər.

İşdə iştirak edən şəxslər, nümayəndələr, şahidlər, ekspertlər, tərcüməçilər məhkəməyə müraciət edərkən və öz ifadələrini və izahatlarını verərkən ayaq üstə dururlar. Bəzi hallarda, yalnız sədrlik edənin icazəsi ilə bu qaydadan kənara çıxmağa yol verilə bilər.

İşdə iştirak edən şəxslər, nümayəndələr, şahidlər, ekspertlər, tərcüməçilər, habelə məhkəmə iclası salonunda olan vətəndaşların hamısı müəyyən olunmuş qaydaya məhkəmə iclasında riayət etməli və sədrlik edənin sərəncamlarına sözsüz tabe olmalıdırlar.

Maddə 154. Məhkəmə iclasında qaydanı pozan şəxslər haqqında görülən tədbirlər

Sədrlik edən, işə baxılma zamansı qaydanı pozan şəxsə məhkəmə adından xəbərdarlıq edir.

İşdə iştirak edən şəxslər, nümayəndələr, şahidlər, ekspertlər, tərcüməçilər qaydanı təkrar pozduqda, məhkəmənin qərardadı üzrə məhkəmə baxışında iştirak edən şəxslər isə sədrlik edənin sərəncamı üzrə məhkəmə iclası salonundan çıxarıla bilərlər. Məhkəmə işin baxışında iştirak edən vətəndaşları, qaydanı pozmağa görə otuz manatadək cərimə etməyə də haqlıdır.

Prokuror və vəkil sədrlik edənin sərəncamlarına tabe olmadıqda, onlara xəbərdarlıq edilir və bu, protokolda qeyd olunur. Həmin şəxslər sədrlik edənin sərəncamlarına yenə də tabe olmadıqda, işə zərər vurmadan həmin şəxsin başqa şəxslə əvəz edilməsi mümkün deyildirsə, məhkəmənin qərardadı ilə işə baxılması təxirə salına bilər. Məhkəmə eyni zamanda bu barədə müvafiq yuxarı prokurora və ya vəkillər kollegiyasının rəyasət heyətinə xəbər verir.

Tərəflər və ya üçüncü şəxslər məhkəmə iclasında qaydanı pozduqda, məhkəmə işə baxılmasını təxirə salır, yaxud qaydanı pozanları bütün məhkəmə baxışı və ya məhkəmə baxışının müəyyən hissəsi müddətində məhkəmə iclası salonundan çıxarır. Sədrlik edən, axırıncı halda məhkəmənin iclas salonuna yenidən buraxılmış şəxsi, o, iclasda olmadıqda edilmiş prosessual hərəkətlərlə tanış edir (17).

Maddə 155. Məhkəmə iclasının açılması

Hakimlər mülki işə baxılması üçün təyin olunmuş vaxtda iclas salonuna daxil olurlar və sədrlik edən məhkəmə iclasını açıb məhkəmənin hansı işə baxmalı olduğunu elan edir.

Maddə 156. Məhkəmə prosesi iştirakçılarının gəlməsini yoxlama

Məhkəmə iclasının katibi həmin iş üzrə çağırılanlardan kimin gəldiyini, gəlməyənlərə çağırış vərəqələrinin verilib-verilmədiyini və onların gəlməmələrinin səbəbləri barədə nə kim məlumatlar olduğunu məhkəməyə məruzə edir.

Məhkəmə gələnlərin şəxsiyyətini müəyyən edir, habelə vəzifəli şəxslərin və nümayəndələrin səlahiyyətini yoxlayır.

Maddə 157. Tərcüməçiyə onun vəzifələrinin izah edilməsi

Sədrlik edən mühakimə icraatının aparıldığı dili bilməyən şəxslərin izahatlarını, ifadələrini, vəsatətlərini tərcümə etmək, həmin şəxslərə isə ifadələrin, izahatların, bəyanatların, elan edilmiş sənədlərin məzmununun, habelə sədrlik edənin sərəncamlarını, məhkəmənin qərardadlarını və qətnaməsini tərcümə etmək vəzifəsini ona izah edir.

Tərcüməçiyə, bilə-bilə düzgün edilməyən tərcümə üstündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi üzrə məsuliyyət barədə xəbərdarlıq edilir. Tərcüməçi məhkəməyə gəlməkdən və ya öz vəzifəsini icra etməkdən boyun qaçırdıqda, ona ictimai təsir tədbirləri tətbiq edilə bilər və ya o, otuz manatadək cərimə oluna bilər (17, 34).

Maddə 158. Şahidlərin məhkəmənin iclas salonundan çıxarılması

Gəlmiş şahidlər dindirilənə qədər məhkəmə iclası salonundan çıxarılırlar. Sədrlik edən məhkəmə tərəfindən dindirilmiş şahidlərin dindirilməmiş şahidlərlə görüşməməsi üçün tədbirlər görür.

Maddə 159. Məhkəmə tərkibinin elan olunması və etiraz etmək hüququnun izah edilməsi

Sədrlik edən məhkəmənin tərkibini elan edir, kimin prokuror, ictimai təşkilatın və ya əmək kollektivinin nümayəndəsi, ekspert, tərcüməçi, məhkəmə iclasının katibi sifəti ilə iştirak etdiyini xəbər verir və işdə iştirak edən şəxslərə onların etiraz etmək hüququnu izah edir.

Etirazlar üçün əsaslar, edilən etirazın həlli qaydası və bu cür etirazların təmin edilmə nəticələri bu Məcəllənin 18-24-cü maddələri ilə müəyyən olunur.

Maddə 160. İşdə iştirak edən şəxslərə onların hüquq və vəzifələrinin izah olunması

Sədrlik edən, işdə iştirak edən şəxslərə və nümayəndələrə onların prosessual hüquq və vəzifələrini izah edir, habelə tərəflərə, mübahisəni həll etmək üçün onların münsiflər məhkəməsinə və ya yoldaşlıq məhkəməsinə müraciət etmək hüquqlarını və bu cür hərəkətin nəticələrini izah edir.

Maddə 161. İşdə iştirak edən şəxslərin və nümayəndələrin məhkəmə iclasına gəlməməsinin nəticələri

İşdə iştirak edən şəxslərdən və ya nümayəndələrdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə və onlara çağırış vərəqəsi verilməsi haqqında məlumat olmadıqda, məhkəmə işə baxılmasını təxirə salır.

Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən və ya nümayəndələrdən hər hansı biri məhkəmənin üzrlü hesab etdiyi səbəblərə görə məhkəmə iclasına gəlmədikdə, məhkəmə işə baxılmasını təxirə salır. Gəlməməyin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, gəlməyən şəxsin iştirakı olmadan işə baxıla bilər.

İşdə iştirak edən şəxslər və nümayəndələr məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlmədikdə və onların gəlməməsi işə baxılmasının təxirə salınmasına səbəb olduqda, məhkəmə onları, habelə müəssisənin, idarənin və ya təşkilatın nümayəndəsinin məhkəmə iclasına gəlməsinin təmin edilməməsində müqəssir olan vəzifəli şəxsi 30 manatadək cərimə etməyə haqlıdır.

Məhkəmə üzrlü səbəb olmadan gəlməyən prokuror və ya vəkil barəsində qərardadla yuxarı prokurora və ya vəkillər kollegiyasının rəyasət heyətinə xəbər verir (17).

Maddə 162. Tərəflərin üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməməsinin nəticələri

İddiaçı, yaxud cavabdeh və ya iddiaçı və cavabdeh üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlmədikdə, işə onun iştirakı olmadan baxılması barədə onların heç biri ərizə verməmiş olduqda, məhkəmə işə baxılmasını təxirə salaraq, iclasa gəlməyən iddiaçını və cavabdehi 30 manatadək cərimə etməyə haqlıdır.

Tərəflər üzrlü səbəblər olmadan təkrar çağırış üzrə gəlmədikdə, məhkəmə işdə olan materiallarla işi həll etməyi mümkün hesab etməzsə, iddianı baxılmamış saxlayır (17).

Maddə 163. Aliment alınması haqqında işlər üzrə cavabdehin məhkəmə iclasına gəlməməsinin nəticələri

Məhkəmə aliment alınması haqqında işlər üzrə cavabdehin gəlməsini məcburi hesab edə bilər. Bu halda cavabdeh məhkəmənin üzrsüz hesab etdiyi səbəblərə görə məhkəmə iclasına gəlməzsə, o, otuz manatadək cərimə edilir və məcburi gətirilir (17).

Maddə 164. Şahidlərin və ya ekspertlərin məhkəmə iclasına gəlməməsinin nəticələri

Şahidlər və ya ekspertlər məhkəmə iclasına gəlmədikdə, məhkəmə, gəlməyən şahidlərin və ya ekspertlərin iştirakı olmadan işə baxmağın mümkün olması haqqında işdə iştirak edən şəxslərin mülahizələrini və prokurorun rəyini dinləyərək, məhkəmə baxışını davam etdirmək və ya işə baxılmasını müəyyən müddətə təxirə salmaq haqqında qərardad çıxarır.

Çağırılmış şahid məhkəmə tərəfindən üzrsüz hesab edilən səbəblərə görə məhkəmə iclasına gəlmədikdə, o, 30 manatadək cərimə edilir, təkrar çağırış üzrə gəlmədikdə isə məcburi gətirilir (17, 22).

Maddə 165. İşə baxılmasının tə'xirə salınması

İşə baxılmasının tə'xirə salınmasına bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və ya işdə iştirak edən şəxslərdən, nümayəndələrdən, şahidlərdən, ekspertlərdən, tərcüməçilərdən hər hansı biri gəlmədikdə, qarşılıqlı iddia verildikdə, yeni sübutlar tələb etmək zərurəti olduqda, habelə işə həmin məhkəmə iclasında baxılmasına mane olan sair hallarda yol verilir.

İş tə'xirə salındıqdan sonra ona yenidən baxılması əvvəldən başlanır.

Məhkəmə işə baxılmasını tə'xirə saldıqda, işdə iştirak edən şəxsləri çağırmaq və ya sübutlar tələb etmək üçün zəruri olan vaxtı nəzərə almaqla, məhkəmənin yeni iclasının gününü tə'yin edərək, gəlmiş şəxslərə imzalatmaqla bu barədə xəbər verir. Gəlməmiş və prosesdə iştirak etməyə yeni cəlb edilmiş şəxslərə yeni məhkəmə iclasının vaxtı haqqında çağırış vərəqələri ilə xəbər verilir.

Maddə 166. İşə baxılması tə'xirə salındıqda şahidin dindirilməsi

İşdə iştirak edən bütün şəxslər məhkəmə iclasında iştirak edərsə, işin baxılması tə'xirə salındıqda məhkəmə gəlmiş şahidləri dindirə bilər. Həmin şahidlərin yeni məhkəmə iclasına təkrar çağırılmasına yalnız zəruri hallarda, məhkəmənin qərardadı üzrə yol verilir.

Maddə 167. Ekspertə onun hüquq və vəzifələrinin izah edilməsi

Sədrlik edən, ekspertə onun hüquq və vəzifələrini izah edir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu və 181-ci maddələri üzrə məs'uliyyət haqqında ona xəbərdarlıq edir (34).

Maddə 168. İşdə iştirak edən şəxslərin ərizələrinin məhkəmə tərəfindən həll edilməsi

İşdə iştirak edən şəxslərin və nümayəndələrin yeni sübutlar tələb etmək və işə baxmaqla əlaqədar olan bütün başqa məsələlər üzrə ərizə və vəsatətləri, işdə iştirak edən digər şəxslərin mülahizələri və prokurorun rə'yi dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll edilir.

Maddə 169. İşə mahiyyəti üzrə baxılmağa başlaması

İşə mahiyyəti üzrə baxılması sədrlik edənin və ya xalq iclasçısının iş barədə mə'ruzəsi ilə başlanır. Sədrlik edən, sonra iddiaçının öz tələblərini müdafiə edib-etmədiyini, iddiaçının tələblərini cavabdehin e'tiraf edib-etmədiyini, tərəflərin işi barışıq sazişi ilə qurtarmaq və ya mübahisəni həll etmək üçün yoldaşlıq məhkəməsinə, yaxud münsiflər məhkəməsinə müraciət etməyi arzu edib-etmədiyini soruşur.

Maddə 170. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı e'tiraf etməsi və tərəflərin barışıq sazişi

İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı e'tiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır.

İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı e'tiraf etməsi və ya tərəflərin barışıq sazişi məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə edilmişdirsə, bu ərizələr işə əlavə edilir və bu, məhkəmə iclasının protokolunda göstərilir.

İddiaçının iddiadan imtina etməsi qəbul edilənə və ya tərəflərin barışıq sazişi təsdiq edilənə qədər məhkəmə iddiaçıya və ya tərəflərə müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir.

Məhkəmə iddiaçının iddiadan imtina etməsini qəbul etmək və ya tərəflərin barışıq sazişini təsdiq etmək haqqında qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraatı xitam edir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı e'tiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini qəbul etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır.

Maddə 171. İşdə iştirak edən şəxslərin izahatları

İş haqqında mə'ruzədən sonra məhkəmə iddiaçının və onun tərəfində iştirak edən üçüncü şəxsin, cavabdehin və onun tərəfində iştirak edən üçüncü şəxsin, habelə işdə iştirak edən sair şəxslərin ifadələrini dinləyir.

Qanun üzrə sair şəxslərin hüquqları və mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət edə biləcəkləri hallarda prokuror, habelə dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin müvəkkilləri və ayrı-ayrı vətəndaşlar birinci olaraq izahat verirlər.

İşdə iştirak edən şəxslər sədrlik edənin icazəsi ilə bir-birinə suallar verməyə haqlıdırlar.

İşdə iştirak edən şəxslərin yazılı izahatları və bu Məcəllənin 51 və 56-cı maddələri ilə nəzərdə tutulan qaydada məhkəmənin aldığı izahatlar sədrlik edən tərəfindən e'lan olunur (34).

Maddə 172. Sübutları tədqiq etmək qaydasının müəyyən olunması

Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, şahidlərin, ekspertlərin dindirilməsi və digər sübutların tədqiq olunması qaydasını müəyyən edir.

Maddə 173. İfadə verməkdən imtina etmək və bilə-bilə yalan ifadələr vermək üstündə məs'uliyyət haqqında şahidə xəbərdarlıq edilməsi

Sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edir və ifadə verməkdən imtina etmək və bilə-bilə yalan ifadələr vermək üstündə məs'uliyyət haqqında ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məs'uliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. İltizam məhkəmə iclası protokoluna əlavə edilir.

Sədrlik edən on altı yaşına çatmamış şahidlərə iş üzrə onlara mə'lum olan hər şeyi düzgün danışmaq vəzifəsini izah edir, lakin ifadə verməkdən imtina etmək və bilə-bilə yalan ifadə vermək üstündə məs'uliyyət haqqında onlara xəbərdarlıq edilmir.

Maddə 174. Şahidlərin dindirilməsi

Hər bir şahid ayrılıqda dindirilir. Hələ ifadə verməmiş şahidlər işə baxılan zaman məhkəmənin iclas salonunda ola bilməzlər.

Dindirilmiş şahidlər işə baxılması qurtarana qədər məhkəmənin iclas salonunda qalırlar. Məhkəmə dindirilmiş şahidlərin işə baxılması qurtarana qədər məhkəmənin iclas salonundan getmələrinə tərəflərin razılığı ilə icazə verə bilər.

Maddə 175. Şahidi dindirmə qaydası

Sədrlik edən, şahidin işdə iştirak edən şəxslərə olan münasibətini aydınlaşdırır və iş üzrə ona şəxsən mə'lum olan hər şeyi məhkəməyə bildirməsini təklif edir. Bundan sonra, şahidə suallar verilə bilər. İşdə əlaqəsi olmayan, habelə yönəldici suallar sədrlik edən tərəfindən rədd edilir.

Şahidə birinci olaraq, tələbi ilə onu çağırtdıran şəxs və onun nümayəndəsi, sonra isə iştirak edən sair şəxslər və onların nümayəndələri suallar verir. Məhkəmənin təşəbbüsü ilə çağırılmış şahidə birinci olaraq iddiaçı sual verir.

Hakimlər şahidin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdırlar.

Məhkəmə, zəruri halda, həmin və ya sonrakı iclasda şahidi təkrar dindirə bilər, habelə şahidlərin ifadələrindəki ziddiyyətləri aydınlaşdırmaq üçün onları üzləşdirə bilər.

Əgər müəyyən edilməsi üçün şahidlər çağırılan hallar aydınlaşdırılmışsa, məhkəmə tərəflərin razılığı ilə müvafiq qərardad çıxarmaqla, gəlmiş bütün şahidləri və ya onların bir hissəsini dindirilməkdən azad edə bilər.

Maddə 176. Şahidin hüquqları

Şahid öz ana dilində ifadə verə bilər, onun ifadələri hər hansı bir hesablamalarla və yadda çətin saxlanıla bilən digər mə'lumatlarla əlaqədar olduqda, yazılı qeydlərdən istifadə edə bilər. Bu qeydlər məhkəməyə və işdə iştirak edən şəxslərə təqdim edilir və məhkəmənin qərardadı üzrə işə əlavə edilə bilər.

Maddə 177. Həddi-büluğa çatmamış şahidin dindirilməsi

On dörd yaşına qədər olan həddi-büluğa çatmamışın şahid sifətində dindirilməsi pedaqoqun iştirakı ilə aparılır. Zəruri halda valideynlər və onun sair qanuni nümayəndələri də çağırılır. On dörd yaşından on səkkiz yaşına qədər olan həddi-büluğa çatmamış şahid dindirilərkən, göstərilən şəxslər məhkəmənin mülahizəsi ilə çağırılır. Göstərilən şəxslər sədrlik edənin icazəsi ilə şahidə suallar verə bilərlər.

Müstəsna hallarda həqiqəti müəyyən etmək üçün zəruri olduqda, işdə iştirak edən bu və ya digər şəxs həddi-büluğa çatmamış şahid dindirilərkən məhkəmənin qərardadı ilə məhkəmə iclası salonundan çıxarıla bilər. Bu şəxs iclas salonuna qayıtdıqdan sonra, ona həddi-büluğa çatmamış şahidin ifadəsi bildirilməli və şahidə suallar verməsinə imkan verilməlidir.

On altı yaşına çatmamış şahid dindirildikdən sonra, məhkəmə həmin şahidin iclas salonunda iştirakını zəruri hesab etdiyi hallardan başqa, məhkəmə iclası salonundan çıxarılır.

Maddə 178. Şahid ifadələrinin e'lan edilməsi

Bu Məcəllənin 51, 56-cı maddələri ilə, 61-ci maddəsinin ikinci hissəsi ilə və 166-cı maddəsi ilə nəzərdə tutulan qaydada toplanmış şahid ifadələri məhkəmə iclasında e'lan edilir.

Maddə 179. Yazılı sübutların tədqiq edilməsi

Bu Məcəllənin 51, 56-cı maddələri və 146-cı maddəsinin 11-ci bəndi ilə nəzərdə tutulan qaydada tərtib edilmiş yazılı sübutlar və ya onların müayinə protokolları məhkəmə iclasında e'lan edilir və işdə iştirak edən şəxslərə, nümayəndələrə, zəruri hallarda isə ekspertlərə və şahidlərə təqdim edilir. Bundan sonra, işdə iştirak edən şəxslər izahat verə bilərlər.

Maddə 180. Vətəndaşların şəxsi yazışmalarının və teleqraf xəbərlərinin e'lan edilməsi — 1980-ci il 30 sentyabr tarixli fərmanla yeni redaksiyada

Yazışmanın və teleqraf xəbərlərinin gizliliyini qorumaq məqsədilə vətəndaşların şəxsi yazışması və şəxsi teleqraf xəbərləri, ancaq aralarında yazışma və teleqraf xəbərləri olmuş şəxslərin razılığı ilə açıq məhkəmə iclasında e'lan edilə bilər. Əks halda bu cür yazışma və teleqraf xəbərləri qapalı məhkəmə iclasında e'lan olunur və tədqiq edilir (12).

Maddə 181. Sənədin saxtalığı barədə mə'lumat

İşdə olan sənədin saxtalığı barədə mə'lumat verildikdə, həmin sənədi təqdim etmiş şəxs onu sənədlər içərisindən çıxarmağı və işi başqa sənədlərə əsasən həll etməyi məhkəmədən xahiş edə bilər.

Məhkəmə, sənədin saxtalığı barədə mə'lumatı yoxlamaq üçün ekspertiza tə'yin edə bilər və başqa sübutlar tələb edə bilər.

Məhkəmə, sənədin saxtalığı barədə rə'yə gələrsə, o, onu sübutlar sırasından çıxarır. Zəruri hallarda məhkəmə cinayət işi başlayır, yaxud saxta sənədi məhkəməyə təqdim etmiş şəxs barədə ictimai tə'sir tədbirləri görmək üçün materialları şəxsin iş yeri, oxuduğu, yaxud yaşadığı yer üzrə ictimai təşkilata və ya yoldaşlıq məhkəməsinə göndərir.

Maddə 182. Maddi sübutların tədqiq edilməsi

Maddi sübutlar məhkəmə tərəfindən müayinə edilir və işdə iştirak edən şəxslərə, nümayəndələrə, zəruri hallarda isə həmçinin ekspertlərə və şahidlərə təqdim olunur.

Maddi sübutların təqdim edildiyi şəxslər məhkəmənin diqqətini müayinə ilə əlaqədar olan bu və ya başqa hallara cəlb edə bilərlər. Bu təkliflər məhkəmə iclasının protokoluna yazılır.

Bu Məcəllənin 51, 56-cı maddələri və 146-cı maddəsinin 11-ci bəndi ilə nəzərdə tutulan qayda tərtib edilmiş maddi sübutlar müayinəsinin protokolları məhkəmə iclasında e'lan olunur, bundan sonra, işdə iştirak edən şəxslər izahatlar verə bilərlər.

Maddə 183. Yerində müayinə

Məhkəməyə gətirilə bilməyən maddi və yazılı sübutlar, olduqları yerdə müayinə və tədqiq edilir. Məhkəmə, yerində müayinə aparılması haqqında qərardad çıxarır.

Yerində müayinə məhkəmənin bütün tərkibi tərəfindən aparılır. İşdə iştirak edən şəxslər və nümayəndələr yerində müayinənin vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi müayinənin aparılmasına mane olmur. Zəruri hallarda ekspertlər və şahidlər də çağırılır. Müayinənin nəticələri məhkəmə iclasının protokoluna yazılır. Müayinə zamanı tərtib edilmiş və ya yoxlanmış planlar, çertyojlar, şəkillər protokola əlavə edilə bilər.

Maddə 184. Ekspertin dindirilməsi

Ekspertin rə'yi məhkəmə iclasında e'lan edilir. Ekspertin rə'yini aydınlaşdırmaq və tamamlamaq üçün ekspertə suallar verilə bilər.

Xahişi üzrə ekspert tə'yin etdirən şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən sair şəxslər və onların nümayəndələri suallar verirlər. Məhkəmənin təşəbbüsü ilə tə'yin olunmuş ekspertə birinci olaraq iddiaçı suallar verir.

Hakimlər ekspertin dindirildiyi hər bir vaxt ona suallar verməyə haqlıdırlar.

Maddə 185. Əlavə və təkrar ekspertiza

Ekspertin rə'yi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza tə'yin edə bilər.

Məhkəmə, əsassızlığına görə ekspertin rə'yi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rə'yləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza tə'yin edə bilər.

Maddə 186. Dövlət idarə orqanlarının rə'yləri

Məhkəmə tərəfindən prosesdə iştirak etməyə cəlb edilən və ya öz təşəbbüsü ilə prosesə daxil olan dövlət idarə orqanlarının rə'yləri məhkəmə iclasında e'lan edilir, sonra isə məhkəmə, işdə iştirak edən şəxslər və onların nümayəndələri rə'yləri aydınlaşdırmaq və tamamlamaq məqsədi ilə həmin orqanların müvəkkillərinə suallar verə bilərlər.

Maddə 187. İctimai təşkilatların və əmək kollektivlərinin fikri

İctimai təşkilatların və əmək kollektivlərinin fikri məhkəmə iclasında onların nümayəndələri tərəfindən şərh edilir, sonra isə məhkəmə və işdə iştirak edən şəxslər baxılan iş üzrə ictimaiyyətin fikrini aydınlaşdırmaq və dürüstləşdirmək üçün həmin nümayəndələrə suallar verə bilərlər.

Maddə 188. İşə mahiyyəti üzrə baxmağın qurtarması

Bütün sübutlara baxıldıqdan sonra, sədrlik edən işdə iştirak edən şəxslərdən və nümayəndələrdən, onların işin materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşur. Bu cür vəsatətlər olmadıqda, sədrlik edən işin tədqiqinin qurtardığını e'lan edir və məhkəmə, məhkəmə çıxışlarını və prokurorun rə'yini dinləməyə başlayır.

Maddə 189. Məhkəmə çıxışları

Məhkəmə çıxışları işdə iştirak edən şəxslərin və onların nümayəndələrinin nitqlərindən ibarətdir.

Əvvəlcə iddiaçı və onun nümayəndəsi, sonra cavabdeh və onun nümayəndəsi çıxış edir. Artıq başlanmış prosesdə mübahisə predmetinə dair müstəqil tələblər irəli sürən üçüncü şəxs və onun nümayəndəsi tərəflərdən sonra çıxış edir. Mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxs və onun nümayəndəsi, tərəfində üçüncü şəxsin işdə iştirak etdiyi iddiaçıdan, yaxud cavabdehdən sonra çıxış edir.

Başqa şəxslərin hüquqlarının və qanunla mühafizə olunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmiş prokuror, habelə dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin müvəkkilləri və ya ayrı-ayrı vətəndaşlar məhkəmə çıxışlarında birinci olaraq çıxış edirlər.

Prosesdə iştirak etməyə məhkəmə tərəfindən cəlb edilmiş və ya öz təşəbbüsü ilə prosesə daxil olmuş dövlət idarə orqanlarının müvəkkilləri tərəflərdən və üçüncü şəxslərdən sonra məhkəmə çıxışlarında iştirak edirlər.

Məhkəmə baxışında iştirak etməyə buraxılmış ictimai təşkilatların və əmək kollektivlərinin nümayəndələri bu maddənin ikinci, üçüncü və dördüncü hissələrində göstərilən şəxslərdən sonra məhkəmə çıxışlarında iştirak edirlər (12, 34).

Maddə 190. Replikalar

Çıxışların bütün iştirakçılarının nitqlərindən sonra onlar nitqlərdə deyilənlərlə əlaqədar olaraq ikinci dəfə çıxış edə bilərlər. Son replika hüququ həmişə prokurorun rə'y verməsinə qədər cavabdehə və onun nümayəndəsinə məxsusdur.

Maddə 191. Prokurorun rə'yi

İşdə iştirak edən prokuror məhkəmə çıxışlarından sonra, bütünlüklə işin mahiyyəti üzrə rə'y verir.

Maddə 192. Mahiyyəti üzrə işə baxmağın təzələnməsi

Məhkəmə çıxışlarının iştirakçıları və ya rə'y verən prokuror öz çıxışlarında məhkəmə tərəfindən aydınlaşdırılmamış hallara, habelə məhkəmə iclasında tədqiq edilməmiş sübutlara əsaslanmağa haqlı deyildirlər. Məhkəmə çıxışları zamanı və ya prokuror rə'y verdiyi zaman, məhkəmə iş üçün əhəmiyyəti olan yeni halların aydınlaşdırılmasını və ya yeni sübutları tədqiq etməyi zəruri hesab edərsə, o, mahiyyəti üzrə işə baxmağın təzələnməsi barədə qərardad çıxarır. Bu halda mahiyyəti üzrə işə baxılması qurtardıqdan sonra məhkəmə çıxışları və prokurorun rə'yi ümumi qaydada olur.

Maddə 193. Məhkəmənin müşavirə otağına getməsi və qətnamənin e'lan edilməsi

Məhkəmə, məhkəmə çıxışlarından və prokurorun rə'yindən sonra qətnamə çıxarmaq üçün müşavirə otağına gedir və sədrlik edən bunu məhkəmə iclası salonunda iştirak edənlərə e'lan edir.

Məhkəmə qətnaməni imzaladıqdan sonra, məhkəmə iclası salonuna qayıdır, burada sədrlik edən və ya xalq iclasçısı məhkəmənin qətnaməsini e'lan edir. Sədrlik edən sonra qətnamənin məzmununu, şikayət etmə qaydasını və müddətini izah edir.

Məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərin bilmədiyi dildə şərh edilmişsə, qətnamə onların ana dilinə və ya bildikləri başqa dilə tərcümə edilməklə, məhkəmə iclasında iştirak edən tərcüməçi tərəfindən məhkəmə iclasında onlara oxunmalıdır.

On altıncı fəsil. Məhkəmənin qətnaməsi

Maddə 194. Qətnamə çıxarılması

İşi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin qərarı qətnamə formasında çıxarılır.

Azərbaycan Respublikasının məhkəmələri qətnamələri Azərbaycan Respublikası adından çıxarırlar (34).

Maddə 195. Qətnamənin qanuni və əsaslı olması

Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırır.

Maddə 196. Hakimlərin müşavirəsinin gizliliyi

Qətnamə məhkəmə tərəfindən müşavirə otağında çıxarılır. Müşavirə zamanı və qətnamə çıxarılarkən müşavirə otağında, ancaq həmin iş üzrə məhkəmə tərkibinə daxil olan hakimlər ola bilərlər. Sair şəxslərin müşavirə otağında olmasına yol verilmir.

Hakimlər, müşavirə zamanı deyilmiş mülahizələri yaya bilməzlər.

Maddə 197. Qətnamənin çıxarılma qaydası

Məhkəmə qətnaməsi səs çoxluğu ilə çıxarılır, yazılı şəkildə şərh edilir və bütün hakimlər tərəfindən imzalanır.

Azlıqda qalan hakim öz xüsusi rə'yini yazılı şəkildə şərh etməyə haqlıdır, həmin rə'y işə əlavə edilir.

Haqqında xüsusi rə'y olan işə kassasiya instansiyası məhkəməsində baxılmamışsa, həmin iş qətnamə qanuni qüvvəyə mindikdən sonra nəzarət qaydasında protest verilməsi məsələsini həll etmək üçün yuxarı məhkəmənin sədrinə göndərilməlidir.

Azərbaycan Respublikası Ali Məhkəməsi üzvünün, Naxçıvan MR Ali Məhkəməsi üzvünün, Bakı Şəhər Məhkəməsi üzvünün xüsusi rə'yi müvafiq məhkəmə sədrinin nəzərinə çatdırılır.

Qətnamədəki düzəlişlər hakimlərin imzalarından əvvəl qeyd edilməlidir (11, 34).

Maddə 198. Qətnamə çıxarıldıqda həll edilən məsələlər

Qətnamə çıxarıldıqda məhkəmə sübutları qiymətləndirir, iş üçün əhəmiyyəti olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın tə'min edilməli olub-olmadığını müəyyən edir.

Məhkəmə, iş üçün əhəmiyyətli olan yeni halları aydınlaşdırmağı və ya yeni sübutları tədqiq etməyi müşavirə zamanı zəruri hesab edərsə, işə mahiyyəti üzrə baxmağı təzələmək haqqında qərardad çıxarır. İşə mahiyyəti üzrə baxılması qurtardıqdan sonra məhkəmə, məhkəmə çıxışlarını və prokurorun rə'yini yenidən dinləyir.

Maddə 199. Məhkəmənin iddia tələblərindən kənara çıxmaq hüququ

Müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin və ya vətəndaşların hüquqlarının və qanunla mühafizə olunan mənafeyinin müdafiəsi bunu tələb edirsə, işin aydınlaşdırılmış hallarından asılı olaraq, məhkəmə qətnamə çıxardıqda, iddiaçının verdiyi tələblərdən kənara çıxa bilər (34).

Maddə 200. Qətnamənin məzmunu

Məhkəmə qətnaməsi giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarətdir.

Qətnamənin giriş hissəsində qətnamənin çıxarılma vaxtı və yeri, qətnamə çıxaran məhkəmənin adı, məhkəmənin tərkibi, məhkəmə iclasının katibi, prosesdə iştirak etmişsə - prokuror, tərəflər, işdə iştirak edən digər şəxslər və nümayəndələr, habelə mübahisə predmeti göstərilir.

Qətnamənin təsviri hissəsində iddiaçının tələbi, cavabdehin e'tirazları və işdə iştirak edən digər şəxslərin izahatları göstərilməlidir.

Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin nəticələrinin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları rədd etmək üçün gətirdiyi dəlillər, məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir.

Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən tə'min edilməsi haqqında və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir.

Nikahın pozulmasına dair işlər üzrə qətnamənin nəticə hissəsində, nikahın pozulması qeydə alınarkən ər-arvaddan biri və ya onların hər ikisi tərəfindən ödənilməli olan 100 manatdan 200 manatadək miqdarda məbləğ müəyyən olunmalıdır; müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş və ya ruhi xəstəlik, yaxud kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərlə və ya cinayət etdiyinə görə azı üç il müddətinə azadlıqdan məhrum olunmağa məhkum edilmiş şəxslərlə nikahın pozulması haqqındakı işlər istisna edilir və bu işlər üzrə həmin məbləğ alınmır (2, 12, 18).

Maddə 201. Qətnamənin icra qaydası və müddətinin müəyyən edilməsi, qətnamənin icrasının tə'min edilməsi

Məhkəmə qətnamənin icra qaydası və müddətinin müəyyən etdiyi və ya qətnaməni tə'xirsiz icra etdirdiyi və ya onun icrasının tə'min edilməsi üçün tədbirlər gördüyü hallarda bunu qətnamədə göstərməlidir.

Maddə 202. Hüquqi şəxslərdən pul məbləğinin alınması haqqında qətnamə

Məhkəmə müəssisələrdən idarələrdən, təşkilatlardan, onların birliklərindən, siyasi partiyalardan, həmkarlar ittifaqlarından, ictimai birliklərdən pul məbləğinin alınması haqqında qətnamə çıxararkən, alınan məbləğin xarakterini, verilməsi qət edilmiş məbləğin cavabdehin bankdakı hansı hesabından alınmalı olmasını qətnamənin nəticə hissəsində göstərir (34).

Maddə 203. Əmlakın və ya onun dəyərinin alınması haqqında qətnamə

Məhkəmə əmlakın natura ilə alınmasını qət etdikdə, alınmalı əmlak qətnamə icra edilən zaman mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini qətnamədə göstərir.

Maddə 204. Cavabdehi müəyyən hərəkətləri etməyə məcbur edən qətnamə

Məhkəmə əmlakın və ya pul məbləğinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxartdıqda, həmin qətnamədə göstərə bilər ki, cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, iddiaçı cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlıdır.

Həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə, qətnamənin icra edilmə müddətini qətnamədə göstərir.

Maddə 205. Bir neçə iddiaçının xeyrinə və ya bir neçə cavabdehə qarşı qətnamə

Məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun birgə olmasını göstərir.

Məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məs'uliyyətinin birgə olmasını göstərir.

Maddə 206. Əsaslandırılmış qətnamə tərtib etməyin tə'xirə salınması

Qətnamə, işə baxıldıqdan sonra dərhal çıxarılır. Müstəsna hallarda, xüsusilə mürəkkəb işlər üzrə əsaslandırılmış qətnamə çıxarılması üç gündən artıq olmayan müddətə tə'xirə salına bilər, lakin məhkəmə işə baxılması qurtardığı iclasda qətnamənin qərar hissəsini e'lan etməlidir. Məhkəmə eyni zamanda işdə iştirak edən şəxslərin və nümayəndələrin əsaslandırılmış qətnamə ilə nə vaxt tanış ola biləcəklərini də e'lan edir. Qətnamənin e'lan edilmiş qərar hissəsi bütün hakimlər tərəfindən imzalanmalı və işə əlavə edilməlidir.

Maddə 207. Əlavə qətnamə

İş üzrə qətnamə çıxarmış məhkəmə, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər:

1) işdə iştirak edən şəxslər iddia tələblərindən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa;

2) hüquq barədə məsələ həll etmiş məhkəmə alınmalı məbləğin, əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə;

3) məhkəmə xərcləri haqqında məsələ məhkəmə tərəfindən həll edilməmişsə.

Əlavə qətnamə, işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında məsələyə baxıldıqdan sonra məhkəmə tərəfindən çıxarılır.

Qətnamə çıxarılan gündən on gün müddətində əlavə qətnamənin çıxarılması haqqında məsələ qoymaq olar.

Əlavə qətnamənin çıxarıldığı gündən yeddi gün müddətində ondan kassasiya qaydasında şikayət və ya protest verilə bilər.

Əlavə qətnamə çıxarmaqdan imtina etmək barədə məhkəmə qərardadından xüsusi şikayət və ya protest verilə bilər.

Maddə 208. Qətnamədəki yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi

Qətnamə çıxarmış məhkəmə, iş üzrə qətnaməni e'lan etdikdən sonra, onu özü ləğv etməyə və ya dəyişdirməyə haqlı deyildir.

Məhkəmə öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi, düzəlişlər etmək məsələsinə baxmağa mane olmur.

Qətnaməyə düzəlişlər etmək barəsində məhkəmə qərardadından xüsusi şikayət və ya protest verilə bilər.

Maddə 209. Məhkəmə qətnamələri və qərardadları surətlərinin işdə iştirak edən şəxslərə göndərilməsi

İş üzrə icraatın dayandırılması və ya xitam edilməsi haqqında, yaxud iddianın baxılmamış saxlanması haqqında məhkəmə qətnaməsinin və ya qərardadlarının surətləri qətnamə və ya qərardadın çıxarıldığı gündən ən geci üç gün müddətində, məhkəmə iclasına gəlməmiş tərəflərə və işdə iştirak edən digər şəxslərə göndərilir.

Maddə 210. Qətnamənin izah edilməsi

Qətnamə aydın olmadıqda, işi həll etmiş məhkəmə, işdə iştirak edən şəxslərin ərizəsi üzrə öz qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.

Qətnamə icra edilməmişsə və qətnamənin məcburi qaydada icra edilə biləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir.

Qətnamənin izah edilməsi məsələsi işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında həll olunur. Lakin həmin şəxslərin gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur.

Qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından xüsusi şikayət və ya protest verilə bilər.

Maddə 211. Qətnamənin icra edilməsinə möhlət verilməsi və onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi

İş üzrə qətnamə çıxarmış məhkəmə, qətnamə çıxarıldıqdan sonra, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və ya digər hallara əsasən qətnamənin icra edilməsinə möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

Qətnamənin icra edilməsinə möhlət verilməsi və ya onun hissə-hissə icra olunması, habelə onun icra üsulu və qaydasının dəyişdirilməsi haqqında məhkəmə qərardadından xüsusi şikayət və ya protest verilə bilər.

Maddə 212. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi

Məhkəmə qətnaməsindən kassasiya şikayəti və protesti verilməmişsə, şikayət və protestin verilmə müddəti keçdikdən sonra o, qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti və ya protesti verildikdə, qətnamə ləğv edilməmişsə, işə yuxarı məhkəmədə baxıldıqdan sonra qətnamə qanuni qüvvəyə minir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin qətnaməsi e'lan edilən kimi dərhal qanuni qüvvəyə minir.

Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

Qanun üzrə başqa şəxslərin hüquq və mənafeyini müdafiə etmək üçün məhkəməyə müraciət edə biləcəkləri hallarda prokuror, dövlət orqanı, müəssisə, idarə, təşkilat, onların birliyi, siyasi partiya, həmkarlar ittifaqı, ictimai birlik və ya vətəndaş tərəfindən iş başlanmışsa, qanuni qüvvəyə minmiş qətnamə mənafeyinə iş başlanmış şəxs üçün məcburidir.

Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə tə'sir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır (12, 34).

Maddə 213. Qətnamənin icra edilməsi

Dərhal icra edilmə halları istisna olmaqla, qətnamə, qanuni qüvvəyə mindikdən sonra icra edilir.

Aşağıdakı qətnamələr dərhal icra edilməlidir:

1) aliment alınması haqqında;

2) fəhlə və ya qulluqçuya bir aydan artıq olmamaq şərti ilə, əmək haqqının verilməsi haqqında;

3) bir aylıq orta qazanc məbləğindən artıq olmamaq şərti ilə kolxozçunun əməyinin ödənilməsi haqqında;

4) qanunsuz olaraq işdən çıxarılmış və ya başqa işə keçirilmiş işçinin işə bərpa edilməsi haqqında (12).

Maddə 214. Məhkəmənin qətnaməni dərhal icra etdirmək hüququ

Məhkəmə, aşağıdakı hallarda qətnaməni tam və ya onun bir hissəsini dərhal icra etdirə bilər:

1) şikəst etmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailə dolandıranın ölümü ilə vurulan ziyanın ödənilməsi üçün ödəmələrin alınması haqqında;

2) müəlliflik hüququndan istifadə edildiyinə görə müəllifə, kəşfin müəllifinə, müəlliflik şəhadətnaməsi olan ixtiraçının ixtirasından istifadə edildiyinə görə ixtiraçıya, səmərələşdirmə təklifinə görə onun müəllifinə və sənaye nümunəsindən istifadə edildiyinə görə şəhadətnaməsi olan sənaye nümunəsi müəllifinə çatacaq mükafatın alınması haqqında;

3) qətnamənin icrasının ləngidilməsinin tələbkar üçün böyük zərərə səbəb ola biləcəyi, yaxud icranın özünün mümkün ola bilməyəcəyi xüsusi hallarda, bütün sair işlərdə.

Məhkəmə, bu maddənin 3-cü bəndində göstərilən əsaslar üzrə dərhal icraya yol verdikdə, məhkəmənin qətnaməsinin ləğv ediləcəyi hal üçün qətnamənin icrasının dönüşünü tə'yin etməyi iddiaçıdan tələb edə bilər (22).

Maddə 215. Məhkəmə qətnaməsinin dərhal icra edilməsi

Qətnamənin dərhal icra edilməsinə yol vermək haqqında məsələyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi qətnaməni dərhal icra etmək haqqında məsələni həll etməyə mane olmur.

Qətnamənin dərhal icra edilməsi haqqında məsələ üzrə məhkəmə qərardadından xüsusi şikayət və ya protest verilə bilər.

Qətnaməni dərhal icra etmək haqqındakı qərardaddan xüsusi şikayət və ya protest verilməsi həmin qərardadın icrasını dayandırmır.

Maddə 216. Qətnamənin icrasının tə'min edilməsi

Məhkəmə, bu Məcəllənin 13-cü fəsli ilə müəyyən edilmiş qaydalar üzrə dərhal icra edilməyə yönəldilməmiş qətnamənin icrasını tə'min edə bilər.

On yeddinci fəsil. İş üzrə icraatın dayandırılması

Maddə 217. Məhkəmənin icraatı dayandırmaq vəzifəsi

Məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır:

1) vətəndaş öldükdə, əgər mübahisəli hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin xitamına yol verərsə;

2) tərəf fəaliyyət qabiliyyətini itirərsə;

3) cavabdeh Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olarsa və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan iddiaçının xahişi olarsa;

4) mülki qaydada, cinayət qaydasında və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa (34).

Maddə 218. Məhkəmənin icraatı dayandırmaq hüququ

Məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi və vəsatəti üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda işin icraatını dayandıra bilər:

1) tərəf Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərkibində müddətli həqiqi hərbi xidmətdə olduqda və ya o, hər hansı bir dövlət vəzifəsini yerinə yetirməyə cəlb edildikdə:

2) tərəf uzunmüddətli qulluq e'zamiyyətində olduqda;

3) tərəf müalicəxanada müalicədə olduqda;

4) bu Məcəllənin 114-cü maddəsində göstərilən işlər üzrə cavabdeh axtarıldıqda (34).

Maddə 219. İcraatı dayandırma müddətləri

İş üzrə icraat aşağıdakı hallarda dayandırılır:

1) bu Məcəllənin 217-ci maddəsinin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan hallarda — çıxmış şəxsin hüquq varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün nümayəndə tə'yin edilənə qədər;

2) bu Məcəllənin 217-ci maddəsinin 3-cü bəndi və 218-ci maddəsi ilə nəzərdə tutulan hallarda — tərəfin Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərkibində olması qurtarana qədər, onun dövlət vəzifəsini yerinə yetirməsi qurtarana qədər, uzunmüddətli qulluq e'zamiyyətindən qayıdana qədər, tərəfin müalicəxanadan buraxılmasına qədər və ya cavabdehin axtarışına qədər;

3) bu Məcəllənin 217-ci maddəsinin 4-cü bəndi ilə nəzərdə tutulan hallarda — məhkəmənin qətnaməsi, hökmü, qərardadı, qərarı qanuni qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər (34).

Maddə 220. İcraatın dayandırılması haqqında məhkəmə qərardadından şikayət verilməsi

İş üzrə icraatın dayandırılması haqqında məhkəmə qərardadından xüsusi şikayət və ya protest verilə bilər.

Maddə 221. İcraatın təzələnməsi

İşin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. İcraat təzələndikdə, məhkəmə, işdə iştirak edən şəxsləri ümumi əsaslar üzrə çağırır.

On səkkizinci fəsil. İş üzrə icraata xitam verilməsi

Maddə 222. İş üzrə icraatın xitam edilmə əsasları

Məhkəmə iş üzrə icraatı aşağıdakı hallarda xitam edir:

1) iş məhkəmələrdə baxılmalı deyildirsə;

2) məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etmədikdə və bu qaydanı tətbiq etmək imkanı itirildikdə;

3) eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair nikahın pozulması haqqında işlərdən başqa məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsinin qəbul olunması və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa;

4) nikahın pozulması haqqında iddianın tə'min olunmasından imtina barəsində məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən altı aylıq müddət keçməmişsə;

5) iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa;

6) tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə;

7) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair yoldaşlıq məhkəməsinin öz səlahiyyəti dairəsində qətnaməsi olarsa;

8) həmin mübahisənin münsiflər məhkəməsinin həllinə verilməsi haqqında tərəflər arasında müqavilə bağlanmışdırsa;

9) iş üzrə tərəflərdən biri olan vətəndaş öldükdən sonra mübahisəli hüquq münasibəti hüquq varisliyinə yol verməzsə (12, 24).

Maddə 223. İş üzrə icraatın xitam edilmə qaydası və nəticələri

İş üzrə icraat məhkəmənin qərardadı ilə xitam edilir. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraat xitam edilərsə, məhkəmə, ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

İşin icraatı xitam edildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar olaraq müraciət etməyə yol verilmir.

On doqquzuncu fəsil. Ərizənin baxılmamış saxlanması (12)

Maddə 224. Ərizənin baxılmamış saxlanmasının əsasları

Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır:

1) məhkəməyə müraciət etmiş maraqlı şəxs işin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etmədikdə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə;

2) ərizə fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilmişsə;

3) maraqlı şəxsin adından ərizə işi aparmağa vəkaləti olmayan şəxs tərəfindən verilmişsə;

4) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya başqa məhkəmənin icraatında varsa;

5) işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər, üzrlü səbəblər olmadan təkrar çağırışa gəlməmişlərsə, məhkəmə isə işdəki materiallar üzrə işi həll etməyi mümkün hesab etmirsə;

6) nikahın pozulmasına dair iş üzrə iddiaçı üzrsüz səbəbə görə məhkəmə iclasına təkrar gəlmədikdə, iddiaçıdan işə onun iştirakı olmadan baxılması haqqında ərizə alınmamışsa.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhkəmənin ərizəni baxılmamış saxlaması üçün digər əsaslar da müəyyən edilə bilər (2, 12, 34).

Maddə 225. Ərizəni baxılmamış saxlama qaydası və nəticələri

Ərizə baxılmamış saxlandığı hallarda iş üzrə icraat məhkəmə qərardadı ilə qurtarır. Məhkəmə, həmin qərardadda, bu Məcəllənin 224-cü maddəsində qeyd edilən işin həll edilməsinə mane olan halları necə aradan qaldırmağı göstərməlidir.

Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra, maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır (12).

İyirminci fəsil. Məhkəmənin qərardadları

Maddə 226. Qərardadların çıxarılması

İşi mahiyyəti üzrə həll etməyən birinci instansiya məhkəməsinin qərarları qərardad formasında çıxarılır.

Qərardadlar həmin Məcəllənin 16 və 197-ci maddələri ilə müəyyən edilmiş qaydada müşavirə otağında məhkəmə tərəfindən çıxarılır.

Məhkəmə mürəkkəb olmayan məsələləri həll etdikdə, müşavirə otağına getməyərək, yerində müşavirə etdikdən sonra qərardad çıxara bilər. Bu cür qərardad məhkəmə iclasının protokoluna yazılır. Qərardadlar çıxarıldıqdan sonra dərhal elan edilir.

Maddə 227. Qərardadın məzmunu

Qərardadda aşağıdakılar göstərilməlidir:

1) qərardadın çıxarılma vaxtı və yeri;

2) qərardadı çıxaran məhkəmənin adı, məhkəmənin tərkibi və məhkəmə iclasının katibi;

3) işdə iştirak edən şəxslər və mübahisənin predmeti;

4) qərardadın nə məsələ barədə çıxarılması;

5) məhkəmənin çıxardığı nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi;

6) məhkəmənin qərarı;

7) qərardaddan şikayət vermə qaydası və müddəti.

Məhkəmənin müşavirə otağına getmədən çıxardığı qərardadda bu maddənin 4, 5 və 6-cı bəndlərində göstərilən məlumatlar olmalıdır.

Maddə 228. Məhkəmənin xüsusi qərardadları

Məhkəmə mülki işə baxarkən, qanunçuluğun və ya sosialist birgəyaşayış qaydalarının ayrı-ayrı vəzifəli şəxslər və ya vətəndaşlar tərəfindən pozulduğunu, yaxud müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin işində ciddi nöqsanlar olduğunu aşkar etdikdə, xüsusi qərardad çıxarır və onu müvafiq müəssisələrə, idarələrə, təşkilatlara, vəzifəli şəxslərə və ya əmək kollektivlərinə göndərir, onlar isə gördükləri tədbirlər haqqında məhkəməyə məlumat verməyə borcludurlar. Bu məlumat xüsusi qərardadın surətinin alındığı gündən bir ay müddətində verilməlidir.

Şikayətə baxarkən, məhkəmə, vətəndaşların, hərbi qulluqçuların, kollektivlərin təkliflərinə, ərizələrinə və şikayətlərinə baxılması üçün müəyyən edilmiş qaydanın pozulduğu, süründürməçilik olduğu, tənqidin boğulduğu, onun üstündə təqib olduğu, habelə qanunçuluğun başqa pozuntularının olduğu barədə nəticə çıxardıqda, xüsusi qərardad çıxarır və onu tabelik qaydası ilə yuxarı vəzifəli şəxsə və ya orqana göndərir. Göstərilən vəzifəli şəxs və ya orqan xüsusi qərardad üzrə görülmüş tədbirlər haqqında məhkəməyə bir ay müddətində məlumat verməlidir.

Məhkəmə mülki işə və ya dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların, kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətə baxarkən, tərəfin, vəzifəli şəxsin və ya digər şəxsin hərəkətlərində cinayət əlamətləri olduğunu aşkara çıxararsa, o, bu barədə prokurora xəbər verir, yaxud cinayət işi qaldırır.

Məhkəmənin xüsusi qərardadından xüsusi protest verilə bilər.

Cinayət işi qaldırmaq haqqında məhkəmənin xüsusi qərardadından xüsusi şikayət verilə bilər (12, 26, 27, 34, 39).

İyirmi birinci fəsil. Protokollar

Maddə 229. Protokolun tərtib edilməsinin məcburiliyi

Birinci instansiya məhkəməsinin hər bir məhkəmə iclası barədə, habelə məhkəmənin iclasdan kənar olan hər bir ayrıca prosessual hərəkəti barədə protokol tərtib edilir.

Maddə 230. Protokolun məzmunu

Məhkəmə iclasının və ya məhkəmədən kənar ayrıca prosessual hərəkətin protokolu işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir.

Məhkəmə iclasının protokolunda aşağıdakılar göstərilir:

1) məhkəmə iclasının ili, ayı, günü və yeri;

2) məhkəmə iclasının başlanma və qurtarma vaxtı;

3) işə baxan məhkəmənin adı, məhkəmənin tərkibi və məhkəmə iclasının katibi;

4) işin adı;

5) işdə iştirak edən şəxslərin, nümayəndələrin, şahidlərin, ekspertlərin, tərcüməçilərin gəlməsi haqqında məlumatlar;

6) işdə iştirak edən şəxslərə onların prosessual hüquqları və vəzifələrinin izah edilməsi barədə məlumat;

7) sədrlik edənin sərəncamları və müşavirə otağına getmədən məhkəmə tərəfindən çıxarılan qərardadlar;

8) işdə iştirak edən şəxslərin və nümayəndələrin məlumatı;

9) işdə iştirak edən şəxslərin və nümayəndələrin izahatları, şahidlərin ifadələri, ekspertlərin öz rəyləri üzrə şifahi izahatları, maddi və yazılı sübutların müayinəsi barədə məlumat;

10) dövlət idarə orqanlarının rəyləri haqqında, ictimai təşkilatların və əmək kollektivlərinin onların nümayəndələri tərəfindən bildirilən fikirləri haqqında məlumat;

11) məhkəmə çıxışlarının və prokurorun rəyinin qısa məzmunu;

12) qərardadların və qətnamənin elan edilməsi haqqında məlumat;

13) qətnamənin məzmununun, ondan şikayət vermə qaydası və müddətlərinin izah edilməsi haqqında məlumat.

Maddə 231. Protokolun tərtib edilməsi

Protokollar məhkəmə iclasında və ya iclasdan kənar ayrıca prosessual hərəkət edildikdə katib tərəfindən tərtib edilir.

İşdə iştirak edən şəxslər və nümayəndələr, onların iş üçün əhəmiyyətli hesab etdikləri halların protokola yazılması haqqında vəsatət verməyə haqlıdırlar.

Maddə 232. Protokolun tərtib edilmə qaydası

Protokol, məhkəmə iclası qurtardıqdan və ya ayrıca prosessual hərəkət edildikdən sonra gələn gündən gec olmayaraq, tərtib edilməli və imzalanmalıdır.

Protokol sədrlik edən və katib tərəfindən imzalanır. Bütün dəyişikliklər, düzəlişlər, əlavələr barədə protokolda qeydlər edilməlidir.

Maddə 233. Protokola dair qeydlər

İşdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və protokolun imzalandığı gündən üç gün ərzində, onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə, protokol barədə yazılı qeydlər təqdim edə bilərlər.

Maddə 234. Protokola dair qeydlərə baxılması

Sədrlik edən protokola dair qeydlərin təqdim edildiyi gündən beş gün müddətində qeydlərə baxır və qeydlərlə razılaşırsa, onların düzgünlüyünü təsdiq edir və protokola əlavə edir.

Sədrlik edən verilmiş qeydlərlə razılaşmadıqda, onlar məhkəmədə baxılmağa verilir, lakin sədrlik edən və xalq iclasçılarından heç olmazsa biri, işin baxılmasında iştirak etmiş hakimlərdən olmalıdır.

Protokola dair qeyd vermiş şəxslər zəruri hallarda məhkəmə iclasına çağırılırlar.

Hakimin təkbaşına baxdığı işlərdə protokola dair qeydlərə hakim özü baxır. Hakim qeydlərlə razılaşmadıqda, onların qəbul edilməməsi barədə əsaslandırılmış qərardad qəbul edir. Protokola dair qeydlər və qərardad məhkəmə iclasının protokoluna əlavə edilir (34).

II. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat

İyirmi ikinci fəsil. Ümumi müddəalar

Maddə 235. Məhkəmə tərəfindən baxılan, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər

Məhkəmə aşağıdakı işlərə baxır:

1) seçicilərin siyahılarında səhvlərə dair şikayətlər üzrə işlərə;

2) inzibati tənbehlər qoyulması ilə əlaqədar olaraq orqanların və vəzifəli şəxslərin hərəkətlərindən verilən şikayətlər üzrə işlərə, dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların, kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən verilən şikayətlər üzrə qanunla məhkəmələrin səlahiyyətinə aid edilmiş işlərə;

3) vergilər, kənd əhalisinin könüllü vergisi və dövlət məcburi sığortası üzrə qalığın vətəndaşlardan alınması barədə işlərə.

Məhkəmə inzibati hüquq münasibətlərindən əmələ gələn və qanunla məhkəmələrin səlahiyyətinə aid edilən başqa işlərə də baxır (12, 14, 26, 27, 39).

Maddə 236. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlərə baxma qaydası

İnzibati hüquq münasibətlərindən əmələ gələn işlərə bu Məcəllənin qaydalarına əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş istisnalar və əlavələrlə, məhkəmələr tərəfindən baxılır (34).

İyirmi üçüncü fəsil. Seçicilərin siyahılarında səhvlərə dair şikayətlər

Maddə 237. Şikayətin verilməsi

Seçicilərin siyahılarında səhvlər (siyahıya daxil etməmə, siyahıdan çıxarma, seçicinin familiyasını, adını, atasının adını təhrif etmə, düzgün olmayaraq siyahıya daxil etmə) haqqında ərizəsi barədə icra hakimiyyəti orqanının qərarı ilə razılaşmayan hər bir şəxs qanunla nəzərdə tutulan hallarda, icra hakimiyyəti orqanının qərarından müvafiq seçki məntəqəsinin olduğu yerin xalq məhkəməsinə şikayət verə bilər.

İcra hakimiyyəti orqanına qabaqcadan ərizə verilmədən xalq məhkəməsinə şikayət verildikdə, xalq məhkəməsi şikayət ərizəsini, ərizəçiyə bu barədə xəbər verməklə, müvafiq icra hakimiyyəti orqanına göndərir (34).

Maddə 238. Şikayətə baxılması

Şikayətə, onun verildiyi vaxtdan ən geci üç gün müddətində baxılmalıdır.

Şikayətə ərizəçinin, xalq deputatları Soveti icraiyyə komitəsi nümayəndəsinin, şikayət ərizəçiyə deyil, başqa vətəndaşa aid olduqda isə, həmçinin həmin vətəndaşın iştirakı ilə məhkəmə tərəfindən baxılır. Lakin həmin maddədə göstərilən şəxslərin gəlməməsi, işə baxmağa mane olmur.

Maddə 239. Məhkəmənin şikayət üzrə qətnaməsi

Seçicilərin siyahılarında səhvi müəyyən edən məhkəmə qətnaməsi, icra hakimiyyəti orqanının seçicilər siyahısına lazımi düzəlişlər etməsi üçün əsasdır.

Bu qətnamə, çıxarıldıqdan sonra siyahıya düzəlişlər edilməsi üçün dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir və eyni zamanda ərizəçiyə məlumat verilir (34).

İyirmi dördüncü fəsil. İnzibati orqanların və ya vəzifəli şəxslərin hərəkətlərindən şikayətlər (12)

Maddə 240. Məhkəmə tərəfindən baxılan, inzibati orqanların və ya vəzifəli şəxslərin hərəkətlərindən şikayətlər üzrə işlər

Məhkəmə, qanunla nəzərdə tutulan hallarda, inzibati qaydada cərimə qoymaq hüququ verilmiş inzibati orqanların və ya vəzifəli şəxslərin hərəkətlərindən vətəndaşların və vəzifəli şəxslərin şikayətlərinə bu fəsildə müəyyən edilən qaydada baxır (12).

Maddə 241. Şikayətin verilməsi

Vətəndaşlar və ya vəzifəli şəxslər inzibati qaydada cərimə qoyulması və alınması haqqında inzibati orqanların və ya vəzifəli şəxslərin qərarının təqdim edildiyi gündən on gün müddətində inzibati orqanların və ya vəzifəli şəxslərin müvafiq hərəkətlərindən öz yaşadıqları yerin məhkəməsinə şikayət verməyə haqlıdırlar.

Şikayət verilməsi inzibati qaydada cərimənin alınmasını dayandırır.

Maddə 242. Şikayətə baxılması

Şikayətə, onun daxil olduğu gündən on gün müddətində baxılır. Ərizəçi və inzibati orqan, yaxud vəzifəli şəxs iclasın vaxtı və yeri haqqında xəbərdar edilir, lakin onların gəlməməsi işə baxılmasına mane olmur.

Məhkəmə işə baxdıqda inzibati orqanın və ya vəzifəli şəxsin hərəkətinin düzgünlüyünü yoxlamalı və cərimənin qanuna əsasən və cərimə qoymağa səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən alınıb-alınmadığını; üzərinə qoyulmuş vəzifəni yerinə yetirməsi ilə əlaqədar tələb verilmiş şəxsin cəlb edilməsi üçün müəyyən olunmuş qaydaya riayət edilib-edilmədiyini; qanunvericilikdə cərimə növündə məsuliyyət müəyyən olunmuş pozuntunun cərimələnən tərəfindən edilib-edilmədiyini və onun həmin pozuntunu etməkdə təqsirli olub-olmamasını; qoyulmuş cərimənin müəyyən edilmiş həddi aşıb-aşmadığını cərimənin miqdarı təyin edildikdə xatanın ağırlığının, təqsirkarın şəxsiyyətinin və onun əmlak vəziyyətinin nəzərə alınıb-alınmadığını; cərimə qoyulması və alınması üçün tələb müddətlərinin keçib-keçmədiyini yoxlamalıdır.

Cərimə əmlakdan alındıqda məhkəmə əmlak üzərinə qoyulan həbsin qanunun tələblərinə uyğunluğunu yoxlamalıdır (12).

Maddə 243. Şikayət üzrə məhkəmə qətnaməsi

Məhkəmə inzibati orqanın və ya vəzifəli şəxsin tələbinin qanunsuz olduğunu müəyyən etdikdə, şikayətin təmin olunması haqqında qətnamə çıxarır.

Qoyulmuş cərimənin məbləği qanunvericiliklə müəyyən edilmiş həddi aşarsa, məhkəmə cərimə məbləğini müəyyən edilmiş həddə endirir. Cərimə, edilmiş xatanın ağırlıq dərəcəsi, təqsirkarın şəxsiyyəti və onun əmlak vəziyyəti nəzərə alınmadan qoyulmuşsa, məhkəmə cərimənin məbləğini aşağı endirə bilər.

İnzibati orqanın və ya vəzifəli şəxsin hərəkətləri qanunidirsə, məhkəmə, şikayətin təminini rədd etmək barədə qətnamə çıxarır.

İyirmi dörd-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər (39)

Maddə 243-1. Məhkəməyə şikayət vermək hüququ — 1990-cı il 17 aprel tarixli fərmanla yeni redaksiyada

Əgər vətəndaş, hərbi qulluqçu, kollektiv, dövlət hakimiyyəti orqanının, idarənin, təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin qeyri-hüquqi hərəkətlərinin onun hüquqlarına toxunduğunu hesab edirsə, məhkəməyə şikayət vermək ixtiyarına malikdir (26, 27, 39).

Maddə 243-2. Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin məhkəməyə şikayət verilməli olan hərəkətləri — 1990-cı il 17 aprel tarixli fərmanla yeni redaksiyada

Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin məhkəməyə şikayət verilməli olan hərəkətlərinə elə kollegial və təkbaşına hərəkətlər aid edilir ki, bunların nəticəsində:

Maddə 243-3. Bu fəslin qüvvədə olması hüdudları — 1990-cı il 17 aprel tarixli fərmanla yeni redaksiyada

Əgər Azərbaycan Respublikasının qanunlarında dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin hərəkətlərindən şikayət verilməsinin başqa qaydası nəzərdə tutulmuşdursa, onların hərəkətlərindən məhkəməyə bu fəslə müvafiq surətdə şikayət verilə bilməz.

Dövlət hakimiyyəti orqanlarının və vəzifəli şəxslərin normativ xarakter daşıyan aktlarından məhkəməyə bu fəslə müvafiq surətdə şikayət verilə bilməz (26, 27, 34, 39).

Maddə 243-4. Şikayət verilməsi — 1990-cı il 17 aprel tarixli fərmanla yeni redaksiyada

Dövlət hakimiyyəti orqanının, idarənin, təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin hərəkətlərindən (qərarlarından) onların bilavasitə tabe olduqları orqanlara və ya vəzifəli şəxslərə şikayət edildikdə, həmin yuxarı orqanlar və ya vəzifəli şəxslər bu şikayətə baxmalı və nəticəsi haqqında qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayət etmiş vətəndaşa (hərbi qulluqçuya, kollektivə) məlumat verməlidirlər; bundan sonra belə hərəkətlər haqqında məhkəməyə bu fəslə müvafiq surətdə şikayət verilir.

Məhkəməyə hüquqları pozulmuş (hərbi qulluqçunun, kollektivin) özü, onun nümayəndəsi, habelə vətəndaşın xahişi ilə ictimai təşkilatın, əmək kollektivinin lazımi qaydada vəkil edilmiş nümayəndəsi şikayət verə bilər.

Şikayət, hərəkətlərindən şikayət edilən dövlət hakimiyyəti orqanının, idarənin, təşkilatın, müəssisənin yerləşdiyi yerdə və ya vəzifəli şəxsin işlədiyi yerdə olan rayon (şəhər) xalq məhkəməsinə verilir.

Şikayət verilməsi üçün müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilir (26, 27, 39).

Maddə 243-5. Məhkəməyə şikayət verilməsi üçün müddətlər — 1990-cı il 17 aprel tarixli fərmanla yeni redaksiyada

Vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər.

Şikayət vermək üçün üzrlü səbəbə görə buraxılmış müddət məhkəmə tərəfindən bərpa edilə bilər (26, 27, 39).

Maddə 243-6. Şikayətə baxılması — 1990-cı il 17 aprel tarixli fərmanla yeni redaksiyada

Məhkəmə tərəfindən şikayətə baxılması və məhkəmə qətnaməsinin icrası mülki mühakimə icraatı qaydaları ilə həyata keçirilir.

Şikayətə məhkəmə tərəfindən on gün müddətində, şikayət vermiş vətəndaşın, hərbi qulluqçunun və ya kollektivin və hərəkətlərindən şikayət edilən dövlət hakimiyyəti orqanı, idarə, təşkilat və ya müəssisə rəhbərinin və ya vəzifəli şəxsin, yaxud onların nümayəndələrinin iştirakı ilə baxılır.

Şikayət vermiş vətəndaş, hərbi qulluqçu və kollektiv, özünün işlə əlaqədar mənafeyinin qorunmasını nümayəndəyə həvalə etmək ixtiyarına malikdir.

Şikayət vermiş vətəndaşın, hərbi qulluqçunun və ya kollektivin və ya hərəkətlərindən şikayət edilən dövlət hakimiyyəti orqanı, idarə, təşkilat və ya müəssisə rəhbərinin, yaxud vəzifəli şəxsin və ya onların nümayəndələrinin üzrlü səbəbə görə məhkəmə iclasına gəlməməsi şikayətə baxılmasına mane olmur, lakin məhkəmə şikayət vermiş vətəndaşın, hərbi qulluqçunun və ya kollektivindövlət hakimiyyəti orqanı, idarə, təşkilat və ya müəssisə rəhbərinin və ya vəzifəli şəxsin gəlməsini məcburi saya bilər.

Məhkəmə araşdırmasında ictimai təşkilatların və əmək kollektivlərinin nümayəndələri, habelə tabelik qaydasında yuxarı orqanların vəzifəli şəxsləri və ya onların nümayəndələri iştirak edə bilərlər.

Məhkəmə, şikayət edilən hərəkətləri qanuni sayan tabelik qaydasında yuxarı vəzifəli şəxslərin və ya orqanların materiallarını tədqiq etməlidir, habelə başqa şəxslərin izahatlarını dinləyə bilər, lazımi sənədləri və digər sübutları tədqiq edə bilər (26, 27, 39).

Maddə 243-7. Şikayət üzrə məhkəmə qətnaməsi — 1990-cı il 17 aprel tarixli fərmanla yeni redaksiyada

Məhkəmə şikayətə baxılmasının nəticələri barəsində qətnamə çıxarır.

Əgər məhkəmə şikayət edilən hərəkətləri vətəndaşın, hərbi qulluqçunun və ya kollektivin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlər sayırsa, şikayətin əsaslılığı və müvafiq dövlət hakimiyyəti orqanının, idarənin, təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin yol verilmiş pozuntunu aradan qaldırmaq vəzifəsi barədə qətnamə çıxarır.

Əgər məhkəmə müəyyən etsə ki, şikayət edilən hərəkətlər qanuna müvafiq surətdə, dövlət hakimiyyəti orqanının, idarənin, təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin səlahiyyətləri daxilində edilmişdir, o, şikayəti ödəməkdən imtina haqqında qətnamə çıxarır.

Qanunun və ya digər normativ aktın yol verilmiş pozuntularını aradan qaldırmaq üçün məhkəmənin şikayət üzrə qətnaməsi hərəkətlərindən şikayət edilmiş dövlət hakimiyyəti orqanının, idarənin, təşkilatın, müəssisənin rəhbərinə və ya vəzifəli şəxsə, yaxud tabelik qaydasında yuxarı orqana və ya vəzifəli şəxsə göndərilir.

Məhkəmənin şikayət üzrə qətnaməsinin icrası haqqında məhkəməyə və ərizəçiyə məhkəmə qətnaməsinin alındığı gündən etibarən bir aydan gec olmayaraq məlumat verilməlidir. Qətnamə icra edilməzsə, məhkəmə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan tədbirləri görür (26, 27, 39).

Maddə 243-8. Məhkəmə qətnaməsinin icrası — 1990-cı il 17 aprel tarixli fərmanla çıxarılmışdır (27)

Maddə 243-9. Dövlət tərəfindən müdafiə olunan məhkəmə və hüquq mühafizə orqanları işçilərinin təhlükəsizliyini təmin edən səlahiyyətli dövlət orqanlarının və vəzifəli şəxslərin qanunsuz qərarlarından və hərəkətlərindən şikayətlərə baxılması

Dövlət tərəfindən müdafiə olunan məhkəmə və hüquq mühafizə orqanları işçilərinin təhlükəsizliyini təmin edən səlahiyyətli dövlət orqanlarının və vəzifəli şəxslərin qanunsuz qərarlarından və hərəkətlərindən şikayətlərə məhkəmə tərəfindən müvafiq qanunvericilik aktlarına uyğun olaraq baxılır.

İyirmi beşinci fəsil. Vergilər, kənd əhalisinin könüllü vergisi və dövlət məcburi sığortası üzrə qalığın vətəndaşlardan alınması haqqında işlər (14)

Maddə 244. Ərizənin verilməsi — 1981-ci il 2 oktyabr tarixli fərmanla yeni redaksiyada

Vergilər, kənd əhalisinin könüllü vergisi və dövlət məcburi sığortası üzrə qalığın vətəndaşlardan alınması haqqında ərizə müvafiq surətdə rayon, şəhər və ya şəhərdə rayon icra hakimiyyəti orqanının maliyyə şöbəsi, yaxud qəsəbə və ya kənd icra hakimiyyəti orqanı, yaxud da dövlət sığorta orqanı tərəfindən borclunun yaşadığı yerin və ya onun əmlakının yerləşdiyi yerin məhkəməsinə verilir (14).

Maddə 245. Ərizənin məzmunu

Borclunun familiyası, adı, atasının adı və yaşayış yeri, vətəndaşın müvafiq ödəməyə cəlb edilməsinin əsaslandığı qanun, ödəmələrin məbləği və onları ödəmə müddətləri, alınmalı vergi qalığının, peniyanın məbləği və vergi qalığının əmələ gəldiyi ödəmə müddəti ərizədə göstərilməlidir.

Ərizəyə aşağıdakılar əlavə edilməlidir: ödəmə bildirişinin, sığorta şəhadətnaməsinin surəti və ya borcluya ödəmə sənədinin təqdim edildiyi vaxt, ödəmə miqdarı və müddətləri göstərilməklə onun şəxsi hesabından çıxarış; könüllü vergi alınması və könüllü vergi məbləği barədə vətəndaşların ümumi yığıncağının qərarından çıxarış, vergi borcu olanın əmlakını siyahıya alma aktı, borclunun qanun üzrə tələbin aid ediləcəyi əmlakı olmazsa, əmlakın olmaması haqqında akt, əmlak olmadıqda və ya vergi qalığını ödəmək üçün əmlak çatışmadıqda başqa şəxslərdən borcluya çatacaq pul məbləği haqqında alınan arayış (14).

Maddə 246. Ərizəyə baxılması

Məhkəmə işə baxarkən, qanunda həmin ödəmə növünün nəzərdə tutulub-tutulmadığını, vətəndaşın həmin ödəməyə cəlb edilməsi üçün qanuni əsasların olub-olmadığını; vətəndaşın qanunla müəyyən olunmuş qaydada ödəməyə cəlb edilməsinə tələbkar orqanların riayət edib-etməməsini; vətəndaş qanun üzrə güzəşt hüququna malikdirsə, tələbkar orqanların bunu nəzərə alıb-almadığını; əmlakın siyahıya alınmasının, vaxtında verilməyən vergilər və qeyri-vergi ödəmələri almaq barədə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olub-olmadığını yoxlamalıdır.

Əgər məhkəmədə ödəmə miqdarının düzgün hesablanmasına şübhə yaranarsa, məhkəmə öz qərardadı ilə işin icraatını dayandırır və materialı yoxlamaq üçün tələbkar orqana göndərir. Tələbkar orqan ödəməni yenidən hesabladıqdan sonra, yaxud ödəmənin alınması haqqında ərizəni yuxarı orqan təsdiq etdikdən sonra işin icraatı təzələnir (14, 34).

Maddə 247. Ərizə üzrə məhkəmə qətnaməsi

Məhkəmə vergi qalığının alınması haqqında tələbin qanuni olduğunu müəyyən etdikdə, məhkəməyə təqdim edilmiş siyahıya alma aktına əsasən, əmlakın borcludan alınması barədə, əmlak olmadıqda və ya vergi qalığını ödəmək üçün əmlak çatışmadıqda isə, borcluya başqa şəxslərdən çatacaq pul məbləğinə tələbin aid edilməsi barədə qətnamə çıxarır.

Əgər siyahıya alma aktına qanun üzrə alına bilməyən əmlak daxil edilmişsə, məhkəmə həmin əmlakın üzərindən həbsi götürür.

Məhkəmə vergi qalığının alınması haqqındakı tələbin qanunsuz olduğunu müəyyən edərsə, verilmiş tələbin təminini rədd edir (14).

Maddə 248. Qətnamənin icrası

Vergi qalığının alınması haqqında məhkəmə qətnaməsi müvafiq tələbkar orqan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydalar üzrə icra edilir (14, 34).

III. Xüsusi icraat

İyirmi altıncı fəsil. Ümumi qaydalar

Maddə 249. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər

Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərə aşağıdakı işlər aiddir:

1) hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında;

2) vətəndaşın xəbərsiz itkin düşmüş hesab edilməsi və vətəndaşın vəfat etmiş elan olunması haqqında;

3) vətəndaşın məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında;

4) əmlakın sahibsiz hesab edilməsi haqqında;

5) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydiyyatların düzgün olmamasını müəyyən etmək haqqında;

6) itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpası haqqında;

7) notariusların və notariat əməliyyatını yerinə yetirən orqanların hərəkətlərindən şikayətlər üzrə;

8) itirilmiş təqdimedici sənədlər üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı).

Maddə 250. Xüsusi icraat işlərinə baxılması qaydası

Xüsusi icraat işlərinə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş istisna və əlavələrlə, bu Məcəllənin qaydaları üzrə məhkəmələr tərəfindən baxılır.

Xüsusi icraat işlərinə məhkəmə tərəfindən ərizəçinin və maraqlı vətəndaşların, dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin iştirakı ilə baxılır.

Xüsusi icraat qaydasında işə baxılarkən hüquq haqqında məhkəmə orqanlarına aid olan mübahisə əmələ gələrsə, məhkəmə ərizəni baxılmamış saxlayır və maraqlı şəxslərə izah edir ki, onlar ümumi əsaslar üzrə iddia verməyə haqlıdırlar (34).

İyirmi yeddinci fəsil. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi

Maddə 251. Məhkəmə tərəfindən baxılan, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər

Məhkəmə vətəndaşların, yaxud təşkilatların və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və ya xitam edilməsinin asılı olduğu faktları müəyyən edir.

Məhkəmə aşağıdakı faktların müəyyən edilməsi haqqında işlərə baxır:

1) şəxslərin qohumluq münasibətləri;

2) şəxsin öhdədə olması faktı;

3) doğum, övladlığa götürmə, nikah, boşama-boşanma və ölümün qeyd edilmə faktı;

4) ər-arvaddan birinin vəfat etməsi nəticəsində nikah vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarında qeyd edilə bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktik nikah münasibətində olma faktı;

5) şəxsin sənəddə göstərilən adı, atasının adı və ya familiyası, həmin şəxsin pasportdakı və ya doğum şəhadətnaməsindəki adı, atasının adı və ya familiyası ilə düz gəlmədiyi halda, hüququ müəyyən edən sənədlərin (partiya, komsomol, həmkarlar ittifaqı biletlərindən, hərbi sənədlərdən, pasportdan və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarının verdikləri şəhadətnamələrdən başqa) şəxsə məxsus olması faktı;

6) mülkiyyət hüququ üzrə tikintiyə sahiblik faktı;

7) bədbəxt hadisə faktı;

8) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanları ölüm hadisəsini qeyd etməkdən imtina etdikləri hallarda şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktı;

9) vərəsəliyin qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri;

10) müəyyən edilməsi üçün qanunvericilikdə digər qayda nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan sair faktlar.

Maddə 252. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər

Məhkəmə hüquqi əhəmiyyəti olan faktları, ancaq o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud da itirilmiş sənədlərin bərpa edilməsi mümkün olmasın.

Maddə 253. Ərizənin verilməsi və onun məzmunu

Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər üzrə ərizələr, tikintinin olduğu yerin məhkəməsinə verilən, mülkiyyət hüququ üzrə tikintiyə sahiblik faktının müəyyən edilməsi haqqındakı ərizələrdən başqa, ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

Ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almaq mümkün olmadığını, yaxud itirilmiş sənədlərin bərpa edilməsinin mümkün olmadığını təsdiq edən sübutlar göstərilməlidir.

Maddə 254. Məhkəmənin ərizə üzrə qətnaməsi

Məhkəmənin qətnaməsində aşağıdakılar göstərilməlidir: məhkəmə tərəfindən müəyyən edilən fakt, onun hansı məqsəd üçün müəyyən edildiyi və məhkəmənin, əsasında həmin faktı müəyyən olunmuş hesab etdiyi sübutlar.

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarında qeyd edilməli və ya başqa orqanlarda rəsmiləşdirilməli faktın müəyyən edilməsi haqqında məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra bu cür qeydə alma və ya rəsmiləşdirmə üçün əsasdır və həmin orqanların verdikləri sənədləri əvəz etmir.

İyirmi səkkizinci fəsil. Vətəndaşın xəbərsiz itkin düşmüş hesab edilməsi və vətəndaşın vəfat etmiş elan edilməsi

Maddə 255. Ərizənin verilməsi

Vətəndaşın xəbərsiz itkin düşmüş hesab edilməsi və ya vətəndaşın vəfat etmiş elan edilməsi haqqındakı ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

Maddə 256. Ərizənin məzmunu

Vətəndaşı xəbərsiz itkin düşmüş hesab etməyin və ya onun vəfat etmiş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu ərizədə göstərilməli, habelə vətəndaşın xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir.

Maddə 257. Ərizə verildikdən sonra hakimin hərəkətləri

Hakim işi məhkəmə baxışına hazırladıqda, hansı şəxslərin (qohumların, iş yoldaşının və s.) itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan (mənzil-istismar təşkilatından, daxili işlər orqanlarından, qəsəbə və kənd icra hakimiyyəti orqanından) onun haqqında olan məlumatları soruşur.

Məhkəmə ərizəçini, ərizədə göstərilən şahidləri, dindirilməsi məhkəmə tərəfindən zəruri hesab edilən şəxsləri çağırmaqla işə baxır (22, 34).

Maddə 258. Əmlakı mühafizə və idarə etmək üçün qəyyumun təyin edilməsi

Hakim ərizəni qəbul etdikdən sonra, itkin düşənin əmlakını mühafizə etmək üçün, həmçinin onun əmlakını idarə etmək üçün qəyyum təyin etməyi qəyyumluq və himayəçilik orqanına təklif edə bilər.

Maddə 259. Prokurorun məcburi iştirakı

Məhkəmə vətəndaşın xəbərsiz itkin düşmüş hesab edilməsi və ya vətəndaşın vəfat etdiyini elan etmək haqqındakı işə prokurorun məcburi iştirakı ilə baxır.

Maddə 260. Vətəndaşın xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında və vətəndaşın vəfat etmiş elan olunması barəsində məhkəmənin qərarı

Vətəndaşın xəbərsiz itkin düşmüş hesab edilməsi haqqındakı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra əmlakın olduğu yerin qəyyumluq və himayəçilik orqanına göndərilir və əmlak üzərində qəyyumluq təyin etmək üçün əsasdır.

Vətəndaşın vəfat etmiş elan edilməsi haqqında məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra məhkəmənin olduğu yerin vətəndaşlıq vəziyyəti aktlarını qeyd edən orqanına göndərilir və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında ölüm haqqında qeyd etmək üçün əsasdır, həmin qətnamə habelə qəyyumluq və himayəçilik orqanına göndərilir ki, bu orqan da zəruri halda, vəfat etmiş elan olunan vətəndaşın əmlakı üzərinə qəyyumluq təyin edir (20).

Maddə 261. Xəbərsiz itkin düşmüş hesab edilən və ya vəfat etmiş elan olunan vətəndaşın gəlməsi və ya olduğu yerin aşkar edilməsi nəticələri

Xəbərsiz itkin düşmüş hesab edilən və ya vəfat etmiş elan olunan vətəndaş gələrsə və ya olduğu yer aşkar edilərsə, məhkəmə özünün yeni qətnaməsi ilə əvvəl çıxarmış olduğu qətnaməni ləğv edir.

Məhkəmənin yeni qətnaməsi qanuni qüvvəyə mindikdən sonra qəyyumluq və himayəçilik orqanına vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanına göndərilir və vətəndaşın əmlakından qəyyumluğu götürmək və ya onun ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabındakı qeydi ləğv etmək üçün əsasdır (20).

İyirmi doqquzuncu fəsil. Vətəndaşın məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi

Maddə 262. Ərizənin verilməsi

Vətəndaşın spirtli içkilərdən və ya narkotik maddələrdən sui-istifadə etməsinə görə məhdud fəaliyyət qabiliyyətli, yaxud ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqındakı iş onun ailə üzvlərinin, həmkarlar ittifaqlarının və sair ictimai təşkilatların, prokurorun, qəyyumluq və himayəçilik orqanının, psixiatriya müalicəxanasının ərizəsi üzrə qaldırıla bilər.

Vətəndaşın məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqındakı ərizə həmin vətəndaşın yaşadığı yerin, əgər şəxs psixiatriya müalicəxanasına qoyulmuşsa, həmin müalicəxananın olduğu yerin məhkəməsinə verilir (8, 20).

Maddə 263. Ərizənin məzmunu

Vətəndaşın məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqındakı ərizədə, spirtli içkilərdən və ya narkotik maddələrdən sui-istifadə nəticəsində şəxsin öz ailəsini ağır maddi vəziyyətə salmasını təsdiq edən hallar şərh edilməlidir.

Vətəndaşın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqındakı ərizədə, ağıl pozulması nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir (8, 20).

Maddə 264. Vətəndaşın psixi vəziyyətini müəyyən etmək üçün ekspertiza təyin edilməsi

Hakim işi məhkəmədə baxılmağa hazırlayarkən vətəndaşın ruhi xəstəliyi və ya kəmağıllığı haqqında kifayət qədər əsas olduqda, onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir.

Müstəsna hallarda, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə iş qaldırılmış şəxs açıq surətdə boyun qaçırdıqda, məhkəmə, prokurorun və psixiatrın iştirakı ilə məhkəmə iclasında vətəndaşın məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər.

Maddə 265. Ərizəyə baxılması

Məhkəmə vətəndaşın məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə vətəndaşın özünün, habelə prokurorun, qəyyumluq və himayəçilik orqanı nümayəndəsinin məcburi iştirakı ilə baxır.

Məhkəmə vətəndaşın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqındakı işə prokurorun, qəyyumluq və himayəçilik orqanı nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan vətəndaş, onun səhhətinin vəziyyəti yol verirsə, məhkəmə iclasına çağırılır.

Maddə 266. Məhkəmənin qətnaməsi

Vətəndaşın məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra qəyyumluq və himayəçilik orqanına göndərilir və məhdud fəaliyyət qabiliyyətli vətəndaşa himayəçi, fəaliyyət qabiliyyəti olmayan vətəndaşa isə qəyyum təyin etmək üçün əsasdır.

Maddə 267. Vətəndaşın fəaliyyət qabiliyyətli hesab edilməsi

Məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15-ci maddəsi ilə nəzərdə tutulan hallarda qəyyumun, habelə bu Məcəllənin 262-ci maddəsində göstərilən şəxslərin və dövlət orqanlarının ərizəsi üzrə, məhkəmə-psixiatriya ekspertizasının müvafiq rəyinə əsasən, sağalmış şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi və onun üzərində müəyyən edilmiş qəyyumluğun ləğv olunması haqqında qətnamə çıxarır.

Məhkəmə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16-cı maddəsi ilə nəzərdə tutulmuş hallarda vətəndaşın özünün, onun himayəçisinin, habelə bu Məcəllənin 262-ci maddəsində göstərilən şəxslərin və dövlət orqanlarının ərizəsi üzrə vətəndaşın məhdud fəaliyyət qabiliyyətli olmasını və onun üzərində müəyyən edilmiş himayəçiliyi ləğv etmək haqqında qətnamə çıxarır (34).

Maddə 268. Məhkəmə məsrəfləri

Vətəndaşın fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqındakı işlərin icraatı üzrə məhkəmə məsrəfləri dövlət hesabına aiddir.

Məhkəmə, ərizə vermiş ailə üzvlərinin vətəndaşı bilə-bilə, əsassız olaraq fəaliyyət qabiliyyətindən məhrum etmək və ya fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq məqsədi ilə vicdansız hərəkət etdiklərini müəyyən etdikdə, bütün məhkəmə xərclərini ərizəçilərdən alır.

Otuzuncu fəsil. Əmlakın sahibsiz hesab edilməsi

Maddə 269. Ərizənin verilməsi

Əmlakın sahibsiz hesab edilməsi haqqında ərizə əmlakın olduğu yerin məhkəməsinə icra hakimiyyəti orqanı, maliyyə orqanı və ya kolxoz tərəfindən verilir (34).

Maddə 270. Ərizənin məzmunu

Ərizədə hansı əmlakın sahibsiz hesab edilməli olması, habelə əmlakın sahibini müəyyən etməyin mümkün olmadığını təsdiq edən sübutlar göstərilməlidir.

Maddə 271. Hakimin ərizəni qəbul etdikdən sonra hərəkətləri

Hakim işi məhkəmədə baxılmağa hazırlayarkən, hansı şəxslərin (mülkiyyətçilərin, əmlakın faktiki sahiblərinin və s.) əmlakın mənsubiyyəti haqqında məlumat verə biləcəyini aydınlaşdırır, habelə müvafiq təşkilatlardan (mənzil-istismar təşkilatından, qəsəbə, kənd icra hakimiyyəti orqanlarından, kommunal təsərrüfatı orqanlarından və s.) əmlak barədə məlumat tələb edir (12, 22, 34).

Maddə 272. Məhkəmənin ərizə üzrə qətnaməsi

Məhkəmə, əmlakın mülkiyyətçisinin olmadığını və ya onun mülkiyyətçisinin naməlum olduğunu müəyyən etdikdə, əmlakı sahibsiz hesab etmək və onu dövlətin və ya kolxozun mülkiyyətinə vermək barəsində qətnamə çıxarır.

Otuz birinci fəsil. Vətəndaşlıq vəziyyəti aktlarının düzgün qeyd edilməməsinin müəyyən olunması

Maddə 273. Ərizənin verilməsi

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında düzgün olmayan qeydləri aradan qaldırmaq haqqında ərizə, ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.

Hüquq haqqında mübahisə olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanları, edilmiş qeydə düzəlişlər keçirməkdən imtina etdikdə, məhkəmə, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasını müəyyən etmək haqqındakı işlərə baxır.

Maddə 274. Ərizənin məzmunu

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olduğu, nə vaxt və vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının hansı orqanının edilmiş qeydi düzəltməkdən imtina etməsi ərizədə göstərilməlidir.

Maddə 275. Məhkəmənin qətnaməsi

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmadığını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanları tərəfindən qeydin düzəldilməsi üçün əsasdır.

Otuz ikinci fəsil. İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi

Maddə 276. Ərizənin verilməsi

Mülki iş üzrə itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraat, işdə iştirak edən şəxslərin, prokurorun ərizəsi üzrə, habelə məhkəmənin təşəbbüsü ilə məhkəmə tərəfindən bərpa edilə bilər.

Maddə 277. İtirilmiş icraatın bərpa edilməsi

Birinci və ya yuxarı instansiya məhkəməsinin mülahizəsi üzrə bərpa edilməsi zəruri olan itirilmiş icraat tam, yaxud qismən bərpa edilir. İcraatın xitam edilməsi haqqında məhkəmə qətnaməsi və ya qərardadı iş üzrə çıxarılmışsa, mütləq bərpa edilməlidir.

Maddə 278. Ərizənin verilmə yeri

Məhkəmənin itirilmiş icraatının bərpa edilməsi haqqında ərizə işə baxmış məhkəməyə, itirilmiş icra üzrə icraatın bərpası haqqındakı ərizə isə icra edilən yerin məhkəməsinə verilir.

Maddə 279. Ərizənin məzmunu

Ərizədə iş haqqında müfəssəl məlumat göstərilməlidir. Ərizəçidə saxlanmış və işlə əlaqədar olan sənədlər və ya onların surətləri, hətta müəyyən qaydada təsdiq edilməmiş olsa da, ərizəyə əlavə edilir.

Maddə 280. İşə məhkəmə tərəfindən baxılması

Məhkəmə işə baxdıqda icraatın saxlanmış hissəsindən, icraat itirilənə qədər vətəndaşlara və idarələrə işin içərisindən verilmiş sənədlərdən, bu sənədlərin surətlərindən, işə aid olan sair arayış və kağızlardan istifadə edir. İşdə iştirak edən şəxslər, onların tərtib etdikləri bərpa olunan qətnamə və ya qərar layihəsini məhkəmənin müzakirəsinə verməyə haqlıdırlar.

Məhkəmə prosessual hərəkətlərin edilməsində iştirak edən şəxsləri, nümayəndələri, zəruri hallarda isə itirilmiş icraat üzrə işə baxmış məhkəmənin tərkibinə daxil olan şəxsləri, habelə məhkəmənin qətnaməsini icra edən şəxsləri şahid sifəti ilə dindirə bilər.

Maddə 281. İşə baxılmasının xitam edilməsi haqqında qərardad çıxarılması

İtirilmiş icraatın dürüst bərpası üçün toplanmış materiallar kifayət olmadıqda, məhkəmə icraatın bərpa edilməsi haqqında ərizənin baxılmasına öz qərardadı ilə xitam verir. Bu zaman ərizəçi ümumi qaydada iddia verməyə haqlıdır.

Maddə 282. Məhkəmə xərcləri

İtirilmiş icraatın bərpa edilməsi haqqındakı işə baxıldıqda məhkəmənin çəkdiyi xərclər dövlət hesabına aiddir. Bilə-bilə yalan ərizə verildikdə məhkəmə xərcləri ərizəçidən alınır.

Otuz üçüncü fəsil. Notariusların və notariat əməliyyatını yerinə yetirən orqanların hərəkətlərindən şikayətlər

Maddə 283. Şikayətin verilməsi

Maraqlı şəxs aparılmış notariat əməliyyatını və ya notariat əməliyyatı aparmaqdan imtina edilməsini düzgün hesab etmədikdə, bu barədə dövlət notariat kontorunun, şəhər, qəsəbə, kənd icra hakimiyyəti orqanının yerləşdiyi yerdəki rayon (şəhər) xalq məhkəməsinə şikayət verməyə haqlıdır.

Vəsiyyətnamə və etibarnamələrin «Dövlət notariatı haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsində sadalanan vəzifəli şəxslər tərəfindən qeyri-düzgün təsdiq olunmasına və ya onları təsdiq etməkdən imtina olunmasına dair şikayətlər müvafiq surətdə xəstəxananın, digər stasionar müalicə-profilaktika müəssisəsinin, sanatoriyanın, qocalar və əlillər üçün evlərin, ekspedisiyanın, qospitalın, hərbi-müalicə müəssisəsinin, əsgəri hissənin, birləşmənin, idarənin, hərbi-təlim məktəbinin, azadlıqdan məhrumetmə yerinin olduğu yerdəki məhkəməyə verilir. Azərbaycan Respublikasının bayrağı altında üzən dəniz gəmisi və ya daxili səfər gəmisi kapitanının vəsiyyətnaməni qeyri-düzgün təsdiq etməsinə və ya təsdiq etməkdən imtina etməsinə dair şikayətlər gəminin aid olduğu limanın yerləşdiyi yerdəki məhkəməyə verilir.

İcra qeydinə əsaslanan tələb borclu tərəfindən yalnız iddia qaydasında mübahisə edilə bilər.

Məhkəməyə şikayət, edilmiş notariat əməliyyatı və ya bu cür əməliyyatı yerinə yetirməkdən imtina edilməsi ərizəçiyə məlum olan gündən hesablanmaqla, on gün müddətinə verilir (7, 34).

Maddə 284. Şikayətə baxılması

Şikayətə ərizəçinin və hərəkətindən şikayət verilən orqanın nümayəndəsinin iştirakı ilə məhkəmə tərəfindən baxılır, lakin onların gəlməməsi işin həll edilməsinə mane olmur.

Maddə 285. Məhkəmənin şikayət üzrə qətnaməsi

Ərizəçinin şikayətini təmin edən məhkəmə qətnaməsi yerinə yetirilmiş notariat əməliyyatını ləğv edir və ya bu cür əməliyyatın yerinə yetirilməsini tapşırır.

Otuz dördüncü fəsil. İtirilmiş təqdimedici sənədlərə dair hüquqların bərpa edilməsi (çağırış icraatı)

Maddə 286. İtirilmiş sənədi etibarsız hesab etmək haqqında ərizə verilməsi

Təqdimedici sənədi itirmiş şəxs, qanunda göstərilən hallarda, xüsusən dövlət əmanət kassası tərəfindən verilmiş təqdimedici əmanət kitabçasını və ya dövlət istiqrazı vərəqələrinin saxlanmağa qəbul edilməsi haqqındakı saxlanma şəhadətnaməsini itirdikdə, itirilmiş sənədin etibarsız hesab olunmasını və itirilmiş sənədlərə dair hüquqların bərpa edilməsini məhkəmədən xahiş edə bilər.

İtirilmiş təqdimedici sənədin etibarsız hesab edilməsi haqqında ərizə, sənədi vermiş idarənin olduğu yerin məhkəməsinə verilir.

Maddə 287. Ərizənin məzmunu

Ərizədə itirilmiş sənədin fərqləndirici əlamətləri, sənədi vermiş idarənin adı göstərilməli, habelə sənədin itirilmiş olduğu şərait şərh edilməlidir.

Maddə 288. Hakimin ərizəni qəbul etdikdən sonra hərəkətləri

Hakim sənədin itirilməsi haqqında ərizəni qəbul etdikdən sonra, sənəd üzrə vəsaiti ödəməni və ya verməni sənədi vermiş idarəyə qadağan etmək haqqında, habelə ərizəçinin hesabına yerli qəzetdə elan vermək barədə qərardad çıxarır.

Qərardadı çıxarmağı rədd etməkdən xüsusi şikayət və ya protest verilə bilər.

Maddə 289. Elanın məzmunu

Elanda aşağıdakılar göstərilməlidir:

1) sənədin itirilməsi haqqında ərizənin daxili olduğu məhkəmənin adı;

2) ərizə vermiş şəxs və onun ünvanı;

3) itirilməsi haqqında məhkəməyə ərizə daxil olmuş sənədin adı və fərqləndirici əlamətləri;

4) elan edilən gündən üç ay müddətində həmin sənədə dair öz hüquqları haqqında məhkəməyə ərizə verməyin, itirilməsi barədə məhkəməyə müraciət etmiş sənədi saxlayana təklif edilməsi.

Maddə 290. Sənədi saxlayanın ərizəsi

İtirilməsi haqqında ərizə verilmiş sənədi saxlayan, elan verildiyi gündən üç ay müddətində qərardad çıxarmış məhkəməyə, sənədə dair öz hüquqları haqqında ərizə verməli və bu zaman sənədin əslini təqdim etməlidir.

Maddə 291. Sənədi saxlayandan ərizə daxil olduqdan sonra hakimin hərəkəti

Elan verildiyi gündən üç aylıq müddət qurtarana qədər məhkəməyə sənədi saxlayandan ərizə daxil olduqda hakim, sənədi itirmiş şəxsin verdiyi ərizəni baxılmamış saxlayır və sənədi vermiş idarə tərəfindən sənəd üzrə ödəmə və vermənin müəyyən edilmiş müddətdə verilməsini qadağan edir. Bu müddət iki aydan artıq olmamalıdır.

Hakim eyni zamanda ərizəçiyə, həmin sənədi tələb etmək haqqında ümumi qaydada sənədi saxlayana onun iddia vermək hüququnu, sənədi saxlayana isə - hakimin qəbul etmiş olduğu qadağanedici tədbirlərlə vurulmuş zərəri onun ərizəçidən alması hüququnu izah edir.

Həmin maddədə göstərilən məsələlər üzrə məhkəmə qərardadından xüsusi şikayət və ya protest verilə bilər.

Maddə 292. İtirilmiş sənədin etibarsız hesab edilməsi haqqında ərizəyə baxılması

Məhkəmə itirilmiş sənədin etibarsız hesab edilməsi haqqındakı işə, həmin Məcəllənin 290-cı maddəsində göstərilən sənədi saxlayan tərəfindən ərizə verilməzsə, elan edilən gündən üç ay keçdikdən sonra baxır.

Ərizəçi, habelə sonradan itirilmiş sənədi vermiş idarə işə baxma vaxtı və yeri haqqında xəbərdar edilirlər. Lakin onların gəlməməsi işə baxmağa mane olmur.

Maddə 293. Məhkəmənin ərizəyə dair qətnaməsi

Məhkəmə ərizəçinin xahişini təmin etdikdə, qətnamə çıxararaq itirilmiş sənədi etibarsız hesab edir. Bu qətnamə ərizəçiyə əmanəti və ya etibarsız hesab edilən sənədin əvəzində yeni sənəd vermək üçün əsasdır.

Maddə 294. Sənədi saxlayanın əmlakın əsassız əldə edilməsi və ya saxlanması haqqında iddia vermək hüququ

Sənədi saxlayan, həmin sənəd üzrə öz hüquqları haqqında hər hansı səbəblərə görə vaxtında məlumat verməmişsə, sənədin etibarsız hesab edilməsi haqqında məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra itirilmiş sənəd əvəzində yeni sənəd almaq hüququ verilən şəxsə, əmlakın əsassız əldə edilməsi və ya saxlanması barədə iddia verə bilər.

Üçüncü bölmə. Kassasiya instansiyasında icraat

Otuz beşinci fəsil. Məhkəmə qətnamələrindən şikayət və protest verilməsi

Maddə 295. Qətnamədən kassasiya şikayəti və protesti vermək hüququ

Azərbaycan Respublikasının bütün xalq məhkəmələrinin, Bakı Şəhər Məhkəməsinin və Naxçıvan MR Ali Məhkəməsinin qətnamələrindən tərəflər və işdə iştirak edən sair şəxslər bu Məcəllə ilə müəyyən edilən müddətdə kassasiya qaydasında şikayət verə bilərlər.

Prokuror və prokurorun müavini həmin işdə iştirak etməsindən asılı olmayaraq, məhkəmənin qanunsuz və ya əsassız qətnaməsindən protest verir. Prokurorların köməkçiləri, idarə və şöbə prokurorları, ancaq baxılmasında iştirak etdikləri işlər üzrə protest verə bilərlər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti və protesti verilə bilməz (11, 12, 34).

Maddə 296. Kassasiya şikayəti və protesti vermə qaydası

Qanuni qüvvəyə minməmiş aşağıdakı qətnamələrdən kassasiya qaydasında şikayət və ya protest vermək olar:

1) Bakı şəhəri, Naxçıvan MR rayon (şəhər) xalq məhkəmələrinin qətnamələrindən - müvafiq surətdə Bakı Şəhər Məhkəməsinə, Naxçıvan MR Ali Məhkəməsinə;

2) Azərbaycan Respublikası rayon (şəhər) xalq məhkəmələrinin, Naxçıvan MR Ali Məhkəməsinin, Bakı Şəhər Məhkəməsinin qətnamələrindən - Azərbaycan Respublikasının Ali Məhkəməsinə.

Kassasiya şikayəti və ya protesti qətnamə çıxaran məhkəmə vasitəsilə verilir.

Şikayətin və ya protestin bilavasitə kassasiya instansiyasına verilməsi şikayətə və ya protestə baxmağa mane olmur (11, 34).

Maddə 297. Kassasiya şikayəti və ya protestini vermək müddətləri

Kassasiya şikayəti və ya protesti, qətnamənin bütöv formada məhkəmə tərəfindən çıxarıldığı gündən on gün müddətində verilə bilər. Həmin müddət keçdikdən sonra verilən şikayət və ya protest baxılmamış saxlanılır və şikayət və ya protesti vermiş şəxsə qaytarılır.

Maddə 297-1. Kassasiya instansiyasında işə baxılması müddətləri — 1980-ci il 30 sentyabr tarixli fərmanla əlavə edilmişdir.

Naxçıvan MR Ali Məhkəməsi, Bakı Şəhər Məhkəməsi kassasiya şikayəti və ya protest üzrə daxil olan işə daxil olduğu vaxtdan on gündən gec olmayaraq baxmalıdırlar. İş xüsusilə mürəkkəb olduqda və ya digər müstəsna hallarda müvafiq məhkəmənin sədri həmin müddəti on gündən çox olmamaqla uzada bilər.

Azərbaycan Respublikasının Ali Məhkəməsi kassasiya şikayəti və ya protest üzrə daxil olan işə daxil olduğu gündən bir aydan gec olmayaraq baxmalıdır. Müstəsna hallarda Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri və ya onun müavinləri bu müddəti bir aydan çox olmamaqla uzada bilərlər.

İşə kassasiya instansiyasında baxılma müddəti uzadıldıqda, işdə iştirak edən şəxslər işə baxılacağı gün haqqında qabaqcadan xəbərdar edilməlidirlər (12, 34).

Maddə 298. İşə baxıldıqdan sonra daxil olmuş kassasiya şikayətinə və ya protestinə kassasiya instansiyasında baxmaq qaydası

Müəyyən olunmuş vaxtda, yaxud buraxılmış müddət bərpa edildikdən sonra verilən kassasiya şikayəti və ya protesti, həmin işə başqa şikayət və ya protest üzrə baxıldıqdan sonra kassasiya instansiyasına daxil olarsa, məhkəmə bu cür şikayətləri öz icraatına qəbul etməyə brcludur. Kassasiya instansiyası bu cür şikayət və ya protestə baxdıqda belə bir nəticəyə gəlsə ki, şikayət və ya protest üzrə qərardad, əvvəl çıxarılmış qərardadı dəyişdirməli və ya ləğv etməlidir, kassasiya instansiyası qərardad çıxararaq, işi ayrıca təqdimatla məhkəmə sədrinə göndərir, sədr isə nəzarət qaydasında bir və ya hər iki qərardaddan protest verilməsi haqqında məsələni həll edir.

Maddə 299. Kassasiya şikayəti və protestinin məzmunu

Kassasiya şikayəti və ya protestində aşağıdakılar olmalıdır:

1) şikayətin və ya protestin göndərildiyi məhkəmənin adı;

2) şikayət və ya protest verən fiziki şəxsin adı, atasının adı, familiyası; hüquqi şəxsin adı;

3) haqqında şikayət və ya protest verilən qətnamənin və həmin qətnaməni çıxarmış məhkəmənin göstərilməsi;

4) qətnamənin düzgün olmamasının nədən ibarət olduğunun və şikayət və ya protest verən şəxsin xahişinin göstərilməsi;

5) şikayət və ya protestə əlavə edilən yazılı materialların siyahısı.

İşə bərpa olunmaq barədə iddianın təmin edilməsi haqqında məhkəmənin qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayətinə və ya prokurorun protestinə işçini işə bərpa etmək barədə sənədin surəti, habelə onun işə başlaması haqqında sübutlar əlavə olunur.

Kassasiya şikayəti, şikayəti verən şəxs və ya onun nümayəndəsi tərəfindən imzalanır. Kassasiya protesti prokuror tərəfindən imzalanır.

Qətnamədən şikayət vermək üçün nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə işdə olmazsa, nümayəndə tərəfindən verilən kassasiya şikayətinə nümayəndənin qətnamədən şikayət vermək səlahiyyətini təsdiq edən etibarnamə və ya başqa bir sənəd əlavə edilməlidir (32, 33).

Maddə 300. Kassasiya şikayəti və ya protestinin surətləri

Kassasiya şikayəti və ya protesti məhkəməyə işdə iştirak edən şəxslərin sayına görə surətlərlə təqdim edilir.

Hakim, zəruri hallarda, kassasiya şikayəti verən şəxsdən və ya protest verən prokurordan, kassasiya şikayətinə və ya protestinə əlavə edilmiş yazılı materialların surətlərinin işdə iştirak edən şəxslərin sayına görə təqdim edilməsini tələb edə bilər.

Maddə 301. Kassasiya şikayəti və ya protestinin hərəkətsiz saxlanması

Kassasiya şikayəti və ya protesti verilərkən, onları verən şəxslər tərəfindən imzalanmadıqda, haqqında şikayət və ya protest verilən qətnamə göstərilmədikdə və ya bütün zəruri surətlər əlavə edilmədikdə, habelə dövlət rüsumu ödənilmədən şikayət verildikdə, xalq hakimi və ya məhkəmə sədri qərardad çıxararaq şikayət və ya protesti hərəkətsiz saxlayır və nöqsanları düzəltmək üçün şikayət və ya protest verən şəxsə vaxt təyin edir.

Şikayət və ya protesti verən şəxs qərardaddakı göstərişləri müəyyən edilmiş vaxtda yerinə yetirərsə, şikayət və ya protest məhkəməyə əvvəlcə təqdim edilmiş gündən verilmiş hesab olunur. Əks halda şikayət və ya protest verilməmiş hesab edilir və şikayət və ya protesti vermiş şəxsə qaytarılır.

Maddə 302. Birinci instansiya hakimlərinin kassasiya şikayəti və ya protestini aldıqdan sonra hərəkətləri

Xalq hakimi və ya məhkəmə sədri kassasiya şikayəti və ya protestini aldıqdan sonra aşağıdakı hərəkətləri etməyə borcludur:

1) şikayətin və ya protestin surətlərini və onlara əlavə edilən yazılı materialları işdə iştirak edən şəxslərə göndərmək;

2) kassasiya instansiyası məhkəməsində kassasiya şikayəti və ya protestinə baxılma vaxtı və yeri haqqında işdə iştirak edən şəxslərə xəbər vermək;

3) qətnamədən şikayət və protest vermək üçün müəyyən edilmiş vaxt keçdikdən sonra işi kassasiya instansiyasına göndərmək.

Qətnamə qanuni qüvvəyə minənə qədər iş məhkəmədən heç bir kəs tərəfindən tələb edilə bilməz. İşdə iştirak edən şəxslər və prokuror məhkəmədə işin materialları ilə və daxil olmuş şikayətlərlə və ya protestlə tanış olmağa haqlıdırlar.

Maddə 303. Kassasiya şikayətinə qoşulma

Kassasiya şikayəti verən şəxsin tərəfində prosesdə çıxış edən birgə iştirakçılar və üçüncü şəxslər verilmiş şikayətə qoşula bilərlər. Şikayətə qoşulmaq barədə ərizədən dövlət rüsumu alınmır.

Maddə 304. Kassasiya şikayəti və ya protesti barədə izahatlar

İşdə iştirak edən şəxslər şikayət və ya protest barədə izahatlarını, həmin izahatları təsdiq edən sənədləri əlavə etməklə, təqdim etməyə haqlıdırlar.

Zəruri hallarda hakim, izahatları və onlara əlavə edilən sənədləri surətlərlə birlikdə, işdə iştirak edən şəxslərin sayına görə təqdim etməyi tələb edə bilər. Məhkəmə həmin surətləri işdə iştirak edən şəxslərə təqdim edir.

Maddə 305. Kassasiya şikayətindən imtina edilməsi və kassasiya protestinin geri götürülməsi

Kassasiya şikayəti verən şəxs ondan imtina etməyə haqlıdır. Lakin məhkəmə, həmin Məcəllənin 34-cü maddəsində göstərilən səbəblər üzrə şikayətdən imtina etməni rədd etməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. Kassasiya protesti verən prokuror, habelə yuxarı prokuror, protestə məhkəmə tərəfindən baxılması başlanana qədər protesti geri götürməyə haqlıdır.

Kassasiya instansiyası məhkəməsi, qətnamədən digər şəxslər şikayət və ya protest verməmişlərsə, şikayətdən imtina qəbul etmək, habelə protesti geri götürmək haqqında qərardad çıxarmaqla kassasiya icraatını xitam edir.

Maddə 306. İddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi

Kassasiya şikayəti və ya protesti verildikdən sonra iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişi kassasiya instansiyasına yazılı şəkildə təqdim edilməlidir. İddiadan imtina qəbul edilənə və ya barışıq sazişi təsdiq edilənə qədər məhkəmə, iddiaçının və ya tərəflərin prosessual hərəkətlərinin nəticələrini onlara izah edir.

Kassasiya instansiyası iddiaçının iddiadan imtina etməsini qəbul etdikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, çıxarılmış qətnaməni ləğv edir və iş üzrə icraatı xitam edir. Məhkəmə həmin Məcəllənin 34-cü maddəsində göstərilən əsaslar üzrə iddiadan imtinanı və ya barışıq sazişini rədd edirsə, o, işə kassasiya qaydasında baxır.

Maddə 307. Məhkəmə iclasında qayda

Kassasiya instansiyasının məhkəmə iclasında sədrlik edən, həmin Məcəllənin 153 və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmə iclasında lazımi qaydanı təmin etmək üçün lazımi tədbirlər görür.

Maddə 308. İşə baxılmasına başlanması

Sədrlik edən məhkəmə iclasını açır və hansı işə, kimin şikayəti və ya protesti ilə və hansı məhkəmənin qətnaməsinə baxılacağını elan edir. Sədrlik edən işdə iştirak edən şəxslərdən və nümayəndələrdən kimin gəldiyini aydınlaşdırır, gələnlərin şəxsiyyətini müəyyən edir, habelə vəzifəli şəxslərin və nümayəndələrin səlahiyyətini yoxlayır.

Maddə 309. Məhkəmə tərkibinin elan edilməsi və etiraz hüququnun izah edilməsi

Sədrlik edən məhkəmənin tərkibini elan edir, kimin prokuror, tərcüməçi sifətində çıxış etdiyini bildirir və işdə iştirak edən şəxslərə onların etiraz etmək hüququnu izah edir.

Etiraz üçün əsaslar, edilmiş etirazı həll etmək qaydası və belə etirazları təmin etmək nəticələri həmin Məcəllənin 18-24-cü maddələri ilə müəyyən edilir.

Maddə 310. İşdə iştirak edən şəxslərə hüquq və vəzifələrinin izah edilməsi

Sədrlik edən işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir.

Maddə 311. İşdə iştirak edən şəxslərin və nümayəndələrin məhkəmə iclasına gəlməməsi nəticələri

İşə baxmaq vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş işdə iştirak edən şəxslərdən və ya nümayəndələrdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə işə baxmağı təxirə salır.

İşə baxmaq vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilən, həmin maddədə göstərilən şəxslərin gəlməməsi işə baxmağa mane olmur. Lakin məhkəmə, bu halda da gəlməməyin səbəblərini üzrlü hesab edərsə, işə baxmağı təxirə salır.

Məhkəmə, prokurorun və ya vəkilin üzrsüz səbəblərə görə gəlməməsi haqqında müvafiq surətdə yuxarı prokurora və ya vəkillər kollegiyasının rəyasət heyətinə xəbər verir.

Maddə 312. İşdə iştirak edən şəxslərin vəsatətlərinin məhkəmə tərəfindən həll edilməsi

Kassasiya instansiyası məhkəməsində işə baxmaqla əlaqədar olan bütün məsələlər üzrə işdə iştirak edən şəxslərin vəsatətləri, işdə iştirak edən başqa şəxslərin fikri və prokurorun rəyi dinlənildikdən sonra, məhkəmə tərəfindən həll edilir.

Maddə 313. İş haqqında məruzə

İşə kassasiya instansiyası məhkəməsində baxılması sədrlik edənin və ya məhkəmə üzvlərindən birinin məruzəsi ilə başlanır.

Məruzəçi işin hallarını, birinci instansiya məhkəməsi qətnaməsinin məzmununu, kassasiya şikayəti və ya protestinin dəlillərini və onlara dair daxil olmuş izahatları, məhkəməyə təqdim edilmiş yeni yazılı materialların məzmununu şərh edir, habelə birinci instansiya məhkəməsi qətnaməsinin düzgünlüyünü yoxlamaq üçün kassasiya instansiyası məhkəməsinin baxmalı olduğu sair məlumatlar barədə xəbər verir.

Maddə 314. İşdə iştirak edən şəxslərin izahatları

Məhkəmə, məruzədən sonra, məhkəmə iclasına gəlmiş işdə iştirak edənlərin və nümayəndələrin izahatını dinləyir: onlar kassasiya şikayətində və ya protestində qeyd edilməyən dəlilləri göstərməyə və əlavə materiallar təqdim etməyə də haqlıdırlar.

Əvvəlcə kassasiya şikayətini verən şəxs və onun nümayəndəsi və ya kassasiya protesti verilmişsə, prokuror çıxış edir. Qətnamədən hər iki tərəf şikayət vermişsə, iddiaçı birinci olaraq çıxış edir.

Başqa şəxslərin hüquqlarının və qanunla mühafizə olunan mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmiş dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin müvəkkilləri və ya ayrı-ayrı vətəndaşlar qətnamədən şikayət verməmişlərsə, tərəflərdən və üçüncü şəxslərdən sonra çıxış edirlər (12, 34).

Maddə 315. Prokurorun rəyi

Prokuror işdə iştirak edən şəxslərin izahatlarından sonra, qətnamənin qanuni və əsaslı olub-olmaması barədə rəy verir.

Maddə 316. Kassasiya qaydasında işə baxmağın hədləri

Məhkəmə kassasiya qaydasında işə baxarkən işdə olan və tərəflərin, işdə iştirak edən sair şəxslərin əlavə olaraq təqdim etdikləri materiallar əsasında birinci instansiya məhkəməsi qətnaməsinin həm şikayət olunmuş, həm də şikayət olunmamış hissəsinin, habelə şikayət verməmiş şəxslər barəsində qanuni və əsaslı olub-olmadığını yoxlayır.

Məhkəmə kassasiya şikayəti və ya protestindəki dəlillərlə bağlı deyildir və işi tam həcmdə yoxlamağa borcludur.

Maddə 316-1. Kassasiya instansiyasında ictimai təşkilatların və əmək kollektivlərinin nümayəndələrinin iştirakı – 1980-ci il 30 sentyabr tarixli fərmanla əlavə edilmişdir.

İşdə tərəf olmayan ictimai təşkilatların və əmək kollektivlərinin nümayəndələri işə kassasiya qaydasında baxılmasında iştirak etməyə məhkəmənin qərardadı ilə buraxılırlar. Həm də əgər onlar birinci instansiya məhkəməsində iştirak etmişlərsə, təkrar vəkalət tələb olunmur (12).

Maddə 317. Qərardadın çıxarılması

Kassasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını və prokurorun rəyini dinlədikdən sonra qərardad çıxarmaq üçün müşavirə otağına gedir.

Hakimlərin müşavirəsi, qərardadın çıxarılması və onun elan edilməsi həmin Məcəllənin 16, 193, 196 və 197-ci maddələri ilə müəyyən edilmiş qaydada aparılır.

Maddə 318. Kassasiya instansiyasının səlahiyyəti

Məhkəmə kassasiya qaydasında işə baxdıqdan sonra öz qərardadı ilə:

1) qətnaməni dəyişiklik edilmədən, şikayəti və ya protesti isə təmin edilmədən saxlaya bilər;

2) qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və işi yenidən baxılmaq üçün birinci instansiya məhkəməsinə göndərə bilər;

3) qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və iş üzrə icraatı xitam edə bilər, yaxud ərizəni baxılmamış saxlaya bilər;

4) iş üzrə sübutlar toplanması və ya sübutların əlavə yoxlanması tələb olunmursa, işin halları birinci instansiya məhkəməsi tərəfindən tam və düzgün şəkildə müəyyən edilmişsə, lakin maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmişsə, işi yenidən baxılmağa verməyərək qətnaməni dəyişdirə bilər və ya yeni qətnamə çıxara bilər (12).

Maddə 319. Məhkəmə qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar

Məhkəmə qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və işin birinci instansiya məhkəməsinə yenidən baxılmağa verilməsi üçün əsaslar aşağıdakılardır:

1) iş üçün əhəmiyyəti olan halların tam aydınlaşdırılmaması;

2) iş üçün əhəmiyyəti olan və məhkəmənin müəyyən edilmiş hesab etdiyi halların sübut olunmaması;

3) məhkəmənin qətnamədə şərh olunan nəticələrinin işin hallarına uyğun gəlməməsi;

4) maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

Məhkəmənin mahiyyətcə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 320. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi

Aşağıdakı hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir:

1) məhkəmə tətbiq olunmalı qanunu tətbiq etməmişsə;

2) məhkəmə tətbiq olunmamalı qanunu tətbiq etmişsə;

3) məhkəmə qanunu düzgün təfsir etməmişsə.

Maddə 321. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi

Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsinə o vaxt əsas ola bilər ki, bu pozğunluq işin düzgün həll edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Qətnamə aşağıdakı halda ləğv edilməlidir:

1) işə məhkəmə tərəfindən qeyri-qanuni tərkibdə baxılmışsa;

2) işə məhkəmə tərəfindən, məhkəmə iclasının vaxtı və yeri haqqında xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılmışsa;

3) işə baxılarkən məhkəmə icraatının aparıldığı dil haqqındakı qaydalar pozulmuşsa;

4) məhkəmə işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair məsələni həll etmişsə;

5) qətnamə çıxarılarkən hakimlərin müşavirə sirri haqqındakı qaydalar pozulmuşsa;

6) qətnamə hər hansı hakim tərəfindən imzalanmamışsa və ya qətnamədə göstərilməyən hakimlər tərəfindən imzalanmışsa;

7) qətnamə, işə baxan məhkəmə tərkibinə daxil olmayan hakimlər tərəfindən çıxarılmışsa;

8) məhkəmə iclasının protokolu işin içərisində yoxdursa.

Maddə 322. İş üzrə icraata xitam verilməklə qətnamənin ləğvi və ya ərizənin baxılmamış saxlanması

Bu Məcəllənin 222 və 224-cü maddələrində göstərilən əsaslarla iş üzrə icraata xitam verildikdə və ya ərizə baxılmamış saxlanıldıqda məhkəmə qətnaməsi kassasiya qaydasında ləğv edilməlidir (12).

Maddə 323. Kassasiya instansiyasının qətnaməni ləğv etməyə əsas olmayan hüquq normaları pozuntularına dair göstərişləri

Kassasiya instansiyası məhkəməsi, işə baxan məhkəmənin yol verdiyi hüquq normaları pozuntularının qətnaməni ləğv etməyə əsas olmadığını müəyyən etdikdə, bunu kassasiya qərardadında və ya ayrıca çıxardığı xüsusi qərardadda göstərməlidir.

Maddə 324. Kassasiya instansiyasının qərardadı

Kassasiya instansiyasının qətnamənin düzgünlüyü məsələsini həll edən qərarı qərardad formasında çıxarılır.

Məhkəmənin qərardadında aşağıdakılar göstərilməlidir:

1) qərardadın çıxarılma vaxtı və yeri;

2) qərardadı çıxaran məhkəmənin adı və tərkibi;

3) rəy vermiş prokuror və kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş sair şəxslər;

4) kassasiya şikayəti və ya protesti verən şəxs;

5) işin hallarının qısa şərhi və qətnamənin məzmunu;

6) kassasiya şikayətinin və ya protestinin, təqdim edilmiş materialların, prokurorun rəyinin və kassasiya instansiyası məhkəməsində işə baxılmasında iştirak etmiş şəxslərin izahatlarının qısa məzmunu;

7) kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticələrin motivləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad etməsi;

8) məhkəmənin qərarı.

Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətini və ya protestini rədd edərkən şikayətdə və ya protestdə göstərilən dəlillərin düzgün hesab edilməməsi və ya qətnamənin xitam edilməsinə əsas olmaması səbəblərini öz qərardadında göstərməlidir.

Kassasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərkən və işi yenidən baxılmağa verərkən, işin hansı hallarını aydınlaşdırmağın zəruri olduğunu, hansı sübutların tələb edilməli olduğunu, habelə birinci instansiya məhkəməsinin işə yenidən baxarkən nə kimi digər hərəkətləri etməli olduğunu öz qərardadında göstərməlidir.

Maddə 325. Kassasiya instansiyasının xüsusi qərardadı

Kassasiya qaydasında işə baxan məhkəmə, həmin Məcəllənin 228-ci maddəsi ilə nəzərdə tutulan hallarda xüsusi qərardad çıxarmağa haqlıdır.

Maddə 326. Kassasiya instansiyası göstərişlərinin məcburiliyi

Kassasiya qaydasında işə baxan məhkəmənin qərardadında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Kassasiya qaydasında işə baxan məhkəmə, qətnamədə müəyyən edilməmiş və ya rədd edilmiş halları müəyyən etməyə və ya sübut olunmuş hesab etməyə, bu və ya digər sübutun etibarlı olub-olmaması haqqında, sübutlardan bəzilərinin o birilərindən üstün olması haqqında, habelə işə yenidən baxıldıqda hansı maddi hüquq normasının tətbiq edilməli olması və nə cür qətnamə çıxarılması haqqında məsələləri qabaqcadan həll etməyə haqlı deyildir.

Maddə 327. Kassasiya instansiyası qərardadının qanuni qüvvəsi

Kassasiya instansiyası məhkəməsinin qərardadından şikayət verilə bilməz və o, çıxarıldığı vaxtdan qanuni qüvvəyə minir.

Otuz altıncı fəsil. Məhkəmənin qərardadlarından şikayət və protest verilməsi

Maddə 328. Birinci instansiya məhkəməsinin qərardadlarından şikayət və protest vermək hüququ

Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadından başqa, birinci instansiya məhkəməsinin qərardadlarından kassasiya instansiyası məhkəməsinə, bu Məcəllə ilə nəzərdə tutulan hallarda, habelə məhkəmə qərardadı işin davam etməsinin qarşısını aldığı hallarda, məhkəmənin qətnaməsindən ayrılıqda, tərəflər və işdə iştirak edən sair şəxslər tərəfindən şikayət, prokuror tərəfindən protest verilə bilər.

Birinci instansiya məhkəməsinin qalan qərardadlarından xüsusi şikayət və protest verilmir, lakin həmin qərardadlara qarşı etirazlar kassasiya şikayətinə və ya protestinə daxil edilə bilər (34).

Maddə 329. Xüsusi şikayətlərin və protestlərin verilməsi və onlara baxılma qaydası

Birinci instansiya məhkəməsinin qərardadlarından xüsusi şikayət və protestlərin verilməsi və onlara baxılması həmin Məcəllənin 35-ci fəslinin müvafiq maddələri ilə müəyyən edilmiş qaydada aparılır.

Maddə 330. Kassasiya instansiyasının səlahiyyəti

Kassasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından verilmiş xüsusi şikayətə və ya protestə baxaraq, aşağıdakı hərəkətləri etmək hüququna malikdir;

1) qərardadı dəyişməmiş saxlamaq, şikayəti və ya protesti isə təmin etməmək;

2) qərardadı tamamilə və ya onun bir hissəsini ləğv etmək və məsələni yenidən baxılmaq üçün birinci instansiya məhkəməsinə vermək;

3) qərardadı tamamilə və ya onun bir hissəsini ləğv etmək və məsələni mahiyyəti üzrə həll etmək.

Maddə 331. Kassasiya instansiyasının xüsusi şikayət və ya protest üzrə çıxartdığı qərardadın qanuni qüvvəsi

Kassasiya instansiyasının xüsusi şikayət və ya protest üzrə çıxartdığı qərardadından şikayət verilə bilməz və o, çıxarıldıqdan sonra dərhal qanuni qüvvəyə minir.

Dördüncü bölmə. Qanuni qüvvəyə minmiş qətnamələrə, qərardadlara və qərarlara yenidən baxılması

Otuz yeddinci fəsil. Nəzarət instansiyasında icraat

Maddə 332. Nəzarət qaydasında yenidən baxıla bilən qətnamələr, qərardadlar və qərarlar

Azərbaycan Respublikasının bütün məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnamələrinə, qərardadlarına və qərarlarına bü Məcəllənin 333-cü maddəsində göstərilən vəzifəli şəxslərin protestləri üzrə məhkəmə nəzarəti qaydasında yenidən baxıla bilər (34).

Maddə 333. Protest verməyə hüququ olan şəxslər

Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnamələrindən, qərardadlarından və qərarlarından aşağıdakı şəxslər məhkəmə nəzarəti qaydasında protest verməyə haqlıdırlar:

1) Azərbaycan Respublikasının Baş Prokuroru — Azərbaycan Respublikasının hər hansı bir məhkəməsinin qətnamələrindən, qərardadlarından və qərarlarından;

2) Azərbaycan Respublikası Məhkəməsinin Sədri — Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları istisna olmaqla, Azərbaycan Respublikasının hər hansı bir məhkəməsinin qətnamələrindən, qərardadlarından və qərarlarından;

3) Azərbaycan Respublikası Prokurorunun müavinləri və Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavinləri — Azərbaycan Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin və Plenumunun qərarları istisna olmaqla, Azərbaycan Respublikasının hər hansı məhkəməsinin qətnamələrindən, qərardadlarından və qərarlarından;

4) Naxçıvan MR prokuroru, Bakı şəhər prokuroru, Naxçıvan MR Ali Məhkəməsinin sədri, Bakı Şəhər Məhkəməsinin sədri — rayon (şəhər) xalq məhkəmələrinin qətnamələrindən və qərardadlarından, müvafiq surətdə Naxçıvan MR Ali Məhkəməsinin, Bakı Şəhər Məhkəməsinin işə kassasiya qaydasında baxmış mülki işlər üzrə məhkəmə kollegiyalarının qərardadlarından (4, 11, 34).

Maddə 334. Nəzarət qaydasında protestlər üzrə işlərə baxan məhkəmələr

Naxçıvan MR Ali Məhkəməsinin, Bakı Şəhər Məhkəməsinin rəyasət hey'ətləri həmin məhkəmələrin kassasiya qərardadlarından və rayon (şəhər) xalq məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnamə və qərardadlarından protestlər üzrə işlərə baxırlar.

Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyası qətnamə və qərardadlara Azərbaycan Respublikasının Ali Məhkəməsində kassasiya qaydasında baxılmamışsa, respublikanın bütün məhkəmələri tərəfindən çıxarılan qanuni qüvvəyə minmiş qətnamə və qərardadlardan, habelə Naxçıvan MR Ali Məhkəməsinin, Bakı Şəhər Məhkəməsinin rəyasət hey'ətlərinin qərardadlarından verilən protestlər üzrə işlərə baxır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Rəyasət Hey'əti Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının qətnamə və qərardadlarından verilən protestlərə baxır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Ali Məhkəməsi Rəyasət Hey'ətinin qərarlarından verilən protestlərə baxır.

Birinci instansiya və kassasiya instansiyasında, yaxud məhkəmə nəzarəti qaydasında işə baxılmasında iştirak etmiş məhkəmə rəyasət hey'ətinin üzvü həmin işə məhkəmənin rəyasət hey'ətindən ibarət tərkibdə baxılmasında iştirak edə bilməz. Həmin işə birinci instansiyada, kassasiya və ya nəzarət instansiyasında baxılarkən rəyasət hey'əti üzvlərinin əksəriyyəti iştirak etmişsə, protest Azərbaycan Respublikası Prokuroru və ya Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri tərəfindən verilərsə, iş nəzarət qaydasında baxılmaq üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna verilir.

Həmin işə birinci instansiya və ya kassasiya instansiyası məhkəməsində baxılmasında Naxçıvan MR Ali Məhkəməsi, Bakı Şəhər Məhkəməsi Rəyasət Hey'əti üzvlərinin əksəriyyəti iştirak etmişsə, protest isə həmin məhkəmənin sədri tərəfindən və ya Naxçıvan MR prokuroru, Bakı Şəhər prokuroru tərəfindən verilmişsə, protesti verən şəxs işi, Azərbaycan Respublikasının Ali Məhkəməsinə nəzarət qaydasında protest vermək haqqında məsələni müzakirə etmək üçün müvafiq surətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədrinə və ya Azərbaycan Respublikasının Prokuroruna göndərir. Protest Azərbaycan Respublikasının Prokuroru, Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri və ya onların müavinləri tərəfindən verilmişsə, iş məhkəmə nəzarəti qaydasında baxılmaq üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına verilir.

Nəzarət qaydasında işlərə: mülki işlər üzrə məhkəmə kollegiyasında - məhkəmə üzvlərinin üç nəfər üzvündən az olmayan tərkibdə; məhkəmənin rəyasət hey'ətində — rəyasət hey'ətinin bütün üzvləri və ya onun tərkibinin əksəriyyəti tərəfindən; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda onun tərkibinin azı üçdə iki hissəsinin iştirakı ilə baxılır (4, 11, 34).

Maddə 335. İşlərin tələb edilməsi

Bu Məcəllənin 333-cü maddəsində göstərilən vəzifəli şəxslər, habelə rayon və şəhər prokurorları nəzarət qaydasında protest verməyə əsasların olması məsələsini həll etmək üçün öz səlahiyyətləri dairəsində mülki işləri müvafiq məhkəmələrdən tələb etmək hüququna malikdirlər.

İşi tələb edən şəxsə həmin qətnamədən, qərardaddan və ya qərardan protest vermək hüququna malik deyildirsə, zəruri hallarda o, protest verməyə hüququ olan yuxarı vəzifəli şəxsə, nəzarət qaydasında protest vermək haqqında təqdimat verir.

Protest vermək üçün əsaslar olmadıqda, işin yoxlanmaq üçün tələb olunması haqqında ərizə vermiş şəxsə, protest verməkdən imtina etməyin səbəbləri göstərilməklə, bu barədə xəbər verilir, iş isə müvafiq məhkəməyə göndərilir (12).

Maddə 336. İcranın dayandırılması

Nəzarət qaydasında protestlər verməyə hüququ olan vəzifəli şəxslər nəzarət qaydasında icraat qurtarana qədər məhkəmənin müvafiq qətnamələrinin, qərardadlarının və qərarlarının icrasını dayandıra bilərlər (dərhal icra edilməli qətnamələr istisna edilməklə (26, 27, 33).

Maddə 337. Protest verilməsi

Protest vermək üçün əsaslar olduqda, protest verməyə vəkil edilmiş vəzifəli şəxs işi protestlə birlikdə baxılmaq üçün müvafiq məhkəməyə göndərir. Protest tərtib edildikdə və verildikdə həmin Məcəllənin 299-cu maddəsində şərh olunan qaydalar tətbiq edilir.

Protest işdə iştirak edən şəxslərin sayına görə surətlərlə məhkəməyə təqdim olunur.

Maddə 338. İşə baxmanın hədləri

Nəzarət qaydasında işə baxılarkən, məhkəmə işdə olan və əlavə olaraq təqdim edilən materiallar üzrə qətnamənin, qərardadın və qərarın istər protest verilən, istərsə də protest verilməyən hissəsinin, həmçinin protestdə göstərilməyən şəxslər barəsində qanuni və əsaslı olmasını yoxlayır.

Məhkəmə protestdəki dəlillərdən asılı deyildir və işi tam həcmdə yoxlamağa borcludur.

Maddə 339. İşdə iştirak edən şəxslərə mə'lumat verilməsi və protestlərin surətlərinin onlara göndərilməsi

İş üzrə verilmiş protestin surətləri tərəflərə və işdə iştirak edən digər şəxslərə göndərilir. Zəruri hallarda, tərəflər və işdə iştirak edən digər şəxslər işə baxılması vaxtı və yeri haqqında xəbərdar edilirlər.

Protestin surətləri işdə iştirak edən şəxslərə məhkəmə tərəfindən göndərilir.

Məhkəmə işə baxılması vaxtını elə tə'yin edir ki, işdə iştirak edən şəxslərin protestə və əlavə materiallara dair yazılı izahatlar verməyə imkanı olsun.

Maddə 340. Protestin geri götürülməsi — 1980-ci il 30 sentyabr tarixli fərmanla yeni redaksiyada

Nəzarət qaydasında protest vermiş vəzifəli şəxs işə məhkəmə tərəfindən baxılmasına başlananadək protesti geri götürməyə haqlıdır. Prokurorun verdiyi protest yuxarı prokuror tərəfindən də geri götürülə bilər. Məhkəmə protestin götürüldüyünü işdə iştirak edən şəxslərə xəbər verir. İşə baxılması gedişində protest nə geri götürülə, nə də dəyişdirilə bilər (12).

Maddə 341. Protestə baxma qaydası

Nəzarət qaydasında protestə baxılarkən bu maddədə göstərilən istisna və əlavələrlə bu Məcəllənin 307, 310, 312 və 317-ci maddələrində şərh edilən qaydalar tətbiq olunur.

Qanuni qüvvəyə minmiş qətnamədən, qərardaddan və ya qərardan verilən protest üzrə işə nəzarət instansiyası tərəfindən məhkəmə iclasında - barəsində protest verilmiş işin daxil olduğu gündən ən geci iyirmi gün müddətində, Azərbaycan Respublikasının Ali Məhkəməsində isə ən geci bir ay müddətində baxılır.

Məhkəmənin rəyasət hey'ətində iş haqqında məhkəmə sədri və ya onun tapşırığı üzrə əvvəllər işə baxılmasında iştirak etməmiş rəyasət hey'əti üzvü və ya məhkəmə üzvü tərəfindən mə'ruzə edilir.

İşə baxılma vaxtı və yeri haqqında xəbərdar edilmiş işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməməsi, işə baxmağa mane olmur.

İşdə iştirak edən şəxslər və onların nümayəndələri məhkəmə iclasına gəlmişlərsə, iş haqqında mə'ruzə edildikdən sonra izahat verirlər.

Prokuror məhkəmə nəzarəti qaydasında işə baxılmasında iştirak edir, o özünün və ya yuxarı prokurorun verdiyi protesti müdafiə edir, yaxud məhkəmə sədrinin və ya onun müavininin protesti üzrə baxılan iş barəsində rə'y verir.

Məhkəmənin rəyasət hey'ətində və plenumunda bütün məsələlər səs çoxluğu ilə həll edilir. Protestin tə'min edilməsi lehinə və əleyhinə verilmiş səslər bərabər olduqda, protest rədd edilmiş hesab olunur.

Azərbaycan Respublikası, Naxçıvan MR ali məhkəmələrinin, Bakı Şəhər Məhkəməsinin rəyasət hey'ətlərinin qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qətnamələri qərar formasında çıxarılır. Rəyasət hey'ətinin qərarı sədrlik edən tərəfindən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı isə Plenuma sədrlik edən və Plenumun katibi tərəfindən imzalanır (11, 12, 34).

Maddə 342. Nəzarət qaydasında işə baxan məhkəmənin səlahiyyəti

Məhkəmə nəzarət qaydasında işə baxaraq, öz qərardadı və ya qərarı ilə aşağıdakı hərəkətləri etməyə haqlıdır;

1) qətnaməyə, qərardada və ya qərara dəyişiklik etməmək, protesti isə tə'min etməmək;

2) qətnaməni, qərardadı və ya qərarı tamamilə, yaxud qismən ləğv etmək və işi yenidən baxılmaq üçün birinci instansiya və ya kassasiya instansiyası məhkəməsinə göndərmək;

3) qətnaməni, qərardadı və ya qərarı tamamilə və ya qismən ləğv etmək və iş üzrə icraatı xitam etmək, yaxud ərizəni baxılmamış saxlamaq;

4) iş üzrə əvvəllər çıxarılmış qətnamələrdən, qərardadlardan və ya qərarlardan birini qüvvədə saxlamaq;

5) iş üzrə sübutların toplanması və ya sübutların əlavə yoxlanması tələb olunmursa, işin halları birinci instansiya məhkəməsi tərəfindən tam və düzgün müəyyən edilmişdirsə, lakin maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmişdirsə, işi yenidən baxılmağa vermədən qətnaməyə, qərardada və qərara dəyişiklik etmək və ya yeni qətnamə çıxarmaq (12).

Maddə 343. Məhkəmə qətnamələrinin, qərardadlarının və qərarlarının nəzarət qaydasında ləğv edilməsi üçün əsaslar

Məhkəmə qətnamələrinin, qərardadlarının və ya qərarlarının əsassız olması və ya maddi, yaxud prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulması onların nəzarət qaydasında ləğv edilməsi üçün əsaslardır.

Bu Məcəllənin 222 və 224-cü maddələrində göstərilən əsaslar üzrə məhkəmə qətnaməsi, qərardadı və ya qərarı işin icraatı xitam edilməklə və ya ərizə baxılmamış saxlanılmaqla nəzarət qaydasında ləğv edilməlidir (12).

Maddə 344. Yuxarı məhkəmələrin göstərişlərinin məcburiliyi

Məhkəmə nəzarəti qaydasında işə baxan məhkəmənin qərardadda və ya qərarda şərh olunmuş göstərişləri həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Məhkəmə nəzarəti qaydasında işə baxan məhkəmə, qətnamədə müəyyən edilmiş və ya rədd edilmiş halları müəyyən etməyə və ya sübut olunmuş hesab etməyə bu və ya digər sübutun e'tibarlı olması və ya olmaması, bə'zi sübutların digər sübutlara nisbətən üstünlüyü, habelə işə yenidən baxılarkən hansı maddi hüquq normasının tətbiq edilməli və nə kimi qətnamə çıxarılmalı olduğu haqqında məsələləri qabaqcadan həll etməyə haqlı deyildir.

Məhkəmə nəzarət qaydasında işə baxarkən, kassasiya qərardadını ləğv etdikdə işə təkrar baxılmasında kassasiya instansiyasının çıxara biləcəyi nəticələri də qabaqcadan həll etməyə haqlı deyildir.

Maddə 345. Məhkəmənin qərardadları və qərarları

Nəzarət qaydasında işlərə baxan məhkəmələrin qərardadlarının və qərarlarının məzmunu və nəticələri həmin Məcəllənin 324, 325 və 327-ci maddələrində şərh olunan qaydalarla müəyyən edilir.

Otuz səkkizinci fəsil. Qanuni qüvvəyə minmiş qətnamələrə, qərardadlara və qərarlara yeni açılmış hallar üzrə yenidən baxılması

Maddə 346. Yenidən baxmaq üçün əsaslar

Qanuni qüvvəyə minmiş qətnamələrə, qərardadlara və qərarlara yeni açılmış hallar üzrə yenidən baxıla bilər.

Yeni açılmış hallar üzrə qətnamələrə, qərardadlara və qərarlara yenidən baxmaq üçün əsaslar aşağıdakılardır:

1) iş üçün əhəmiyyətli olub, ərizəçiyə mə'lum olmayan və mə'lum ola bilməyən hallar;

2) məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rə'y verməsi, bilə-bilə düzgün tərcümə edilməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı;

3) məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin etdikləri cinayətkar hərəkətlər və ya hakimlərin cinayətkar əməlləri;

4) həmin qətnamənin, qərardadın və ya qərarın çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi.

Maddə 346-1. Qətnamələrə, qərardadlara və qərarlara yeni açılmış hallar üzrə yenidən baxan məhkəmələr - 1980-ci il 30 sentyabr tarixli fərmanla əlavə edilmişdir

Qanuni qüvvəyə minmiş qətnaməyə, bu qətnaməni çıxaran məhkəmə yeni açılmış hallar üzrə yenidən baxır. Birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirən və ya yeni qətnamə çıxaran kassasiya və ya nəzarət instansiyaları qərardadlarına və qərarlarına yeni açılmış hallar üzrə yenidən baxılması qətnamənin dəyişmiş və ya yeni qətnamə çıxarmış məhkəmə tərəfindən həyata keçirilir (12).

Maddə 347. Qətnaməyə, qərardada və qərara yenidən baxılması haqqında ərizə verilməsi

Yeni açılmış hallar üzrə qətnamələrə, qərardadlara və ya qərarlara yenidən baxılması haqqında ərizə, işdə iştirak edən şəxslər və ya prokuror tərəfindən, qətnaməni, qərardadı və ya qərarı çıxarmış məhkəməyə verilir. İşdə iştirak edən şəxslər bu cür ərizəni, işə baxmaq üçün əsas olmuş halların müəyyən edildiyi gündən üç ay rəzində verə bilərlər.

Maddə 348. Ərizə vermək üçün müddətin hesablanması

Ərizə vermək üçün müddət aşağıdakı qaydada hesablanır:

1) həmin Məcəllənin 346-cı maddəsinin 1-ci bəndi ilə nəzərdə tutulan hallarda — iş üçün mühüm əhəmiyyəti olan hallar açıldığı gündən;

2) həmin Məcəllənin 346-cı maddəsinin 2-ci və 3-cü bəndləri ilə nəzərdə tutulan hallarda — cinayət işi üzrə hökm qanuni qüvvəyə mindiyi gündən;

3) həmin Məcəllənin 346-cı maddəsinin 4-cü bəndi ilə nəzərdə tutulan hallarda — yenidən baxılan qətnamənin, qərardadın və ya qərarın əsaslandırıldığı hökmə, qətnaməyə, qərardada və ya qərara öz məzmununa görə zidd olan məhkəmə hökmünün, qətnaməsinin, qərardadının, qərarının qanuni qüvvəyə mindiyi, yaxud dövlət idarə orqanı qərarının çıxarıldığı gündən.

Maddə 349. Ərizəyə baxılması

Məhkəmə yeni açılmış hallara görə qətnaməyə, qərardada və ya qərara yenidən baxmaq haqqında ərizəyə məhkəmə iclasında baxır. Ərizəçi və işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər. Lakin onların gəlməməsi ərizənin baxılmasına mane olmur.

Maddə 350. İşə yenidən baxmaq haqqında məhkəmə qərardadı

Məhkəmə yeni açılmış hallar üzrə qətnaməyə, qərardada və ya qərara yenidən baxmaq haqqında ərizəyə baxaraq, ya ərizəni tə'min edib qətnaməni, qərardadı və ya qərarı ləğv edir, ya da yenidən baxmağı rədd edir.

Yeni açılmış hallar üzrə qətnaməyə, qərardada və ya qərara yenidən baxmaq haqqında ərizənin tə'min edilməsi barədə məhkəmə qərardadından şikayət verilə bilməz.

İşə yenidən baxmaqdan imtina etmək haqqında məhkəmə qərardadından həmin Məcəllənin 35-ci fəsli ilə nəzərdə tutulan qaydalar üzrə şikayət verilə bilər.

Qətnamə, qərardad və ya qərar ləğv edildikdə işə, həmin Məcəllə ilə müəyyən edilmiş qaydalar üzrə məhkəmə tərəfindən baxılır.

Beşinci bölmə. Məhkəmə qətnamələrənin icrası

Otuz doqquzuncu fəsil. Ümumi qaydalar

Maddə 351. Məhkəmələrin və digər orqanların icra edilməli qərarları

Aşağıdakılar Məcəllənin bu bölməsində şərh edilmiş qaydalar üzrə icra edilməlidir:

1) məhkəmələrin mülki işlər üzrə qətnamələri, qərardadları və qərarları, habelə aliment tutulması haqqında xalq hakimlərinin qərarları;

2) məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi;

3) inzibati hüquq pozuntuları haqqındakı işlər üzrə hakimin və ya məhkəmənin qərarlarının əmlakı almağa dair hissəsi;

4) məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişləri;

5) notariat orqanlarının icra qeydləri;

6) qanunla nəzərdə tutulmuş hallarda arbitraj orqanlarının qətnamələri;

7) Ticarət-Sənaye Palatası yanında Dəniz Arbitraj Komissiyasının və Arbitraj Məhkəməsinin və ayrı-ayrı işlərə baxmaq üçün xüsusi olaraq təşkil edilmiş arbitrajların qətnamələri;

8) ödəyici tərəfindən aksept edilmiş, lakin vaxtında ödənilməmiş ödəmə tələbləri;

9) əmlakın alınması haqqında yoldaşlıq məhkəmələrinin qətnamələri;

10) münsiflər məhkəmələrinin qətnamələri;

11) əmək mübahisələri komissiyalarının qətnamələri;

12) əmək mübahisələri üzrə, şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailə dolandıranın ölümü ilə vurulan ziyanın ödənilməsi haqqındakı mübahisələr üzrə müəssisələrin, idarələrin, təşkilatların həmkarlar ittifaqı komitələrinin qərarları;

13) qanunla müəyyən olunmuş hallarda yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaların pul alınması haqqında qərarları;

14) qanunla vətəndaşlardan mübahisəsiz qaydada pul tutmaq hüququ verilmiş inzibati orqanların və ya vəzifəli şəxslərin qərarları;

15) vətəndaşa şəxsi mülkiyyət hüququ üzrə məxsus olan ikinci evin məcburi satılması haqqında rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti orqanlarının qərarları;

16) əkinləri otarmaq və bitkiləri zədələmək üstündə müəssisələrdən, idarələrdən, təşkilatlardan, onların birliklərindən, siyasi partiyalardan, həmkarlar ittifaqlarından, ictimai birliklərdən zərərin əvəzinin alınması haqqında şəhər, qəsəbə və kənd icra hakimiyyəti orqanlarının qərarları;

17) qanunla nəzərdə tutulan hallarda xarici məhkəmələrin qətnamələri;

18) yaşayış sahəsini özbaşına tutmuş və ya uçmaq təhlükəsi olan evlərdə yaşayan vətəndaşları inzibati qaydada çıxarmaq haqqında prokurorqun qərarları. Prokurorun qərarının məcburi icrası Azərbaycan Respublikasının qanunvericiliyində və bu Məcəllədə nəzərdə tutulmuş qaydalar üzrə həyata keçirilir (12, 18, 21, 26, 34).

Maddə 352. İcra sənədləri

İcra sənədləri aşağıdakılardır:

1) vətəndaşlar arasındakı mübahisələr üzrə məhkəmələrin (hakimlərin) qətnamələrinə, hökmlərinə, qərardadlarına və qərarlarına, məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişlərinə, yoldaşlıq məhkəmələrinin qətnamələrinə, münsiflər məhkəmələrinin qətnamələrinə, Ticarət-Sənaye Palatası yanında Arbitraj Məhkəməsinin və ayrı-ayrı işlərə baxmaq üçün xüsusi olaraq təşkil edilmiş arbitrajların qətnamələrinə, xarici məhkəmələrin qətnamələrinə əsasən verilən icra vərəqələri;

2) notariat orqanlarının icra qeydləri;

3) müəssisələr, idarələr, təşkilatlar, onların birlikləri, siyasi partiyalar, həmkarlar ittifaqları, ictimai birliklər arasında mübahisələr üzrə arbitraj qətnamələrinə və münsiflər məhkəmələrinin qətnamələrinə əsasən qanunla nəzərdə tutulan hallarda arbitraj orqanları tərəfindən verilən əmrlər;

4) qətnamənin qanuni qüvvəyə minməsi barəsində Ticarət-Sənaye Palatası yanında Dəniz Arbitraj Komissiyası sədrinin qeydləri;

5) ödəyici tərəfindən aksept edilmiş, lakin vaxtında ödənilməmiş ödəmə tələbləri;

6) əmək mübahisələri üzrə əmək mübahisələrinə baxan komissiyaların qətnamələrinə və ya müəssisələrin, idarələrin, təşkilatların həmkarlar ittifaqı komitələrinin qərarlarına əsasən həmkarlar ittifaqı komitələrinin verdikləri vəsiqələr və şikəst etmə və səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulmuş ziyanın ödənilməsi haqqındakı mübahisələr üzrə həmkarlar ittifaqları komitələrinin verdikləri vəsiqələr;

7) pul alınması haqqında yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyaların verdikləri qərarlar;

8) vətəndaşlardan mübahisəsiz qaydada pul tutulması haqqında inzibati orqanların verdikləri qərarlar;

9) şəxsi mülkiyyət hüququ üzrə vətəndaşa məxsus olan ikinci evin məcburi surətdə satılması haqqında rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti orqanlarının qərarları;

10) əkinləri otarmaq və bitkiləri zədələmək üstündə müəssisələrdən, idarələrdən, təşkilatlardan, onların birliklərindən, siyasi partiyalardan, həmkarlar ittifaqlarından, ictimai birliklərdən zərərin əvəzinin alınması haqqında şəhər, qəsəbə və kənd icra hakimiyyəti orqanlarının qərarları;

11) yaşayış sahəsini özbaşına tutmuş və ya uçmaq təhlükəsi olan evlərdə yaşayan vətəndaşları inzibati qaydada çıxarmaq haqqında prokurorun qərarları (12, 18, 21, 26, 34).

Maddə 353. İcra vərəqəsinin verilməsi

Tə'xirsiz icra hallarında icra vərəqəsinin dərhal verilməsi istisna olmaqla, icra vərəqəsi, qətnamə qanuni qüvvəyə mindikdən sonra məhkəmə tərəfindən tələbkara verilir.

İcra vərəqəsi tələbkara verilir, yaxud onun xahişi ilə bilavasitə məhkəmə tərəfindən icra olunmaq üçün göndərilir.

Əmlakın müsadirə edilməsi, pul məbləğinin dövlət xeyrinə alınması, cinayət nəticəsində dövlət, kooperativ əmlakına və ya başqa ictimai əmlaka vurulmuş ziyanın alınması, aliment alınması, şikəst etmə və ya səhhəti sair şəkildə zədələmə ilə; habelə ailəni dolandıranan ölümü ilə vurulmuş ziyanın alınması, işçinin qanunsuz olaraq işdən çıxarılmasında və ya başqa işə keçirilməsində, yaxud işə bərpa etmək haqqında məhkəmə qətnaməsini icra etməməkdə təqsirkar olan vəzifəli şəxslərdən pul məbləğinin alınması hallarında məhkəmə öz təşəbbüsü ilə icra vərəqəsini icra olunmaq üçün göndərir və bu barədə müvafiq maliyyə orqanını və ya tələbkarı xəbərdar edir (12).

Maddə 354. Bir qətnamə üzrə bir neçə icra vərəqəsinin verilməsi

Hər bir qətnamə üzrə bir icra vərəqəsi verilir. Lakin icra müxtəlif yerlərdə yerinə yetirilməlidirsə, yaxud qətnamə bir neçə iddiaçının xeyrinə və ya bir neçə cavabdehə qarşı çıxarılmışsa, məhkəmə tələbkarların xahişi ilə icranın yerini, yaxud qətnamənin həmin vərəqə üzrə icra olunmalı hissəsini dürüst göstərməklə, bir neçə icra vərəqəsi verə bilər.

Birgə cavabdehlərdən pul məbləği alınması haqqında hökmə və ya qətnaməyə əsasən, tələbkarın xahişi üzrə birgə cavabdehlərin sayına görə bir neçə icra vərəqəsi verilə bilər. Hər bir icra vərəqəsində tələbin ümumi məbləği və cavabdehlərin birgə məs'uliyyəti göstərilməklə bütün cavabdehlər göstərilməlidir.

Maddə 355. İcra vərəqəsinin məzmunu

İcra vərəqəsində aşağıdakılar göstərilməlidir:

1) icra vərəqəsini vermiş məhkəmənin adı;

2) icra vərəqəsinin hansı iş üzrə verildiyi;

3) qətnamənin çıxarılma vaxtı;

4) qətnamənin nəticə hissəsi (eynilə);

5) qətnamənin qanuni qüvvəyə mindiyi vaxt;

6) icra vərəqəsinin verildiyi vaxt;

7) tələbkarın və borclunun adı, atasının adı, familiyası, ünvanı; hüquqi şəxsin adı və ünvanı.

Digər icra sənədlərinin məzmunu müvafiq qanunvericiliklə müəyyən edilir.

Maddə 356. İcra vərəqəsi dublikatının verilməsi

İcra vərəqəsi itirildikdə, qətnamə çıxarmış məhkəmə dublikat verə bilər. Dublikatın verilməsi haqqında ərizəyə, işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin onların gəlməməsi dublikatın verilməsi məsələsini həll etməyə mane olmur. Dublikatın verilməsi məsələsi üzrə məhkəmə qərardadından xüsusi şikayət və ya protest verilə bilər.

Maddə 357. İcra vərəqəsini itirməyə görə məs'uliyyət

Məhkəmə icra vərəqəsini və ya digər icra sənədini itirməkdə təqsirkar olan vəzifəli şəxsi, vəzifəli şəxsin hərəkətləri cinayət məs'uliyyətinə səbəb olmazsa, məhkəmə icraçısının təqdimatı üzrə minimum əmək haqqının bir mislinin yarısınadək miqdarda cərimə etməyə haqlıdır (17, 35).

Maddə 358. İcra sənədlərinin icraya təqdim edilməsi müddətləri

Tərəflərdən heç olmazsa birinin vətəndaş olduğu iş üzrə məhkəmə qətnaməsi, qanuni qüvvəyə mindiyi vaxtdan üç il ərzində, bütün qalan işlər üzrə isə, qanunvericiliklə sair müddətlər müəyyən edilməmişsə, bir il ərzində məcburi surətdə icra olunmağa təqdim edilə bilər.

Həmin Məcəllənin 351-ci maddəsində göstərilən sair qərarların və qətnamələrin icraya təqdim edilməsi üçün müddətlər müvafiq qanunvericiliklə müəyyən olunur.

Həmin maddənin birinci hissəsində müəyyən olunmuş, vaxtaşırı ödəmələrin alınmasına dair məhkəmə qətnamələri üzrə müddətlər hər ödəmə üçün ayrıca qüvvədədir və bu müddətlərin axımı hər ödəmə müddətinin başlandığı gündən başlanır.

Maddə 359. İcra sənədini təqdim etmək üçün müddətin kəsilməsi

Qanunvericiliklə başqa qayda müəyyən edilməmişsə, icra sənədinin icraya təqdim edilməsi ilə müddət kəsilir.

İş üzrə tərəflərdən biri və ya hər ikisi vətəndaşdırsa, müddət qətnamənin müəyyən hissədə icra edilməsi ilə də kəsilir.

Maddə 360. İcra sənədini icraya təqdim etmək üçün buraxılmış müddətin bərpa edilməsi

İcra vərəqəsini və ya notariusun icra qeydini icraya təqdim etmək müddətini məhkəmənin üzrlü hesab etdiyi səbəblər üzrə keçirmiş tələbkarlar üçün, buraxılmış müddət, qanunla başqa qayda müəyyən edilməmişsə, bərpa edilə bilər.

Buraxılmış müddətin bərpa edilməsi haqqında ərizə qətnaməni çıxarmış məhkəməyə və ya icra yerinin məhkəməsinə verilir. Ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi buraxılmış müddətin bərpası məsələsini həll etməyə mane olmur. Müddətin bərpası məsələsi üzrə məhkəmə qərardadından xüsusi şikayət və ya protest verilə bilər.

Maddə 361. Məhkəmə icraçıları

Həmin Məcəllənin 351-ci maddəsində göstərilən məhkəmələrin və sair orqanların qərarları rayon (şəhər) xalq məhkəmələri yanındakı məhkəmə icraçıları tərəfindən icra olunur.

Maddə 362. Məhkəmə qətnamələrinin icrası üzrə tələblərin məcburiliyi

Məhkəmə qətnamələrinin icrası üzrə məhkəmə icraçısının tələbləri Azərbaycan Respublikasının bütün ərazisində bütün müəssisələr, idarələr, təşkilatlar, onların birlikləri, siyasi partiyalar, həmkarlar ittifaqları, ictimai birliklər, vəzifəli şəxslər və vətəndaşlar üçün məcburidir (34).

Maddə 363. Məhkəmə qətnamələrinin düzgün və vaxtında icra edilməsinə nəzarət

Məhkəmə qətnamələrinin düzgün və vaxtında icra edilməsinə nəzarət hakim tərəfindən həyata keçirilir.

Maddə 364. Məhkəmə icraçısına e'tiraz

Həmin Məcəllənin 18-ci maddəsinin 2-ci və 3-cü bəndlərində göstərilən əsaslar olduqda, məhkəmə icraçısı qətnamələrin icrasında iştirak edə bilməz.

Məhkəmə icraçısına e'tiraz edilməsi və e'tiraz məsələsinin həll edilmə qaydası həmin Məcəllənin 22 və 23-cü maddələri ilə müəyyən edilir.

Məhkəmə icraçısına e'tirazı rədd etmək haqqında məhkəmə qərardadından xüsusi şikayət və ya protest verilə bilər. Lakin şikayət və ya protestin verilməsi icra hərəkətlərinin yerinə yetirilməsini dayandırmır.

Məhkəmə icraçısına e'tiraz edildikdə, icra vərəqəsi hakimin qərardadı üzrə həmin məhkəmənin digər icraçısına verilir və ya digər xalq məhkəməsinə göndərilir.

Maddə 365. Qətnamənin könüllü icra edilməsi haqqında təklif

Məhkəmə icraçısı qətnaməni icra etməyə başlayarkən, qətnamənin beş gün müddətində könüllü icra edilməsi haqqında borcluya təklif göndərir. Təklif həmin Məcəllənin 10-cu fəsli ilə müəyyən edilmiş qaydalar üzrə borcluya çatdırılır və təqdim edilir. Məhkəmə icraçısı zəruri hallarda təklifin təqdim edilməsi ilə eyni zamanda borclunun əmlakı üzərinə həbs qoya bilər.

Maddə 366. Qətnamənin məcburi icrası

Məhkəmə qətnamələrinin məcburi icrası həmin Məcəllənin 365-ci maddəsinə uyğun olaraq, məhkəmə qətnaməsini könüllü icra etmək üçün borcluya verilmiş müddət keçdikdən sonra yerinə yetirilir.

Maddə 367. Məcburi icra tədbirləri

Məcburi icra tədbirləri aşağıdakılardır:

1) borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi;

2) tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi;

3) tələbin borclunun üçüncü şəxslərdə olan pul məbləğinə və əmlakına yönəldilməsi;

4) məhkəmə qətnaməsində göstərilmiş müəyyən predmetlərin borcludan alınması və tələbkara verilməsi;

5) qanuna uyğun olaraq qətnamədə göstərilən sair tədbirlər.

Maddə 368. Borclunun binasının müayinəsi

Məhkəmə icraçısı icra hərəkətlərini yerinə yetirərkən, bu, tələb üçün zəruridirsə, hal şahidlərinin iştirakı ilə borclunun binasını və anbarını müayinə etməyə haqlıdır. Bina və anbar mənzil-istismar təşkilatının və ya kənd, qəsəbə icra hakimiyyəti orqanı nümayəndələrinin, habelə hal şahidlərinin iştirakı ilə açılır.

Borclu məhkəmə icraçısını binaya buraxmaqdan imtina etdikdə, məhkəmə icraçısı, zəruri halda daxili işlər orqanının nümayəndəsini və ya yerli icra hakimiyyəti orqanı nümayəndəsini də'vət edir, onların, habelə hal şahidlərinin iştirakı ilə binanı açır (34).

Maddə 369. Məhkəmə icraçısının hərəkətlərinin ümumi şərtləri

Məhkəmə icraçısı həmin Məcəllənin 4-cü maddəsində göstərilən şəxslərin ərizəsi üzrə, həmin Məcəllənin 353-cü maddəsinin üçüncü hissəsində göstərilən hallarda isə məhkəmənin təklifi üzrə, lazımi qaydada verilmiş icra sənədinə əsasən qətnaməni icra etməyə başlayır.

İcra edilməli qətnamə aydın olmadıqda, məhkəmə icraçısı qətnamənin izah edilməsini işi həll etmiş məhkəmədən xahiş etməyə haqlıdır. Qətnamə həmin Məcəllənin 210-cu maddəsi ilə müəyyən edilmiş qaydalar üzrə izah olunur.

Qətnamələrin icrası borclunun yaşadığı yerin və ya işlədiyi yerin, yaxud da onun əmlakının olduğu yerin, borclu hüquqi şəxs olduqda isə, onun orqanının və ya əmlakının olduğu yerin məhkəməsi yanındakı məhkəmə icraçısı tərəfindən yerinə yetirilir.

Məhkəmə icraçısı zəruri hallarda icra hərəkətlərini onun xidmət etdiyi dairədən kənarda, lakin bir şəhər və ya rayon daxilində, həm də hər bir halda hakimin xüsusi qərardadı üzrə davam etdirir.

Borclu başqa məhkəmənin rayonuna çıxıb getmişsə və onun ünvanı məhkəmə icraçısına mə'lumdursa, məhkəmə icraçısı icra sənədini borclunun yeni yaşayış yerinin məhkəməsinə göndərərək, bu barədə tələbkarı xəbərdar edir.

Tərəflər məhkəmə icraçısının qətnamələri icra etmək üzrə hərəkətləri yerinə yetirməsində iştirak etmək və məhkəmədən qətnamənin icrası ilə əlaqədar olan zəruri arayışlar almaq hüququna malikdirlər.

Maddə 370. Borclunun axtarılması

Aliment alınması haqqında, şikəst etmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailə dolandıranın ölümü ilə vurulmuş ziyanın ödənilməsi haqqında işlər üzrə borclunun yeri məlum olmadıqda, hakim borclunun daxili işlər orqanları vasitəsi ilə axtarılması haqqında qərardad çıxarır.

Müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin xeyrinə vətəndaşlardan tələblər haqqında qətnamələr icra edilərkən, borclunun yeri məlum olmadıqda, məhkəmə borclunun daxili işlər orqanları vasitəsi ilə axtarılması haqqında qərardad çıxara bilər.

Yetkinlik yaşına çatmayan uşaqların valideynlərinin axtarıldığı dövrdə həmin uşaqlar üçün müavinət verildiyi hallarda aliment alınması haqqında işlər üzrə hakim aliment üzrə yaranmış borc haqqında məhkəmə icraçısının təqdimatı əsasında, ödənilmiş müavinətin məbləğini həmin məbləğə qanunvericiliklə müəyyən olunmuş 10 faiz əlavə edilməklə, borcludan almaq üçün icra vərəqəsi verilməsi haqqında qərardad çıxarır.

Borclunun axtarılması üçün çəkilən xərclərin borcludan tutulmasından ötrü daxili işlər orqanının məlumatına əsasən hakim icra vərəqəsi verilməsi haqqında qərardad çıxarır (17, 34).

Maddə 371. Məhkəmə icraçısına müqavimət göstərildikdə onun hərəkətləri

Qətnamə icra edilərkən məhkəmə icraçısına müqavimət göstərilərsə, məhkəmə icrası hal şahidlərinin iştirakı ilə bu barədə akt tərtib edir və maneçiliyi aradan qaldırmaq üçün hakimiyyət orqanlarının köməyinə müraciət edir.

Məhkəmə icraçısı və hal şahidləri tərəfindən imzalanmış akt məhkəmə icraçısına müqavimət göstərən şəxsləri məsuliyyətə cəlb etmək məsələsini həll etmək üçün xalq hakiminə təqdim edilir.

Maddə 372. İcranın vaxtı

Məhkəmə icraçısı icra hərəkətlərini saat 8-dən tez və saat 22-dən gec olmamaqla, iş günlərində yerinə yetirir.

Qeyri-iş günlərində qətnamələrin icra edilməsinə, ancaq təxirə salınmamalı hallarda, məhkəmə icraçısının işlədiyi məhkəmənin xalq hakiminin icazəsi ilə yol verilir.

Maddə 373. İcranın yerinə yetirilməsinə möhlət verilməsi və ya icranın hissə-hissə yerinə yetirilməsi

Qətnamənin icra edilməsi üçün çətinlik yaradan və ya onu qeyri-mümkün edən hallar olduqda, məhkəmə icraçısı, iş üzrə qətnamə çıxarmış xalq məhkəməsi qarşısında icranın yerinə yetirilməsinə möhlət verilməsi və ya icranın hissə-hissə yerinə yetirilməsi haqqında, habelə qətnamənin icra üsulunu və qaydasını dəyişdirmək haqqında məsələ qoya bilər. Məhkəmə icraçısının bu cür ərizəsinə həmin Məcəllənin 211-ci maddəsi ilə nəzərdə tutulan qaydada baxılır.

Maddə 374. İcra hərəkətlərinin təxirə salınması

Məhkəmə icraçısı icra hərəkətlərinin yerinə yetirilməsini yalnız tələbkarın ərizəsinə və ya hakimin qərardadına əsasən təxirə sala bilər.

Maddə 375. Hakimin icra üzrə icraatı dayandırmaq vəzifəsi

Hakim aşağıdakı hallarda icra üzrə icraatı dayandırmağa borcludur:

1) məhkəmənin müəyyən etdiyi hüquq münasibəti hüquq varisliyinə yol verirsə, borclu öldükdə;

2) borclu fəaliyyət qabiliyyətini itirdikdə;

3) borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın xahişi olduqda;

4) əmlakın həbsdən azad edilməsi haqqında iddia verildikdə;

5) bu cür mübahisə etməyə qanunla yol verilirsə, icra sənədinə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda;

6) inzibati orqanların və ya vəzifəli şəxslərin hərəkətlərindən şikayət verildikdə;

7) qanunvericiliklə qətnamənin icrasını dayandırmaq hüququ verilən vəzifəli şəxslərin sərəncamı olduqda (34).

Maddə 376. Məhkəmənin və ya hakimin icra üzrə icraatı dayandırmaq hüququ

Məhkəmə və ya hakim icra üzrə icraatı aşağıdakı hallarda dayandıra bilər:

1) borclu olan hüquqi şəxs xitam edildikdə;

2) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmətdə olan, yaxud hər hansı bir dövlət vəzifəsini yerinə yetirməyə cəlb edilən borclu xahiş etdikdə;

3) borclu uzunmüddətli qulluq ezamiyyətində olduqda;

4) borclu müalicəxanada olduqda;

5) məhkəmə icraçısının hərəkətlərindən şikayət verildikdə;

6) bu Məcəllənin 370-ci maddəsi ilə nəzərdə tutulan hallarda borclu axtarıldıqda (34).

Maddə 377. İcra üzrə icraatın dayandırılması müddətləri

Bu Məcəllənin 375 və 376-cı maddələri ilə nəzərdə tutulan hallarda icra üzrə icraat aşağıdakı müddətlərə dayandırılır:

1) borclunun hüquq varisini müəyyən edənə qədər və ya fəaliyyət qabiliyyəti olmayan borcluya nümayəndə təyin edilənə qədər;

2) tələbkarın və ya borclunun Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərkibində qalması qurtarana qədər, borclunun dövlət vəzifəsini yerinə yetirməsi qurtarana qədər, borclu qulluq ezamiyyətindən qayıdana qədər, müalicəxanadan çıxana qədər və ya borclu axtarılıb tapılana qədər;

3) iddianı və ya şikayəti təmin etməyi rədd etmək haqqında məhkəmə qətnaməsi, yaxud qərardadı qanuni qüvvəyə minənə qədər;

4) nəzarət qaydasında icraat qurtarana qədər və ya dayandırmanın ləğv edilməsi haqqında müvafiq vəzifəli şəxs sərəncam verənə qədər.

İcra üzrə icraat, onun dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra, tələbkarın ərizəsi üzrə və ya hakimin təşəbbüsü ilə təzələnir (34).

Maddə 378. İcra üzrə icraatın xitam edilməsi

İcra üzrə icraat aşağıdakı hallarda xitam edilir:

1) tələbkar tələbdən imtina etmişsə;

2) tələbkar və borclu barışıq sazişi bağlamışlarsa;

3) tələbkar və ya borclu olan vətəndaş vəfat etdikdən sonra qətnamə ilə təsdiq edilmiş tələblər və ya vəzifələr vəfat etmiş şəxsin hüquq varisinə aid edilə bilməzsə;

4) həmin növ tələb üçün qanunla müəyyən edilən müddət keçmişsə;

5) əsasında icra vərəqəsi verilmiş müvafiq orqanın qərarı ləğv edilmişsə.

Tələbkar tələbdən imtina etdikdə və tələbkarla borclu arasında barışıq sazişi bağlandıqda, müvafiq surətdə həmin Məcəllənin 170-ci maddəsi ilə nəzərdə tutulan qaydalar tətbiq edilir.

İcra üzrə icraat xitam olunduqda, məhkəmə icraçısı tərəfindən icra üzrə görülən tədbirlər ləğv edilir. Xitam olunmuş icra üzrə icraat yenidən başlana bilməz.

Maddə 379. İcra sənədlərinin tələbkara qaytarılması

Tələbin icra edilmədiyi və ya natamam icra edildiyi icra sənədi aşağıdakı hallarda tələbkara qaytarılır:

1) tələbkarın ərizəsi üzrə;

2) borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlir olmazsa;

3) tələbkar, qətnamə icra edilərkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya məhkəmə qətnaməsində göstərilən, borcludan alınmış müəyyən predmetləri götürməkdən imtina etmişsə;

4) həmin Məcəllənin 370-ci maddəsində göstərilən hallar istisna olmaqla, borclu tələbkarın göstərdiyi ünvanda yaşamırsa və ya işləmirsə, yaxud onun əmlakı orada yoxdursa.

Həmin maddənin 2, 3 və 4-cü bəndlərində göstərilən hallarda məhkəmə icraçısı müvafiq akt tərtib edir və bu akt yoxlanılaraq xalq hakiminin qərardadı ilə təsdiq edilir.

İcra sənədinin tələbkara qaytarılması həmin sənədi qanunla müəyyən edilən müddət ərzində icra edilməyə yenidən təqdim etməyə mane olmur. Sənədin icra edilməyə təqdim edilməsi üçün yeni müddət onun tələbkara qaytarıldığı gündən hesablanır.

Maddə 380. İcra üzrə icraatın dayandırılması, xitam edilməsi və icra sənədinin tələbkara qaytarılması məsələlərinə baxmaq qaydası

İcra üzrə icraatın dayandırılması, icra üzrə icraatın xitam edilməsi, icra sənədinin tələbkara qaytarılması məsələlərinə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə icraçısının işlədiyi məhkəmənin xalq hakimi tərəfindən baxılır. Lakin həmin şəxslərin gəlməməsi göstərilən məsələlərin həll edilməsinə mane olmur.

İcra üzrə icraatın dayandırılması, icra üzrə icraatın xitam edilməsi, icra sənədinin tələbkara qaytarılması haqqında hakimin qərardadlarından xüsusi şikayət və ya protest verilə bilər.

Maddə 381. Qətnamənin icrası üzrə xərclər

Qətnamə icra edilən zaman borclunun əmlakını saxlamaq və daşımaq, ekspertlərə haqq vermək, məhkəmə icraçısının icra yerinə getdikdə yol xərcini ödəmək üçün zəruri olan xərclər məhkəmə icraçısının işlədiyi məhkəmənin smetası üzrə alınır. Qətnamələrin, hökmlərin əmlakın alınmasına dair hissəsinin, mülki işlər, cinayət işləri, inzibati icraat və notariat orqanlarının icra qeydləri üzrə qərardad və qərarların məcburi icrası sahəsindəki hərəkətləri yerinə yetirildikdə, borclunun hesabına məhkəmə icraçısına onun tərəfindən dövlət büdcəsinə, habelə dövlət, kooperativ və digər ictimai müəssisələrin, təşkilatların və vətəndaşların xeyrinə tutulmuş məbləğin 5 faizi qədər haqq ödənilir.

Bu xərclər borcludan xalq hakiminin qərardadı üzrə, dövlət xeyrinə alınır. Bu qərardaddan xüsusi şikayət və ya protest verilə bilər (28).

Qırxıncı fəsil. Vətəndaşlar barədə qətnamələrin icrası

Maddə 382. Tələbin vətəndaşların əmlakına yönəldilməsi

Vətəndaşlardan tələb, borclunun şəxsi əmlakına, habelə onun ümumi mülkiyyətindəki ər-arvadın birgə mülkiyyətindəki payına, eləcə də kolxozçu həyətinin və ya kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların təsərrüfatının əmlakındakı payına yönəldilir.

Cinayət işi üzrə məhkəmənin hökmü ilə əmlakın cinayət yolu ilə əldə edilmiş vəsait hesabına alındığı müəyyən olunarsa, cinayət nəticəsində vurulmuş zərərin ödənilməsinə dair tələb ər-arvadın birgə mülkiyyətindəki əmlakına, kolxozçu həyətinin, kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların əmlakına da yönəldilə bilər.

Tələbin miqdarı aylıq əmək haqqının və ya başqa qazancın, pensiyanın və ya təqaüdün qanuna görə tələbin yönəldilə biləcəyi hissəsini aşmırsa, tələb borclunun əmlakına yönəldilmir.

Kolxozçu həyətinin və ya kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların öhdəlikləri üzrə borcun tələbi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 121 və 122-ci maddələrinə uyğun olaraq həyətin və ya təsərrüfatın əmlakına yönəldilir (12, 34).

Maddə 383. Tələbin borclunun əmək haqqına yönəldilməsi

Vaxtaşırı və ya sair ödəmələrin alınması haqqında qətnamə icra edilərkən, həmin Məcəllənin 382-ci maddəsinin üçüncü hissəsində göstərilən hallarda, habelə alınmalı məbləği tamamilə ödəmək üçün borclunun əmlakı olmadıqda və ya kifayət qədər olmadıqda, tələb borclunun əmək haqqına yönəldilir.

Maddə 384. Borclunun digər şəxslərlə birlikdə sahib olduğu əmlakdakı payının müəyyən edilməsi

Alınmalı məbləği ödəmək üçün borclunun kifayət qədər əmlakı olmadıqda kolxozçu həyətinin və ya kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların əmlakında borclunun payı borcluya və maraqlı şəxslərə xəbər verilməklə, məhkəmə icraçısının təqdimatı üzrə məhkəmə tərəfindən müəyyən edilir, lakin onların gəlməməsi təqdimata baxmağa mane olmur.

Həyətin və ya təsərrüfatın əmlakında borclunun payı haqqında məsələ üzrə məhkəmə qərardadından xüsusi şikayət və ya protest verilə bilər (12).

Maddə 385. Tələbin yönəldilə bilmədiyi əmlak

Vətəndaşlar barəsində qətnamələr icra edilərkən həmin Məcəlləyə 1 №-li Əlavədə göstərilən siyahıya uyğun olaraq, tələb borclu və onun himayəsindəki şəxslər üçün zəruri olan ərzaq mallarına, geyim şeylərinə, ev avadanlığına və ləvazimatına, zəruri miqdarda mal-qaraya və quşlara, habelə sair əmlaka yönəldilə bilməz.

Maddə 386. Borclunun əmlakı üzərinə həbs qoyulması

Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakı siyahıya almaqla, onun üzərində sərəncam vermək hüququnun qadağan olunmasını elan etməkdən ibarətdir.

Maddə 387. Borclunun əmlakının siyahıya alınması

Məhkəmə icraçısı tələbkara verilməli məbləğin və icra üzrə xərclərin ödənilməsi üçün zəruri olan miqdarda borclunun əmlakını siyahıya alır. Məhkəmə icraçısı siyahıya alınmış predmetləri möhürləyə bilər.

Borclunun əmlakı özünün və iki hal şahidinin iştirakı ilə siyahıya alınır. Borclu iştirak etmədikdə siyahı onun ailəsinin yetkinlik yaşına çatmış üzvlərindən hər hansı birinin iştirakı ilə, həmin şəxslər olmadıqda isə, mənzil-istismar təşkilatı, yaxud qəsəbə və ya kənd icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə tərtib edilir (22, 34).

Maddə 388. Borclunun, tələbi birinci növbədə hansı predmetlərə yönəltməyi bildirmək hüququ

Əmlak siyahıya alınarkən, borclu, tələbin birinci növbədə hansı predmetlərə yönəldilməsini məhkəmə icraçısına bildirməyə haqlıdır. Belə bir məlumat qətnamənin icrasına mane olmursa, məhkəmə icraçısı onu təmin etməyə borcludur.

Maddə 389. Əmlak üzərinə həbs qoyulması haqqında aktın məzmunu

Əmlak üzərinə həbs qoyulması haqqında aktda aşağıdakılar göstərilməlidir:

1) aktın tərtib edildiyi vaxt və yer;

2) aktı tərtib edən məhkəmə icraçısının, habelə aktın tərtibində iştirak etmiş şəxslərin adı, atasının adı və familiyası;

3) məhkəmənin adı və icra edilən qətnamə;

4) tələbkar və borclu olan fiziki şəxsin adı, atasının adı və familiyası; hüquqi şəxsin adı;

5) akta daxil edilmiş hər bir predmetin adı, fərqləndirici əlamətləri (çəkisi, metri, köhnəlmə dərəcəsi və s.), hər bir predmetin ayrıca qiyməti və bütün əmlakın dəyəri;

6) predmetlər möhürlənmişsə, onların möhürləndiyi;

7) əmlakın saxlanması borclunun özünə tapşırılmayırsa, əmlakın saxlanmaq üçün verildiyi şəxsin adı, atasının adı, familiyası və ünvanı;

8) məhkəmə icraçısının hərəkətlərindən şikayət vermək qaydası və müddətinin borcluya və sair şəxslərə izah edilməsi haqqında, habelə borclunun və ya əmlakı saxlayanın əmlakı saxlamaq üzrə vəzifələrinin onlara izah edilməsi haqqında və saxlamağa verilmiş əmlakı mənimsəmək, özgəninkiləşdirmək və ya gizlətməyə görə məsuliyyət haqqında qeyd;

9) tələbkarın, borclunun, siyahıya almada iştirak edən şəxslərin qeydləri və məlumatları, məhkəmə icraçısının onlar barədə sərəncamları.

Əmlak üzərinə həbs qoyulması haqqında akt məhkəmə icraçısı, tələbkar, borclu, əmlakı saxlayan və onun tərtib edilməsində iştirak etmiş sair şəxslər tərəfindən imzalanır, aktın surəti borcluya verilir.

Maddə 390. Borclunun əmlakının qiymətləndirilməsi

Borclunun əmlakı köhnəlmə dərəcəsi nəzərə alınmaqla, həmin yerdə mövcud olan qiymətlər üzrə məhkəmə icraçısı tərəfindən qiymətləndirilir.

Ayrı-ayrı predmetlərin qiymətləndirilməsində çətinlik yarandıqda, habelə tələbkar, yaxud borclu məhkəmə icraçısının qoyduğu qiymətə qarşı etiraz etdikdə məhkəmə icraçısı əmlakı qiymətləndirmək üçün ekspert dəvət edə bilər.

Maddə 391. Əmlakın saxlanılması

Borclunun əmlakı saxlanmaq üçün borcluya və ya məhkəmə icraçısının təyin etdiyi sair şəxslərə, qəbz alınmaqla verilir. Əmlakdan istifadə etmə əmlakın xüsusiyyətinə görə onun məhv olması və ya qiymətinin azalması ilə nəticələnməzsə, əmlakı saxlayan şəxs həmin əmlakdan istifadə edə bilər.

Əmlakı saxlayan borclu və ya onun ailəsinin üzvü deyildirsə, o, saxlamaq üçün müəyyən edilmiş nırx üzrə haqq alır. Bundan əlavə, saxlayanın əmlakı saxlamaq üçün çəkdiyi zəruri xərclər, həmin əmlakdan istifadə etdiyinə görə aldığı həqiqi fayda çıxılmaq şərti ilə, ona ödənilir.

Maddə 392. Borcludan götürülmüş qiymətli şeylərin saxlanması

Borcludan götürülmüş valyuta sərvətləri, qızıldan, gümüşdən, platindən və platin qrupundan olan metallardan, qiymətli daşlardan və mirvaridən, zərgərlik və digər məişət məmulatları, habelə bu cür məmulat qırıntıları saxlanmaq üçün məhkəmə icraçısı tərəfindən bankın idarəsinə təhvil verilir.

Dövlət istiqraz vərəqələri borcludan götürülərək saxlanmaq üçün məhkəmə icraçısı tərəfindən yaxınlıqdakı dövlət əmək əmanət kassasına təhvil verilir.

Tələbkara verilməli məbləği və icra üzrə xərcləri ödəmək üçün zəruri olan, borcluda aşkar edilən pul məbləği borcludan götürülür və məhkəmə icraçısı tərəfindən onun olduğu məhkəmənin depozit hesabına verilir (12, 34).

Maddə 393. Əmlakı saxlayanın məsuliyyəti

Saxlanmağa verilən əmlak mənimsənildikdə, özgəninkiləşdirildikdə və ya gizlədildikdə, habelə dəyişdirildikdə, saxlayan, zərərə görə əmlak məsuliyyətindən əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 183-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəlb edilir (34).

Maddə 394. Yaşayış tikintiləri üzərinə həbs qoyulması

Tələb yaşayış tikintisi üzərinə yönəldilərkən, məhkəmə icraçısı tikintinin borcluya məxsus olub-olmamasını, tikintinin həqiqi dəyərini, tikintiyə qarşı digər tələbin olub-olmamasını, habelə tikinti üzərinə həbs qoyulub-qoyulmamasını yoxlayır.

Məhkəmə icraçısı tikintinin borcluya məxsus olduğunu yəqin etdikdən sonra, tələbin miqdarından asılı olaraq bütün tikintini və ya onun bir hissəsini siyahıya daxil edir, onun üzərinə həbs qoyur və həbsi qeydə almaq barədə müvafiq yerli icra hakimiyyəti orqanına təklif göndərir, habelə bu barədə tikintinin olduğu yerin notariat kontoruna məlumat verir.

Məhkəmə icraçısı girov qoyulmuş tikinti üzərinə həbs qoyulması haqqında girov saxlayana dərhal xəbər verir (34).

Maddə 395. Əmlakın siyahıdan çıxarılması

Siyahıya alınmış əmlakın borcluya deyil, özlərinə məxsus olduğunu hesab edən şəxslər siyahıya alınmış əmlak üzərində hüququ olmasını təsdiq etmək haqqında və həmin əmlakın siyahıdan çıxarılması barədə tələbkara və borcluya iddia ilə məhkəməyə müraciət edə bilərlər.

Maddə 396. Borclunun başqa şəxslərdə olan pul məbləğinə və əmlakına tələbin yönəldilməsi

Tələb borclunun başqa şəxslərdə olan pul məbləğinə və əmlakına yönəldilərkən məhkəmə icraçısı borclunun onlarda hər hansı əmlakının olub-olmamasını və onların borcluya hər hansı məbləği nəyə əsasən və hansı müddətə ödəməli olub-olmaması barədə sorğu göndərir.

Eyni zamanda göstərilən şəxslər məhkəmə icraçısının sorğusu alındığı vaxtdan borclunun həmin şəxslərdə olan əmlakı və pul məbləği üzərinə alınmalı məbləğdə həbs qoyulması və onların borcluya çatası ödəmələri alınmalı məbləğ tam ödənilənə qədər tələbkara verməyə və ya xalq məhkəməsinin depozit hesabına verməyə borclu olmaları haqqında xəbərdar edilirlər.

Maddə 397. Başqa şəxslərdə olan əmlak üzərinə həbs qoyulması

Məhkəmə icraçısı borclunun başqa şəxslərdə əmlakının olması barədə məlumat aldıqdan sonra həmin əmlak üzərinə həbs qoyur.

Borclunun əmlakının başqa şəxslərdə olması onlar arasında müqavilə bağlamaqla şərtləşdirilmişsə, digər şəxslərin müqavilədən törəyən hüquqlarının saxlanması imkanı və əmlakın götürülməsi məsələsi məhkəmə tərəfindən həll edilir. Borclunun dövlət müəssisələrində, idarələrində və təşkilatlarında olan əmlakı üzərinə məhkəmə icraçısı tərəfindən həbs qoyulmur (12).

Maddə 398. Tələbin vətəndaşların əmanətlərinə yönəldilməsi

Tələb vətəndaşların bank idarələrindəki və bankdakı əmanətlərinə, cinayət işindən törəyən mülki iddianın təmin edildiyi məhkəmə hökmünə və ya qətnaməsinə aliment tutulması (tələbin yönəldilə biləcəyi qazanc və ya sair əmlak olmadıqda) haqqında iddia üzrə məhkəmənin qətnaməsinə və ya xalq hakiminin qərarına, yaxud da ər-arvadın birgə mülkiyyəti olan əmanətin bölünməsi haqqında məhkəmə qətnaməsinə əsasən yönəldilə bilər.

Göstərilən kredit idarələrində vətəndaşların əmanətləri, əmlak müsadirəsi barəsində qanuni qüvvəyə minmiş hökmə və ya qanuna uyğun olaraq çıxarılmış qərara əsasən müsadirə edilə bilər (18, 34).

Maddə 399. Üzərinə həbs qoyulmuş əmlakın realizə edilməsi

Borclunun, üzərinə həbs qoyulmuş əmlak həbsin əsaslarından və əmlakın növlərindən asılı olaraq məhkəmə icraçısı, ticarət təşkilatları, maliyyə orqanları və bankın idarələri tərəfindən realizə olunur (34).

Maddə 400. Dövlətə verilən əmlakın realizə edilməsi

Cinayət işi üzrə əmlakın müsadirə edilməsi barədə məhkəmə hökmünə əsasən, yaxud əmlakın dövlətə verilməsi haqqında qətnaməyə əsasən üzərinə həbs qoyulmuş əmlak qanunla müəyyən edilmiş qaydada maliyyə orqanları tərəfindən realizə olunur.

Maddə 401. Qiymətli şeylərin realizə edilməsi — 1980-ci il 30 sentyabr tarixli fərmanla yeni redaksiyada

Borcludan götürülən və saxlanmaq üçün bank idarələrinə verilən valyuta sərvətləri, qızıldan, gümüşdən, platindən və platin qrupundan olan metallardan, qiymətli daşlardan və mirvaridən zərgərlik məmulatları və digər məişət məmulatları, habelə bu cür məmulat qırıntıları müəyyən olunmuş qiymətlər üzrə bank və ya həmin qiymətli şeylərin verildiyi dövlət idarəsi, müəssisəsi və təşkilatı tərəfindən ödənilir. Dövlət istiqraz vərəqələri bank idarələri tərəfindən ödənilir (12, 34).

Maddə 402. Üzərinə həbs qoyulmuş əmlakın komisyon qaydasında satılmaq yolu ilə realizə edilməsi

Borclunun, üzərinə həbs qoyulmuş əmlakı, həmin Məcəllənin 400, 401 və 406-cı maddələrində göstərilənlərdən başqa, əmlakın olduğu yerdə dövlət və kooperativ ticarət təşkilatları vasitəsi ilə komisyon qaydasında satılmaq yolu ilə realizə olunur.

Əmlakın satılmaq məqsədi ilə başqa şəhərə və ya rayona daşınmasına yalnız tələbkarın və borclunun qarşılıqlı razılığı üzrə və onların hesabına yol verilir.

Maddə 403. Üzərinə həbs qoyulmuş əmlakın götürülməsi və satılmağa verilməsi üçün müddət

Üzərinə həbs qoyulmuş əmlakın götürülməsi və onun satılmaq üçün verilməsi, əmlak üzərinə həbs qoyulduqdan sonra beş gündən tez və bir aydan gec olmamaq şərti ilə, məhkəmə icraçısı tərəfindən müəyyən edilən vaxtda yerinə yetirilir. Həmin müddət başlanana qədər borclu özü, məhkəmə icraçısının nəzarəti altında əmlakı həbs haqqında aktda göstərilən qiymətdən aşağı olmayan qiymətə satmağa haqlıdır.

Tez xarab olan ərzaq və digər şeylər dərhal götürülür və satılmağa verilir.

Maddə 404. Ticarət təşkilatlarının borclunun əmlakının satılmasından götürdükləri məbləğlərin məhkəmənin depozit hesabına verilməsi

Ticarət təşkilatlarının borclunun onlara verilən əmlakı satmaqdan götürdükləri məbləğ satış günündən üç gün keçənədək xalq məhkəməsinin depozit hesabına verilir. Ticarət təşkilatları əldə edilmiş məbləğdən qanunla müəyyən edilmiş miqdarda öz xeyirlərinə komisyon haqqı tuturlar.

Maddə 405. Ticarət təşkilatı tərəfindən borclunun satılmamış əmlakına yeni qiymət qoyulması

Ticarət təşkilatına verildiyi gündən bir ay ərzində borclunun satılmamış əmlakına, tələbkar həmin əmlakı özündə saxlamaqdan imtina edərsə, tələbkarın, borclunun və ya ticarət təşkilatının tələbi ilə yeni qiymət qoyula bilər. Yeni qiymət ticarət təşkilatı müvəkkilinin iştirakı ilə məhkəmə icraçısı tərəfindən qoyulur. Yeni qiymət qoymaq vaxtı və yeri haqqında tələbkar və borclu xəbərdar edilir, lakin onların gəlməməsi yeni qiymət qoyulması haqqında məsələni həll etməyə mane olmur. Bu zaman tələbkara və borcluya əmlaka yeni qiymət qoyulması barədə xəbər verilir.

Əgər əmlaka yeni qiymət qoyulduqdan sonra o, iki ay müddətində satılmazsa, tələbkara bu əmlakı yeni qoyulmuş qiymət üzrə özünə götürmək hüququ verilir. Tələbkar əmlakı götürməkdən imtina etdiyi halda, həmin əmlak borcluya qaytarılır, cavabdehin tələb yönəldilə biləcək sair əmlakı və ya gəliri yoxdursa, icra vərəqəsi tələbkara qaytarılır.

Maddə 406. Yaşayış tikintilərinin açıq hərracda satılması

Tələbin yönəldiyi, borcluya məxsus yaşayış tikintisi həmin Məcəllənin 403-cü maddəsində göstərilən müddətlərdə açıq hərracda satılmaq yolu ilə realizə edilir.

Maddə 407. Qarşıdakı hərrac haqqında elan edilməsi

Məhkəmə icraçısı, qarşıdakı hərrac haqqında hərraca ən geci on gün qalanadək elan verir.

Məhkəmə icraçısı girov qoyulmuş tikintinin hərracda satılması vaxtı və yeri haqqında girov saxlayanı xəbərdar edir.

Maddə 408. Hərracda iştirak etməyə hüququ olmayan şəxslər — 1980-ci il 30 sentyabr tarixli fərmanla yeni redaksiyada

Dövlət müəssisələri, idarələri, təşkilatları, kooperativ təşkilatları (kolxozlardan başqa), onların birlikləri, digər ictimai təşkilatlar, habelə yerli dövlət hakimiyyəti və idarə orqanlarının, məhkəmənin, prokurorluğun, daxili işlər orqanlarının vəzifəli şəxsləri və onların ailə üzvləri hərracda iştirak etmək hüququna malik deyildirlər (12, 22).

Maddə 409. Hərracın keçirilmə qaydası

Hərracda iştirak etmək istəyən şəxslər, onların tikintini əldə etmələrinə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nəzərdə tutulmuş maneələrin olmadığı haqqında iltizam verməli və tikintiyə qoyulan qiymətin on faizi miqdarında məbləği məhkəmə icraçısına verməlidirlər.

Tikintini hərracdan satın almış şəxsin verdiyi məbləğ satış qiymətinə daxil edilir. Hərracın qalan iştirakçılarının qabaqcadan vermiş olduqları məbləğ hərrac qurtardıqdan sonra dərhal onlara qaytarılır.

Hərrac, satılan tikinti üzərinə həbs qoyulması haqqında aktda göstərilmiş dəyər elan edilməklə başlanır. Tikinti, hərracda ən yüksək qiymət təklif etmiş şəxsə satılmış hesab edilir.

Alıcı, hərracdan əvvəl verdiyi məbləğ hesab edilməklə, satın aldığı tikintinin qiymətini hərrac qurtardıqdan sonra beş gün ərzində tamamilə ödəməyə borcludur.

Tikintinin alıcısı, ondan çatası bütün məbləği müəyyən edilmiş müddətdə ödəməzsə, hərrac başlanmazdan əvvəl ödədiyi məbləğ ona qaytarılmır və dövlət mədaxilinə keçirilir. Alıcının hərracda iştirak etmək hüququ olmadığı müəyyən edildiyi halda da həmin məbləğ dövlət mədaxilinə keçirilir.

Tikintinin alıcısı ondan çatası bütün məbləği ödədikdən sonra məhkəmə icraçısı, baş tutmuş hərrac haqqında aktın surətini alıcıya verir (34).

Maddə 410. Hərracın baş tutmamış elan edilməsi

Məhkəmə icraçısı aşağıdakı hallarda hərracın baş tutmadığını elan edir:

1) hərraca iki nəfərdən az alıcı gəldikdə;

2) gələnlərdən heç kəs tikintinin ilk qiymətinə əlavə qiymət əlavə etmədikdə;

3) alıcı tikintinin alqı qiymətini beş gün müddətində tamamilə vermədikdə.

Maddə 411. Hərracın baş tutmamış elan edilməsinin nəticələri

Hərracın baş tutmadığı elan edildikdə tələbkarın tikintini ilk qiymətlə özü üçün götürmək hüququ vardır.

Bu cür məlumat daxil olmadıqda, məhkəmə icraçısı hərracın baş tutmamış elan edilməsindən sonra, on gündən tez olmayaraq ikinci hərrac təyin edir. İkinci hərrac birinci hərrac üçün müəyyən edilmiş qaydalara əməl etməklə elan olunur və aparılır, lakin qiymət edilmiş və ya birinci dəfə təklif edilmiş məbləğdən başlanır.

İkinci hərracın baş tutmaması elan edilərsə və tələbkar satılası tikintini özü üçün götürməkdən imtina edərsə, tikinti üzərindən həbs götürülür.

Maddə 412. Hərracın etibarsız hesab edilməsi

Hərrac:

1) müəyyən edilmiş qaydalar pozulmaqla aparılmışsa;

2) tikinti hərracda iştirak etməyə hüququ olmayan şəxsə satılmışsa;

3) məhkəmə icraçısı, tələbkar və ya alıcı sui-istifadəyə yol vermişsə, hərrac aparılan gündən üç il müddətinə məhkəmə tərəfindən etibarsız hesab edilə bilər;

4) sui-istifadəyə yol vermiş alıcının hərəkətləri cinayətkar hərəkətlər olduqda, hərrac, ittiham hökmünün qanunla müəyyən edilmiş icrası müddətində məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

Hərracın etibarsız hesab edilməsi haqqındakı qərardaddan xüsusi şikayət və ya protest verilə bilər.

Maddə 413. Borclunun qazancına dair məlumat

Müəssisələr, idarələr, təşkilatlar, onların birlikləri, siyasi partiyalar, həmkarlar ittifaqları, ictimai birliklər, habelə vətəndaşlar məhkəmə icraçısının tələbi üzrə və onun təyin etdiyi müddətdə, borclunun onlarda işləyib-işləmədiyi və onun aylıq qazancının məbləği barədə məlumat verməlidirlər. Məhkəmə icraçısı həmin qaydada, müəlliflik hüququndan, kəşfə, ixtiraya və səmərələşdirmə təklifinə və sənaye nümunəsinə olan hüquqlardan istifadə etməyə görə borcluya çatası mükafat barədə məlumat tələb edə bilər (22, 34).

Maddə 414. Borclunun əmək haqqından və sair gəlir növlərindən tutulan məbləğin hesablanması

Əmək haqqından və ona bərabər tutulan sair ödəmə və vermələrdən tutulan məbləğin miqdarı borclunun əmək haqqı üzrə cəlb edildiyi vergiləri çıxmaqla borcluya veriləsi məbləğdən hesablanır.

Maddə 415. Borclunun əmək haqqından və sair gəlir növlərindən tutulan məbləğin miqdarı

Borcluya verilən əmək haqqının və ona bərabər tutulan ödəmə və vermələrin məbləğindən, alınmalı məbləğ tamamilə ödənilənə qədər icra vərəqələri üzrə aşağıdakı miqdarda vəsait tutula bilər:

1) aliment alındıqda; şikəst etmə və ya səhhəti sair şəkildə zədələmə, habelə ailə dolandıranın ölümü ilə vurulan ziyan ödənildikdə və dövlət, kooperativ əmlakına, ictimai əmlaka və ya vətəndaşların şəxsi əmlakına cinayətlə vurulmuş zərər ödənildikdə — əlli faiz;

2) qanun üzrə sair qayda müəyyən edilməmişsə, tələblərin bütün qalan növləri üzrə — iyirmi faiz.

Tələb, bir neçə icra sənədi üzrə əmək haqqına yönəldikdə bütün hallarda qazancın əlli faizi fəhlə və qulluqçular üçün saxlanmalıdır.

Əmək haqqından və ona bərabər tutulan tədiyə və ödənişlərdən tutulan məbləğlər üçün bu maddənin birinci və ikinci hissələrində müəyyən edilmiş məhdudlaşdırma yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulmasına şamil edilmir (23).

Maddə 416. Tələbin islah işlərini çəkən borclunun qazancına yönəldilməsi

Tələb, məhkəmənin hökmü üzrə azadlıqdan məhrum olunmadan islah işlərini çəkən borclunun qazancına, hökm üzrə tutulan məbləğ hesaba alınmadan, bu Məcəllənin 414 və 415-ci maddələrində şərh edilən qaydalar üzrə yönəldilir (12).

Maddə 417. Tələbi borclunun əmək haqqından başqa sair gəlirlərinə yönəltmə

Tələbin əmək haqqına yönəldilməsi qaydaları, tələb borcluya çatası aşağıdakı gəlirlərə yönəldikdə də tətbiq olunur:

1) kolxozda əməyə görə gəlirlərə;

2) müəllifin və müəlliflik hüququndan, müəlliflik şəhadətnaməsinin verildiyi kəşf və ixtira hüquqlarından və şəhadətnamə verilən səmərələşdirmə təklifi və sənaye nümunəsi hüququndan istifadə etməyə görə müəlliflik mükafatına;

3) tələblərin təqaüdlərinə;

4) şikəst etmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailə dolandıranın ölümü ilə vurulan ziyanın ödənilməsi məbləğinə.

Tələbin pensiyaya yönəldilməsi, pensiyalar haqqında qanunvericiliyə uyğun surətdə icra edilir (22).

Maddə 418. Tələbin ictimai sığortadan və kolxozların qarşılıqlı yardım kassalarından verilən müavinətə yönəldilməsi

Əmək qabiliyyəti müvəqqəti itirildikdə ictimai sığorta üzrə verilən müavinətə, habelə kolxozların qarşılıqlı yardım kassaları tərəfindən verilən müavinətə tələb, yalnız aliment alınması haqqında məhkəmə qətnaməsi və ya xalq hakiminin qərarı üzrə və şikəst etmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə dəyən ziyanın ödənilməsi haqqında məhkəmə qətnaməsi üzrə yönəldilə bilər (18).

Maddə 419. Tələbin yönəldilə bilmədiyi məbləğlər

Tələb borcluya çatası aşağıdakı məbləğlərə yönəldilə bilməz:

1) işçi işdən çıxarıldıqda ödənilən işdən çıxma müavinətinə və istifadə edilməmiş məzuniyyətə görə ödənilən əvəzə. Aliment alınması haqqında işlər üzrə, aliment verən şəxs, işdən çıxarkən bir neçə ilin məzuniyyəti birləşdirilməklə bir neçə aylar istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi alarsa, tələbin bu pul əvəzinə yönəldilməsinə yol verilir;

2) qulluq ezamiyyəti ilə, başqa yerdə olan işə köçürülməklə, qəbul edilməklə və ya göndərilməklə əlaqədar olaraq, işçiyə məxsus olan alətin köhnəlməsi ilə və əmək haqqında qanunvericiliklə nəzərdə tutulmuş sair əvəzlərlə əlaqədar olaraq verilən əvəzli ödəmələrə;

3) birdəfəlik verilən mükafatlara;

4) çoxuşaqlı və tək analara verilən dövlət müavinətlərinə;

5) uşağın doğulması, habelə dəfn üçün, ictimai sığorta üzrə verilən müavinətlərə (12).

Maddə 420. Tələbi borclunun əmək haqqına və sair gəlir növlərinə yönəltmə qaydası

Məhkəmə icraçısı, məhkəmə qətnaməsinə və ya xalq hakiminin qərarına əsasən pul tutulmasını və tutulmuş məbləğləri tələbkara göndərməyi təklif etməklə, icra sənədini borclunun işlədiyi, yaxud mükafat, pensiya, təqaüd və ya müavinət aldığı idarəyə, müəssisəyə və ya təşkilata göndərir.

Borclu işdən çıxarıldıqda idarə, müəssisə və ya təşkilat tutulan məbləğlər haqqında qeyd aparmaqla, icra vərəqəsini məhkəmə icraçısına qaytarır və borclunun yeni iş yeri məlumdursa, bu barədə xəbər verir.

Müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin xeyrinə vətəndaşlardan pul məbləğlərinin tutulmasına dair notariat orqanlarının icra qeydləri, borclunun iş yeri tələbkara məlum olduğu hallarda tələbkar tərəfindən bilavasitə borclunun işlədiyi, yaxud mükafat pensiya və ya təqaüd aldığı idarəyə, müəssisəyə və ya təşkilata göndərilə bilər (1, 18, 34).

Maddə 420-1. Uşaqların saxlanması üçün aliment tutulması xüsusiyyətləri — 1968-ci il 22 mart tarixli fərmanla əlavə edilmişdir.

Məhkəmənin qətnaməsi və ya xalq hakiminin qərarı üzrə uşaqlar üçün aliment tutan müəssisənin , idarənin, təşkilatın müdiriyyəti aliment verən şəxsin işdən çıxması haqqında, habelə onun yeni iş və yaxud yaşayış yeri müdiriyyətə məlumdursa, bu barədə qətnamənin və ya qərarın icra olunduğu yerin icraçısına və aliment alan şəxsə üç gün müddətində məlumat verməlidir.

Aliment verməyə borclu olan şəxs iş və yaxud yaşayış yerini dəyişməsi haqqında, habelə əlavə qazancı (əvəzçilik və s. işə görə) barədə həmin müddət ərzində məhkəmə icraçısına məlumat verməlidir.

Göstərilən məlumat üzrsüz səbəblərə görə verilmədiyi hallarda, bu işdə müqəssir olan vəzifəli şəxslər və vətəndaşlar məhkəmə icraçısının təqdimatı ilə məhkəmə tərəfindən minimum əmək haqqının bir mislinin yarısınadək cərimələnə bilərlər.

Müəssisənin, idarənin, təşkilatın müdiriyyəti pasportunda məhkəmə qətnaməsinə və ya xalq hakiminin qərarına müvafiq olaraq aliment verməyə borclu olması haqqında qeyd (yazı) olan şəxsə əmək haqqı, yaxud digər qazanc, pensiya, təqaüd verərkən icra vərəqəsi gələnədək ondan pasportundakı qeydə (yazıya) müvafiq olaraq icra vərəqəsi üzrə tutulmaq üçün müəyyən olunmuş qaydada aliment tutulmalı və bu barədə rayon (şəhər) xalq məhkəməsinin məhkəmə icraçısına məlumat verməlidir; aliment almalı olan şəxsin ünvanı məlum deyilsə, tutulmuş məbləğ xalq məhkəməsinin depozit hesabına keçirilir. Bu tələb yerinə yetirilmədiyi hallarda müqəssir olan vəzifəli şəxs məhkəmə icraçısının təqdimatı ilə məhkəmə tərəfindən minimum əmək haqqının bir mislinin yarısınadək cərimələnə bilər (3, 17, 18, 35).

Maddə 421. Əmək haqqından məbləğin düzgün tutulmasına nəzarət

Məhkəmə icraçısı borclunun əmək haqqından və digər gəlir növlərindən məbləğin düzgün və vaxtında tutulub tələbkara göndərilməsinə müntəzəm surətdə nəzarət edir.

Maddə 422. Məhkəmə icraçısının tələblərini yerinə yetirməməyin nəticələri

Bu Məcəllənin 396, 413 və 420-ci maddələrində göstərilən tələblər məhkəmənin üzrsüz hesab etdiyi səbəblərə görə yerinə yetirilmədikdə müvafiq müəssisələrin, idarələrin və təşkilatların təqsirkar vəzifəli şəxsləri və ya vətəndaşlar məhkəmə icraçısının təqdimatı üzrə məhkəmə tərəfindən minimum əmək haqqının bir mislinin yarısınadək cərimə edilirlər.

Tələbkar müvafiq müəssisənin, idarənin və ya təşkilatın təqsiri nəticəsində borcludan tutulmamış məbləğin alınması haqqında həmin müəssisəyə, idarəyə və ya təşkilata iddia verməyə də haqlıdır (17, 35).

Maddə 423. Müəyyən predmetlərin verilməsinin qət olunmasına dair qətnamələrin icra qaydası

Məhkəmə qətnaməsində göstərilən müəyyən predmetlər tələbkara verilərkən, məhkəmə icraçısı həmin predmetləri borcludan alıb tələbkara verir.

Maddə 424. Borclunu müəyyən hərəkətləri etməyə məcbur edən qətnamənin icrası

Əmlakı və ya pul məbləğini verməklə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə borclunu məcbur edən qətnamə icra edilmədikdə, məhkəmə icraçısı qətnamənin icra edilməməsi haqqında akt tərtib edir.

Qətnamənin icra edilməməsinin bu Məcəllənin 204-cü maddəsinin birinci hissəsi ilə nəzərdə tutulan nəticələri qətnamədə göstərilmişsə, tərtib edilmiş akt icra yerinin xalq hakiminə göndərilir, xalq hakimi borclunun müəyyən hərəkətləri etməməsi ilə əlaqədar olaraq, qətnamədə göstərilən nəticələrin tətbiq edilməsi haqqında qərardad çıxarır.

Qətnamənin icra edilməməsinin nəticələri qətnamədə göstərilməmişsə, tərtib edilmiş akt icra yerinin məhkəməsinə göndərilir, həmin məhkəmə, bu Məcəllənin 211-ci maddəsində göstərilən qaydalar üzrə qətnamənin icra üsulu haqqında məsələni həll edir.

Yalnız borclunun özü tərəfindən edilə bilən hərəkətləri etməyə onu məcbur edən qətnamə məhkəmənin müəyyən etdiyi müddətdə icra edilmədikdə (bu Məcəllənin 204-cü maddəsinin ikinci hissəsi), tərtib edilmiş akt məhkəmə icraçısı tərəfindən icra yerinin məhkəməsinə göndərilir. Qətnamənin icra edilməməsi haqqında məsələ məhkəmə iclasında həll olunur. Tələbkar və borclu iclasın vaxtı və yeri haqqında xəbərdar edilir, lakin onların gəlməməsi qətnamənin icra olunmaması haqqında məsələni həll etməyə mane olmur. Məhkəmə borclunun qətnaməni icra etməməsini müəyyən etdikdə, borclunu minimum əmək haqqının üç mislinədək cərimə edə bilər və onun qətnaməni icra etməsi üçün yeni müddət təyin edir. Cərimə borcludan dövlət mədaxilinə alınır.

Borclu, qətnamənin icra olunması üçün müəyyən edilən müddətləri təkrar və sonradan pozduqda, məhkəmə həmin maddənin dördüncü hissəsi ilə nəzərdə tutulan tədbirləri yenidən tətbiq edir. Lakin cərimənin ümumi məbləği minimum əmək haqqının on mislindən artıq ola bilməz. Cərimənin ödənilməsi borclunu məhkəmə qətnaməsi ilə nəzərdə tutulan hərəkətləri etmək vəzifəsindən azad etmir.

Bu maddədə göstərilən məsələlər üzrə qərardaddan xüsusi şikayət və ya protest verilə bilər (17, 35).

Maddə 425. İşə bərpa etmək haqqındakı qətnamələri icra etməməyin nəticələri — 1980-ci il 30 sentyabr tarixli fərmanla yeni redaksiyada

Qanunsuz olaraq ildən çıxarılmış və ya başqa işə keçirilmiş işçinin işə bərpa edilməsi haqqında məhkəmə qətnaməsi müəssisənin, idarənin, təşkilatın müdiriyyəti tərəfindən icra edilmədikdə, məhkəmə qətnamə çıxarılan gündən onun icra edilmə gününə qədər bütün müddət üçün işçiyə orta əmək haqqının və ya əmək haqqı fərqinin ödənilməsi haqqında bu Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardad çıxarır.

Məhkəmə qətnaməsini icra etməmək nəticəsində işçiyə pul məbləğinin ödənilməsi ilə vurulmuş zərər, işə bərpa etmək haqqında məhkəmə qətnaməsini icra etməməkdə təqsirkar olan vəzifəli şəxsdən müəssisənin, idarənin, təşkilatın və ya tabelik qaydasında yuxarı orqanın iddiası ilə, habelə məhkəmənin təşəbbüsü və ya prokurorun ərizəsi ilə alına bilər. Belə hallarda vəzifəli şəxslərdən alının məbləğin miqdarı əmək qanunvericiliyi ilə müəyyən edilir (12).

Maddə 426. Məhkəmə qətnaməsini icra etməkdən boyun qaçıran vəzifəli şəxslərin məsuliyyəti — 1995-ci il 12 sentyabr tarixli qanunla yeni redaksiyada

Qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə qətnaməsinin, qərardadının və ya qərarının hər hansı şəxs tərəfindən icra edilməməsi həmin şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır (34, 36).

Qırx birinci fəsil. Müəssisələr, idarələr, təşkilatlar, onların birlikləri, siyasi partiyalar, həmkarlar ittifaqları, ictimai birliklər barəsində qətnamələrin icrası (34)

Maddə 427. Ümumi qaydaların tətbiq edilməsi

Müəssisələr, idarələr, təşkilatlar, onların birlikləri, siyasi partiyalar, həmkarlar ittifaqları, ictimai birliklər barəsində qətnamələr bu Məcəllənin qaydaları üzrə, bu fəsildə göstərilən istisnalar və əlavələrlə icra edilir (34).

Maddə 428. Tələbin pul vəsaitlərinə yönəldilməsi

Müəssisələrdən, idarələrdən, təşkilatlardan, onların birliklərindən, siyasi partiyalardan, həmkarlar ittifaqlarından, ictimai birliklərdən icra sənədləri üzrə tələb, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydalar üzrə birinci növbədə borclunun kredit idarələrindəki pul vəsaitlərinə yönəldilir (34).

Maddə 429. Tələbin pul vəsaitlərinə yönəldilmə qaydası

Kredit idarələrində hesabı olan dövlət müəssisləri, idarələri, təşkilatları, digər ictimai təşkilatlar tələb, borcluların kredit idarələrindəki pul vəsaitlərinə yönəldikdə, vəsaitləri məcburi surətdə hesabdan silmək üçün icra sənədini bilavasitə müvafiq kredit idarəsinə təqdim edirlər.

Dövlət büdcəsində olan idarələrin və sair dövlət təşkilatlarının borclarının ödənilməsi üçün vəsaitlərin buraxılma şərtləri və qaydası, həmin borc onların smetaları hesabına ödənilə bilməzsə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir (34).

Maddə 430. Tələbin dövlət idarələri, müəssisələri və təşkilatlarının əmlakına yönəldilməsi

Dövlət idarələrinin, müəssisələrinin və təşkilatlarının borcu ödəmək üçün kifayət qədər pul vəsaitləri olmadıqda, tələb müəssisələr, binalar, qurğular, avadanlıq və əsas vəsaitlərə aid olan digər əmlak, toxum və yem fondları, habelə dövlət idarələri, müəssisələri və təşkilatlarının normal fəaliyyəti üçün zəruri olan həddə sair dövriyyə fondları istisna olmaqla, borcluya məxsus əmlaka yönəldilə bilər.

Dövlət büdcəsində olan idarələrin, müəssisələrin və təşkilatların əmlakına tələbin yönəldilməsinə yol verilmir.

Kredit idarələrinin verdikləri ssudaların qaytarılması haqqında onların iddiaları üzrə tələbin yönəldilmə qaydası SSR İttifaqı qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 431. Tələbin kolxozların, sair kooperativ təşkilatlarının və onların birliklərinin əmlakına yönəldilməsi

Kolxozların, sair kooperativ təşkilatlarının, onların birliklərinin borcu ödəmək üçün kifayət qədər pul vəsaitləri olmadıqda tələb müəssisələr, mədəni-məişət idarələri, banalar, qurğular, traktorlar, kombaynlar, sair maşınlar, nəqliyyat vasitələri və əsas vəsaitə aid olan digər əmlak, toxum və yem fondları, habelə yanacaq, gübrə və kolxozların, sair kooperativ təşkilatlarının və onların birliklərinin normal fəaliyyəti üçün zəruri olan sair dövriyyə fondları istisna olmaqla, onlara məxsus əmlaka yönəldilə bilər.

Kredit idarələrinin verdikləri ssudaların qaytarılması haqqında onların iddiaları üzrə tələbin yönəldilmə qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir (34).

Maddə 432. Tələbin həmkarlar ittifaqları təşkilatlarının və sair ictimai təşkilatların əmlakına yönəldilməsi

Həmkarlar ittifaqları təşkilatlarının və sair ictimai təşkilatların borcu ödəmək üçün kifayət qədər pul vəsaitləri olmadıqda, tələb müəssisələr, binalar, qurğular, avadanlıq və əsas vəsaitlərə aid olan digər əmlak, müəssisələrə, sanatoriyalar, istirahət evləri, mədəniyyət sarayları, klublar, stadionlar, pioner düşərgələri, mədəni-maarif müəssisələri fondları, habelə ictimai təşkilatların Azərbaycan Respublikasının qanunvericiliyi üzrə tələbin yönəldilə bilmədiyi sair əmlakı istisna olmaqla, onlara məxsus əmlaka yönəldilə bilər.

Kredit idarələrinin verdikləri ssudaların qaytarılması haqqında onların iddiaları üzrə tələbin yönəldilmə qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir (34).

Maddə 433. Əmlakın realizə edilməsi — 1980-ci il 30 sentyabr tarixli fərmanla yeni redaksiyada

Müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin əmlakı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada realizə olunur (12, 34).

Maddə 434. Təşkilat ləğv edildikdə borcun alınması qaydası — 1980-ci il 30 sentyabr tarixli fərmanla yeni redaksiyada

Dövlət müəssisəsi, idarəsi, təşkilatı, kolxoz sair kooperativ təşkilatı, onların birlikləri, digər ictimai təşkilat ləğv olunduqda borc, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada alınır (12, 34).

Qırx ikinci fəsil. Alınmış məbləğin tələbkarlar arasında bölüşdürülməsi

Maddə 435. Alınmış məbləğlərin tələbkarlara verilməsi

Məhkəmə icraçısı tərəfindən borcludan alınmış məbləğdən əvvəlcə icra üzrə xərclər ödənilir, qalan məbləğ tələbkarların tələblərinin təmin olunmasına sərf edilir. Bütün tələblər təmin olunduqdan sonra qalan məbləğ borcluya qaytarılır.

Borcludan alınmış və tələbkarlara verilməli məbləğ məhkəmə icraçısı tərəfindən məhkəmənin depozit hesabına daxil edilir, sonra isə müəyyən edilmiş qaydada verilir və ya köçürülür.

Dövlət mədaxilinə daxil edilməli məbləğ, məhkəmə icraçısı tərəfindən bilavasitə bankın müvafiq idarəsinə verilir.

Xaricdə yaşayan şəxslərin xeyrinə alınan məbləğ müəyyən edilmiş qaydada tələbkara köçürülür (34).

Maddə 436. Tələbə qoşulma

Tələb icra edilərkən, sair işlər üzrə icra sənədləri olan şəxslər tələbə qoşula bilərlər.

Maddə 437. Tələbkarların tələblərinin təmin edilməsinin növbəliyi — 1981-ci il 10 sentyabr tarixli fərmanla yeni redaksiyada

İcra sənədləri üzrə borcludan alınan məbləğ bütün tələblərin təmin edilməsi üçün kifayət etmədikdə, həmin məbləğ bu Məcəllənin 438-445-ci maddələri ilə müəyyən olunmuş növbə qaydasında tələbkarlar arasında bölüşdürülür.

Hər sonrakı növbədən olan tələblər, əvvəlki növbədən olan tələblər tamamilə ödənildikdən sonra təmin edilir. Alınan məbləğ bir növbədən olan bütün tələbləri tamamilə təmin etmək üçün kifayət etmədikdə, bu tələblər, hər bir tələbkara çatası məbləğə mütənasib olaraq təmin edilir (13).

Maddə 438. Birincdi növbəli tələblər — 1981-ci il 10 sentyabr tarixli fərmanla yeni redaksiyada

Birinci növbədə aşağıdakı tələblər təmin edilir: aliment alınması üzrə tələblər; fəhlə və qulluqçuların əmək hüquq münasibətlərindən əmələ gələn tələbləri; kolxoz üzvlərinin kolxozda əməyi ilə əlaqədar tələbləri; vəkillər tərəfindən göstərilən hüquqi yardım üçün haqq verilməsinə dair tələblər; əsərdən istifadə olunmasına görə, kəşfə, müəlliflik şəhadətnaməsi verilmiş ixtiraya, şəhadətnamə verilmiş səmərələşdirmə təklifinə və sənaye nümunəsinə görə müəlliflərə çatası haqqın alınmasına dair tələblər; şikəst etmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailə dolandıranın ölümü ilə vurulan ziyanın ödənilməsi üzrə tələblər.

Göstərilən tələblər tamamilə təmin edildikdən sonra, sosial sığorta üzrə tələblər və cinayət və ya inzibati hüquq pozuntusu nəticəsində vətəndaşların əmlakına vurulan zərərin əvəzinin ödənilməsi üzrə onların tələbləri təmin edilir (13).

Maddə 439. İkinci növbəli tələblər — 1981-ci il 10 sentyabr tarixli fərmanla yeni redaksiyada

İkinci növbədə aşağıdakı tələblər təmin edilir: vergilər və büdcəyə qeyri-vergi tədiyələri üzrə tələblər; məcburi sığorta üzrə dövlət sığorta orqanlarının tələbləri; cinayət və ya inzibati hüquq pozuntusu nəticəsində müəssisələrə, idarələrə, təşkilatlara, onların birliklərinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına, ictimai birliklərə vurulan zərərin əvəzinin ödənilməsi üzrə tələblər (13, 34).

Maddə 440. Üçüncü növbəli tələblər — 1981-ci il 10 sentyabr tarixli fərmanla yeni redaksiyada

Girov qoyulmuş əmlakın dəyərindən tutmaq haqqında girovla təmin edilmiş tələblər üçüncü növbədə təmin edilir.

Maddə 441. Dördüncü növbəli tələblər

Müəssisələrin, idarələrin, təşkilatların, onların birliklərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin girovla təmin edilməyən tələbləri dördüncü növbədə təmin edilir (34).

Maddə 442. Beşinci növbəli tələblər

Bütün qalan tələblər beşinci növbədə təmin edilir.

Maddə 443. Tələbin girov qoyulmuş əmlaka yönəldilməsi — 1982-ci il 23 sentyabr tarixli fərmanla yeni redaksiyada

Borcluya təqdim edilən, girovla təmin edilməmiş bütün tələbləri tamamilə təmin etmək üçün onun başqa əmlakı kifayət qədər olmadıqda, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər.

Girov qoyulmuş əmlakı özündə girov saxlayan onun tələbinə nisbətən üstün olan tələbləri həmin əmlakın dəyərindən çox olmayan miqdarda təmin etməyə borcludur (16).

Maddə 444. Tələbin xüsusi qaydaları — 1981-ci il 10 sentyabr tarixli fərmanla yeni redaksiyada

Azərbaycan Respublikasının qanunvericiliyi ilə dəmiryolu, dəniz, çay, hava nəqliyyatı, rabitə təşkilatlarının və kredit idarələrinin fəaliyyəti ilə əlaqədar tələblərin təmin edilməsinə üstünlük verilməsi qaydaları müəyyən edilə bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə ayrı-ayrı hallarda başqa tələblərin təmin edilməsinə üstünlük verilməsi qaydaları müəyyən oluna bilər.

Kredit idarələrində müəssisələrə, idarələrə, təşkilatlara, onların birliklərinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına, ictimai birliklərə açılan hesablardan tutmaq haqqında tələblərin təmin edilməsinin növbəliyi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur (13, 25, 34).

Maddə 445. Hökmün əmlak müsadirəsi hissəsinin icra edilməsinin növbəliyi

Məhkəmə hökmünün əmlak müsadirəsi hissəsi icra edildikdə, borclunun əmlakı, məhkumun əmlakına ibtidai istintaq orqanları və ya məhkəmə orqanları tərəfindən həbs qoyulmasına qədər əmələ gəlmiş, borcluya təqdim edilmiş bütün tələblər təmin edildikdən sonra realizə olunur.

Aliment alınması haqqında və şikəst etmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailə dolandıranın ölümü ilə vurulan ziyanın ödənilməsi haqqında tələblər məhkumun əmlakı üzərinə həbs qoyulduqdan sonra əmələ gəldiyi halda da təmin edilir (13).

Maddə 446. Məhkəmə icraçısı tərəfindən tərtib edilən hesablaşma

Bir neçə tələbkar mövcud olduqda və bütün tələbləri tamamilə ödəmək üçün borcludan alınmış məbləğ kifayət qədər olmadıqda, məhkəmə icraçısı tələbkarlar arasında pulun bölüşdürülməsi barədə hesablaşma tərtib edir və onu xalq hakiminin təsdiqinə verir.

Məhkəmə icraçısının hesablaşmasını təsdiq etmək və ya dəyişdirmək haqqında hakimin qərardadından xüsusi şikayət və ya protest verilə bilər.

Qırx üçüncü fəsil. Məhkəmə qətnaməsi icra edilərkən tələbkarın, borclunun və sair şəxslərin hüquqlarının müdafiəsi

Maddə 447. Məhkəmə icraçısının hərəkətlərindən şikayət və protest verilməsi

Məhkəmə icraçısının qətnaməni icra etmək üzrə hərəkətləri haqqında və ya həmin hərəkətləri yerinə yetirməkdən imtina etməsi barəsində tələbkar, yaxud borclu tərəfindən şikayət, prokuror tərəfindən isə protest verilə bilər. Şikayət və ya protest, məhkəmə icraçısının hərəkəti etdiyi gündən və ya hərəkətin edilmə vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslərin bu hərəkət barəsində xəbər tutduqları gündən yeddi gün ərzində məhkəmə icraçısının olduğu məhkəməyə verilir.

Məhkəmə icraçısının hərəkətlərindən şikayət və protestlərə məhkəmə iclasında baxılır. Tələbkar, borclu və protest verən prokuror iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur.

Məhkəmə icraçısının hərəkətləri haqqındakı məsələ üzrə məhkəmə qərardadından xüsusi şikayət və ya protest verilə bilər.

Maddə 448. Qətnamə icra edilərkən sair şəxslərin hüquqlarının müdafiəsi

Məhkəmə icraçısı əmlak üzərinə həbs qoyarkən, əmlakın borcluya və sair şəxslərə məxsus olmasından asılı olmayaraq, əmlak üzərinə həbs qoyulmasının ləğvinə əsas olan qanunun pozulmasına yol verdikdə, həbsin ləğv edilməsi haqqında borclunun və həmin şəxslərin ərizələrinə, həmin Məcəllənin 447-ci maddəsi ilə müəyyən edilən qaydada məhkəmə tərəfindən baxılır.

Bu cür ərizələr, üzərinə həbs qoyulmuş əmlak realizə edilənə qədər verilə bilər.

Maddə 449. Realizə edilmiş əmlakın qaytarılması haqqındakı iddiaya baxılması

Tələbin yönəldilmiş olduğu əmlakın mənsubiyyəti ilə əlaqədar olan, mülki hüquq haqqında sair şəxslərin mübahisəsinə iddia icraatı qaydasında (əmlakın həbsdən azad edilməsi haqqındakı iddialar) məhkəmə tərəfindən baxılır.

Əmlakın həbsdən azad edilməsi haqqındakı iddialar istər mülkiyyətçilər və istərsə də borcluya məxsus olmayan əmlakın sahibləri tərəfindən verilə bilər.

Əmlakın həbsdən azad edilməsi haqqındakı iddialar borcluya və tələbkara verilir. Əmlak üzərinə, məhkəmə hökmünün əmlak müsadirəsi hissəsinə əsasən həbs qoyulmuşsa, məhkum və müvafiq maliyyə orqanı cavabdeh sifətində cəlb edilirlər.

Həbs edilmiş əmlak artıq realizə edilmişsə, iddia əmlakın verilmiş olduğu şəxslərə də verilə bilər.

Realizə olunmuş əmlakın qaytarılması haqqında iddia təmin edildikdə əmlakı əldə edən tələbkar və borclu arasında mübahisələrə iddia qaydasında məhkəmə tərəfindən baxılır.

Hakim, marağı olan şəxslərin məlumatlarından asılı olmayaraq, həmin Məcəllənin 448-ci maddəsinin birinci hissəsində göstərilən halları müəyyən etdikdə, əmlakın həbsini ləğv etməlidir.

Maddə 450. Qətnamənin icrasının dönüşü

İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraatın xitam edilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda, habelə iddia az miqdarda təmin edildikdə ləğv edilmiş qətnamə üzrə cavabdehdən iddiaçının xeyrinə əsassız alınmış bütün şeylər cavabdehə qaytarılmalıdır (qətnamənin icrasının dönüşü), əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyəri qaytarılmalıdır.

Maddə 451. Qətnamənin icrasının dönüşünə dair məsələnin birinci instansiya məhkəməsi tərəfindən həll edilməsi

Yenidən baxılmaq üçün işin verildiyi məhkəmə öz təşəbbüsü ilə icranın dönüşü haqqında məsələyə baxmalı və iş üzrə icraatın qurtardığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir.

İşə yenidən baxmış məhkəmə ləğv edilmiş qətnamənin icrasının dönüşü haqqındakı məsələni həll etməzsə, cavabdeh icranın dönüşü haqqında iddia müddəti ərzində həmin məhkəməyə ərizə verməyə haqlıdır. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur.

İcranın dönüşü haqqındakı məsələ üzrə məhkəmə qərardadından xüsusi şikayət və ya protest verilə bilər.

Maddə 452. Qətnamənin icrasının dönüşünə dair məsələnin kassasiya və ya nəzarət instansiyası məhkəməsi tərəfindən həll edilməsi

İşə kassasiya şikayəti və ya protesti üzrə, yaxud nəzarət qaydasında protest üzrə baxan məhkəmə, öz qərardadı və ya qərarı ilə mübahisəni qəti həll edirsə və ya iş üzrə icraatı xitam edirsə, yaxud iddianı baxılmamış saxlayırsa, qətnamənin icrasının dönüşünə dair məsələni həll etməli, yaxud da onu birinci instansiya məhkəməsinin həllinə verməlidir.

Aliment alınması haqqındakı işlər üzrə qətnamələr kassasiya qaydasında ləğv edildikdə icranın dönüşünə yalnız o zaman yol verilir ki, ləğv edilmiş qətnamə iddiaçının verdiyi yalan məlumata və ya onun təqdim etdiyi saxta sənədlərə əsaslanmış olsun.

Yuxarı məhkəmənin qərardadında və ya qərarında icranın dönüşü haqqında məsələ üzrə heç bir göstəriş yoxdursa, cavabdeh birinci instansiya məhkəməsinə müvafiq ərizə verməyə haqlıdır, məhkəmə bu ərizəyə bu Məcəllənin 451-ci maddəsindəki qaydalar üzrə baxır və həll edir.

Fəhlə və qulluqçuların əmək münasibətlərindən əmələ gələn, kolxoz üzvlərinin kolxozda əməyi ilə əlaqədar olan tələbləri üzrə pul məbləğinin alınması haqqında, əsərdən istifadə olunmasına görə, kəşfə, müəlliflik şəhadətnaməsi verilmiş ixtiraya görə, şəhadətnamə verilmiş səmərələşdirmə təklifinə və sənaye nümunəsinə görə müəlliflərə çatası haqqın alınması haqqında, aliment alınması haqqında, şikəst etmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailə dolandıranın ölümü ilə əlaqədar vurulan ziyanın ödənilməsi haqqında işlər üzrə qətnamələr, nəzarət qaydasında ləğv edildikdə, ləğv olunmuş qətnamə iddiaçının verdiyi yalan məlumata və ya onun təqdim etdiyi saxta sənədlərə əsaslanmışsa, icranın dönüşünə yol verilir (13).

Altıncı bölmə. Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin mülki-prosessual hüquqları. Xarici dövlətlərə verilən iddialar, xarici məhkəmələrin məhkəmə tapşırıqları və qətnamələri, beynəlxalq müqavilələr (12)

Maddə 453. Xarici vətəndaşların, xarici müəssisələrin və təşkilatların mülki-prosessual hüquqları

Xarici vətəndaşlar Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququna malikdirlər və Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər mülki-prosessual hüquqlardan istifadə edirlər.

Xarici müəssisələr və təşkilatlar Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququna malikdirlər və öz mənafelərini müdafiə etmək üçün mülki-prosessual hüquqlardan istifadə edirlər.

Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası vətəndaşlarının, müəssisələrinin və ya təşkilatlarının mülki-prosessual hüquqlarının xüsusi olaraq məhdudlaşdırılmasına yol verən dövlətlərin vətəndaşları, müəssisələri və təşkilatları barəsində cavab məhdudlaşdırmaları müəyyən edə bilər (34).

Maddə 454. Vətəndaşlığı olmayan şəxslərin mülki-prosessual hüquqları — 1978-ci il 13 yanvar tarixli fərmanla yeni redaksiyada

Vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququna malikdirlər və mülki-prosessual hüquqlardan Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər istifadə edirlər (9, 34).

Maddə 454-1. Xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, xarici müəssisələrin və təşkilatların iştirak etdikləri mübahisələr üzrə, habelə iştirakçılarından heç olmasa birinin xaricdə yaşadığı mübahisələr üzrə mülki işlərin Azərbaycan Respublikasının məhkəmələrinə aidiyyəti — 1978-ci il 13 yanvar tarixli fərmanla əlavə edilmişdir.

Xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, xarici müəssisələrin və təşkilatların iştirak etdikləri mübahisələr üzrə, habelə iştirakçılarından heç olmasa birinin xaricdə yaşadığı mübahisələr üzrə mülki işlərin Azərbaycan Respublikasının məhkəmələrinə aidiyyəti SSR İttifaqı qanunvericiliyi ilə, SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmayan hallarda isə bu Məcəllədə müəyyən olunmuş məhkəmə aidiyyəti qaydalarına əsasən müəyyən edilir (9, 34).

Maddə 455. Xarici dövlətlərə verilən iddialar. Diplomatik immunitet

Xarici dövlətə iddia verilməsinə, iddianın təmin edilməsinə və xarici dövlətin SSRİ-də olan əmlakına tələbin yönəldilməsinə, ancaq müvafiq dövlətin səlahiyyətli orqanlarının razılığı ilə yol verilə bilər.

Xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndələri və müvafiq qanunlarda və Azərbaycan Respublikasının beynəlxalq sazişlərində göstərilən sair şəxslər, ancaq beynəlxalq hüquq normaları ilə və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə müəyyən edilən həddə Azərbaycan Respublikası məhkəməsinin mülki işlər üzrə yurisdiksiyasına tabedirlər.

Azərbaycan Respublikasında xarici dövlətlər, onların əmlakı və ya xarici dövlətlərin nümayəndələri üçün həmin maddəyə əsasən təmin edilən məhkəmə toxunulmazlığı xarici dövlətdə Azərbaycan Respublikasının dövləti, onun əmlakı və ya Azərbaycan Respublikası dövlətinin nümayəndələri üçün təmin olunmadığı hallarda, Azərbaycan Respublikasının Nazirlər Kabineti və ya digər səlahiyyətli orqan bu dövlət, onun əmlakı və ya bu dövlətin nümayəndəsi barəsində cavab tədbirləri görülməsi üçün göstəriş verə bilər (12, 34).

Maddə 456. Xarici məhkəmələrin məhkəmə tapşırıqlarının icrası və Azərbaycan Respublikası məhkəmələrinin xarici məhkəmələrə tapşırıqlarla müraciət etməsi

Azərbaycan Respublikasının məhkəmələri ayrı-ayrı prosessual hərəkətlər etmək (çağırış vərəqələrini və sair sənədləri vermək, tərəfləri və şahidləri dindirmək, ekspertiza və yerində müayinə aparmaq və s.) haqqında xarici məhkəmələrin müəyyən edilmiş qaydada onlara verilmiş tapşırıqlarını icra edirlər. Aşağıdakı hallar istisna təşkil edir:

1) tapşırığın icrası Azərbaycan Respublikasının suverenliyinə zidd olduqda və ya Azərbaycan Respublikasının təhlükəsizliyi üçün qorxu törətdikdə;

2) tapşırığın icrası məhkəmənin səlahiyyətinə daxil olmadıqda.

Ayrı-ayrı prosessual hərəkətlərin edilməsi haqqında xarici məhkəmələrin tapşırıqları Azərbaycan Respublikasının qanunvericiliyi əsasında icra olunur.

Azərbaycan Respublikasının məhkəmələri ayrı-ayrı prosessual hərəkətləri icra etmək haqqında xarici məhkəmələrə tapşırıqlarla müraciət edə bilərlər.

Azərbaycan Respublikası məhkəmələrinin xarici məhkəmələrlə əlaqə qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə və Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə müəyyən edilir (12, 34).

Maddə 457. Xarici məhkəmələrin və arbitrajların qətnamələrinin icrası

Xarici məhkəmələrin və arbitrajların qətnamələrinin Azərbaycan Respublikasında icra edilmə qaydası Azərbaycan Respublikasının müvafiq müqavilələri ilə müəyyən edilir. Xarici məhkəmənin və ya arbitrajın qətnaməsi həmin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan etibarən üç il ərzində məcburi icra üçün təqdim oluna bilər (12, 34).

Maddə 458. Beynəlxalq müqavilələr — 1980-ci il 30 sentyabr tarixli fərmanla yeni redaksiyada

Azərbaycan Respublikasının beynəlxalq müqaviləsində mülki mühakimə üsulu haqqında Azərbaycan Respublikası qanunvericiliyindəki qaydalara nisbətən başqa qaydalar müəyyən edilən hallarda beynəlxalq müqavilənin qaydaları tətbiq olunur.

Azərbaycan Respublikasının beynəlxalq müqaviləsində həmin Məcəllədə nəzərdə tutulan qaydalara nisbətən başqa qaydalar müəyyən edilərsə, Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi barəsində də belə qayda tətbiq olunur (12, 34).

Bu Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli, 780-IQ nömrəli Qanununa görə qüvvədən düşmüşdür ( «VneshExpertService» LLC).


Azərbaycan Respublikasının
Mülki-Prosessual Məcəlləsinə
Əlavə № 1

İcra sənədləri üzrə tələb yönəldilə bilməyən əmlak növlərinin
Siyahısı

Şəxsi mülkiyyət hüququ üzrə borcluya məxsus olan və ya ümumi mülkiyyətdə onun payı sayılan, borclu və onun himayəsində yaşayan şəxslər üçün zəruri olan aşağıdakı növ əmlaklara və şeylərə icra sənədləri üzrə tələb yönəldilə bilməz:

1. Ev tikmək üçün bank tərəfindən verilmiş ssudanın tutulması hallarını çıxmaqla, borclu və onun ailəsi evdə daimi yaşayırsa, əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu şəxslərin yaşayış evi, həmin evin təsərrüfat tikintiləri və ya onun ayrı-ayrı hissələri.

2. Əsas məşğuliyyəti kənd təsərrüfatı olan şəxslərin yeganə inəyi, inək olmadıqda — yeganə düyəsi; nə inəyi, nə də düyəsi olmayan təsərrüfatlarda - yeganə keçisi, qoyunu və ya donuzu; kolxozçularda bundan əlavə — kolxoz nizamnaməsi ilə kolxoz təsərrüfatı üçün müəyyən edilmiş normanın yarısı həcmində qoyunlar, keçilər və donuzlar, habelə ev quşları (12).

3. Yeni yem yığılanadək və ya mal-qara örüşə çıxarılanadək mal-qara üçün lazım olan yem.

4. Əsas məşğuliyyəti kənd təsərrüfatı olan şəxslərdən — növbəti əkin üçün lazım olan toxum.

5. Borclu və onun himayəsində olan şəxslər üçün lazım olan ev avadanlığı, ev şeyləri və paltar:

a) hər bir şəxs üçün paltar: bir yay və ya payız paltosu, bir qış paltosu və ya kürk, bir qış kostyumu (qadınlar üçün iki qış paltarı), bir yay kostyumu (qadınlar üçün iki yay paltarı), hər bir mövsüm üçün bir baş geyimi (qadınlar üçün bundan əlavə yay üçün iki baş yaylığı və bir isti baş yaylığı və ya baş şalı), uzun müddət geyilmiş və qiymətini itirmiş digər paltar və baş geyimləri;

b) geyilmiş ayaqqabı, alt paltarı, işlədilmiş yataq ləvazimatı, mətbəx və süfrə şeyləri (qiymətli materiallardan qayrılmış, habelə bədii dəyəri olan şeylər istisna edilməklə);

v) mebel - hər bir şəxs üçün bir çarpayı və stul, bir ailə üçün bir stol, bir şkaf və bir sandıq;

q) bütün uşaq ləvazimatı.

6. Borclunun əsas məşğuliyyəti kənd təsərrüfatı olarsa, borclu və onun ailə üzvləri üçün yeni məhsul yetişənədək zəruri olan azuqə, qalan hallarda isə borclunun azuqəsi və yüz manatdan çox olmamaqla, aylıq əmək haqqının ümumi məbləği miqdarında pul.

7. Xörək hazırlamaq və ailənin yaşayış mənzilini qızdırmaq üçün isitmə mövsümü ərzində lazım olan yanacaq.

8. Məhkəmənin hökmü üzrə borclunun müvafiq fəaliyyətlə məşğul olmuq hüququndan məhrum edildiyi və ya inventardan peşə ilə qanunsuz məşğul olması üçün istifadə etdiyi hallar istisna olmaqla, borclunun peşə məşğuliyyətini davam etdirməsi üçün zəruri olan inventar (o cümlədən vəsaitlər və kitablar).

9. Borclu kooperativ üzvləri tərkibindən çıxarılmırsa, kooperativ təşkilatlarındakı pay haqları.

10. Borclunun kolxozçu həyətində və ya kənd təsərrüfatında fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların təsərrüfatında ümumi əmlakdakı payına tələb icra vərəqələri üzrə yönəldikdə, payın miqdarı, həmin əmlakdan aşağıdakılar çıxarıldıqdan sonra müəyyən edilir: həyətin və ya təsərrüfatın üzvlərinin yaşadıqları yaşayış evi və həmin evin təsərrüfat tikintiləri, növbəti əkin üçün zəruri olan toxum, bir iqnək, inək olmadıqda — bir düyə (kolxozçu həyətində kolxoz nizamnaməsi ilə müəyyən edilən normanın yarısı həddində, həmçinin qoyunlar, keçilər, donuzlar və ev quşları) və qalan mal-qara üçün zəruri olan yem (12).


Azərbaycan Respublikasının
Mülki-Prosessual Məcəlləsinə
Əlavə № 2

Münsiflər məhkəməsi haqqında
Əsasnamə

Maddə 1

Vətəndaşlar, əmək və ailə münasibətlərindən əmələ gələn mübahisələr istisna olunmaqla, onlar arasında baş vermiş hər hansı mübahisəni münsiflər məhkəməsində baxılmağa verə bilərlər.

Mübahisənin münsiflər məhkəməsində baxılmağa verilməsi haqqında müqavilə (münsiflər qeydiyyatı) yazılı formada bağlanmalıdır.

Maddə 2

Münsiflər məhkəməsi hər dəfə mübahisənin bütün iştirakçılarının xüsusi sazişi üzrə təşkil edilir.

Maddə 3

Münsiflər məhkəməsi tərəflərin mülahizəsinə görə hər tərəfin eyni miqdarı seçdiyi bir hakimdən və ya bir neçə hakimdən və tərəflərin ümumi seçməsinə görə bir hakimdən ibarət tərkibdə təşkil edilir.

Maddə 4

Aşağıdakılar münsiflər məhkəməsinin üzvü ola bilməzlər:

1) həddi-büluğa çatmamış şəxslər;

2) qəyyumluq və ya himayəçilik altında olan şəxslər;

3) məhkəmənin hökmü üzrə hökmdə göstərilən müddət ərzində məhkəmə və prokurorluq orqanlarında vəzifə tutmaq və ya vəkillik fəaliyyəti ilə məşğul olmaq hüquqlarından məhrum edilmiş şəxslər;

4) cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər.

Maddə 5

Mübahisəni münsiflər məhkəməsində baxılmağa vermək haqqında müqavilədə (münsiflər qeydiyyatında) aşağıdakılar göstərilməlidir:

1) tərəflərin adları, atalarının adları və familiyaları və onların yaşadıqları yerlər;

2) mübahisənin predmeti;

3) seçilmiş hakimlərin adları, atalarının adları və familiyaları;

4) mübahisənin həll edilmə müddəti;

5) müqavilənin tərtib edilmə yeri və vaxtı.

Maddə 6

İşin baxılması qurtarana qədər hakimlərin dəyişdirilməsinə yol verilmir. Tərəflər, hakimlərdən birinin işin nəticəsi ilə maraqlı olduğunu və müqavilə bağlanarkən, bu hal barədə onun xəbəri olmadığını sübut edərsə, o, sazişdən imtina etməyə haqlıdır.

Maddə 7

Hakimlərdən biri vəfat etdikdə, getdikdə və ya ağır xəstələndikdə, mübahisəni həll etməyi hakimlərin mövcud tərkibinə vermək və ya sıradan çıxmış hakimi seçmiş tərəfin təyinatı üzrə yeni hakim seçmək tərəflərin sazişindən asılıdır; bu barədə bütün qalan hakimlərin və tərəflərin imzaladığı münsiflər qeydiyyatının üzərində qeyd edilir.

Maddə 8

Münsiflər məhkəmələrində işlərə pulsuz baxılır.

Maddə 9

Mübahisəni münsiflər məhkəməsində baxılmağa vermək barədə müqavilə bağlamış vətəndaşlar, həmin Əsasnamənin 6-cı maddəsində göstərilən halları çıxmaq şərti ilə, münsiflər qeydiyyatı ilə nəzərdə tutulan müddət keçənə qədər ondan imtina etməyə haqlı deyildirlər.

Maddə 10

Münsiflər məhkəməsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində şərh edilmiş mühakimə icraatı qaydaları ilə əlaqədar deyildir. Lakin o, tərəflərin izahatlar vermək üçün məhkəməyə gəlməkdən boyun qaçırdığı halları çıxmaq şərti ilə, tərəflərin izahatlarını dinləmədən işi həll edə bilməz (34).

Maddə 11

Münsiflər məhkəməsi aşağıdakı hallarda baş tutmamış hesab olunur:

1) münsiflər qeydiyyatı ilə nəzərdə tutulan müddətin keçməsi nəticəsində;

2) hakimlərdən birinin imtina etməsi və ya onun kənarlaşdırılması nəticəsində (həmin Əsasnamənin 6-cı maddəsi);

3) işin icraatı zamanı tərəflərdən biri barədə cinayət işi başlamağa əsas verən və işin nəticəsinə təsir göstərə bilən hallar aşkar edilərsə;

4) tərəflərdən biri vəfat edərsə.

Maddə 12

Münsiflər məhkəməsinin qətnaməsi səs çoxluğu ilə qəbul olunur.

Maddə 13

Qətnamə yazılı formada şərh edilməklə, onda hökmən aşağıdakılar göstərilməlidir:

1) qətnamənin çıxarılma vaxtı, yeri və münsiflər məhkəməsinin tərkibi;

2) əsasında məhkəmənin hərəkət etdiyi münsiflər qeydiyyatı;

3) mübahisənin bütün iştirakçılarının adları, atalarının adları və familiyaları;

4) mübahisənin predmeti;

5) münsiflər məhkəməsinin öz nəticələrini çıxararkən əsaslandığı motivlər;

6) münsiflər məhkəməsinin qərarı.

Maddə 14

Qətnamə hakimlərin hamısı tərəfindən imzalanır. Hakimlərdən birinin imzadan imtina etməsi və xüsusi rəyi qətnamənin özündə qeyd edilir.

Maddə 15

Qətnamə məhkəmə iclasında tərəflərə elan edilir, həm də onlar qətnamənin özündə imza edirlər. Tərəf imzadan imtina etdikdə və ya üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlmədikdə, qətnamə ona elan edilmiş hesab olunur və sədr bu barədə qətnamədə qeyd edir.

Maddə 16

İşin baxılması quttardıqdan sonra münsiflər məhkəməsinin bütün icraatı, saxlanmaq üçün münsiflər məhkəməsinin olduğu rayonun (şəhərin) xalq məhkəməsinə verilir.

Maddə 17

Münsiflər məhkəməsinin könüllü icra edilməyən qətnaməsi xalq məhkəməsinin verdiyi icra vərəqəsinə əsasən məcburi surətdə icra edilə bilər.

Maddə 18

Hakim icra vərəqəsi verdikdə münsiflər məhkəməsi qətnaməsinin qanuna zidd olub-olmadığını və bu qətnamə çıxarılarkən həmin Əsasnamə ilə nəzərdə tutulan qaydaların pozulmasına yol verilib-verilmədiyini yoxlayır.

Maddə 19

Xalq hakimi icra vərəqəsini verməyi rədd etdikdə, rədd edilən gündən on gün müddətində xüsusi şikayət və ya protest verilə bilər.

Maddə 20

İcra vərəqəsini verməyi rədd etmək haqqında xalq hakiminin qərardadı qanuni qüvvəyə mindikdən sonra mübahisə, bu barədə maraqlı olan tərəfin ərizəsi üzrə məhkəmədə həll oluna bilər.


Azərbaycan Respublikasının
Mülki-Prosessual Məcəlləsinə dəyişiklik və
əlavələrin edildiyi fərman və qanunların
Siyahısı

1. 1966-cı il 23 iyun tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1966-cı il, № 12, maddə 88.

2. 1966-cı il 24 avqust tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1966-cı il, № 16, maddə 136.

3. 1968-ci il 22 mart tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1968-ci il, № 6, maddə 43.

4. 1968-ci il 22 mart tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1968-ci il, № 6, maddə 46.

5. 1973-cü il 19 yanvar tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1973-cü il, № 2, maddə 13.

6. 1973-cü il 18 iyun tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1973-cü il, № 12, maddə 107.

7. 1974-cü il 6 iyun tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1974-cü il, № 11, maddə 75.

8. 1977-ci il 28 mart tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1977-ci il, № 5-6, maddə 33.

9. 1978-ci il 13 yanvar tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1978-ci il, № 1-2, maddə 8.

10. 1978-ci il 21 iyul tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1978-ci il, № 14, maddə 140.

11. 1979-cu il 18 may tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1979-cu il, № 9-10, maddə 72.

12. 1980-ci il 30 sentyabr tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1980-ci il, № 19, maddə 190.

13. 1981-ci il 10 sentyabr tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, № 17, maddə 202.

14. 1981-ci il 2 oktyabr tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, № 19, maddə 218.

15. 1982-ci il 18 fevral tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1982-ci il, № 3-4, maddə 23.

16. 1982-ci il 23 sentyabr tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1982-ci il, № 18, maddə 163.

17. 1985-ci il 5 fevral tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1985-ci il, № 3, maddə 30.

18. 1985-ci il 25 fevral tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1985-ci il, № 4, maddə 40.

19. 1985-ci il 27 may tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1985-ci il, № 10, maddə 122.

20. 1985-ci il 14 noyabr tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1985-ci il, № 21, maddə 204.

21. 1985-ci il 13 dekabr tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1985-ci il, № 23-24, maddə 229.

22. 1986-cı il 17 noyabr tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1986-cı il, № 21-22, maddə 159.

23. 1987-ci il 20 mart tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1987-ci il, № 6, maddə 47.

24. 1987-ci il 6 noyabr tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1987-ci il, № 21, maddə 200.

25. 1987-ci il 29 dekabr tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1987-ci il, № 24, maddə 253.

26. 1988-ci il 22 mart tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1988-ci il, № 5-6, maddə 32.

27. 1990-cı il 17 aprel tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1990-cı il, № 8, maddə 54.

28. 1990-cı il 17 aprel tarixli fərman — Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1990-cı il, № 8, maddə 56.

29. 1990-cı il 30 iyun tarixli qanun — Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1990-cı il, № 13-14, maddə 172.

30. 1991-ci il 9 fevral tarixli qanun — Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, № 4, maddə 79.

31. 1992-ci il 7 aprel tarixli qanun — Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 7, maddə 170.

32. 1992-ci il 29 iyul tarixli qanun — Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 14, maddə 571.

33. 1993-cü il 10 fevral tarixli qanun - Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 3, maddə 90.

34. 1993-cü il 17 mart tarixli qanun — Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 11, maddə 329.

35. 1993-cü il 26 noyabr tarixli qanun — Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 23-24, maddə 673.

36. 1995-ci il 12 sentyabr tarixli qanun — Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 22, maddə 357.

37. 1997-ci il 7 fevral tarixli qanun — «Azərbaycan» qəzeti, 1 mart 1997-ci il, № 41.

38. 1999-cu il 2 aprel tarixli 648-IQD saylı qanun — «Azərbaycan» qəzeti, 23 aprel 1999-cu il, № 91.

39. 1999-cu il 2 aprel tarixli 649-IQD saylı qanun — «Azərbaycan» qəzeti, 23 aprel 1999-cu il, № 91.

40. 1999-cu il 5 oktyabr tarixli 706-IQD saylı qanun — «Azərbaycan» qəzeti, 12 oktyabr 1999-cu il, № 234.


© VneshExpertService LLC